XƏBƏRLƏR
İqtisadiyyat
Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi və onun real sektora transformasiya edilməsi məqsədilə aparılan iqtisadi islahatlar, öz növbəsində ölkənin bank sektorunun yenidən qurulmasını şərtləndirir. Yeni iqtisadi mühütdə banklar bazarı daha yaxından hiss edən, onun tələblərini hər kəsdən tez müəyyən etməyi bacaran, analitik bir mərkəzə çevrilməli və real investor kimi fəaliyyət göstərməlidirlər.
Məhz bu prinsipləri öz fəaliyyətinin əsasına qoyan bank sistemi ilə ölkələrdə iqtisadiyyatın sürətli inkişafına nail olmaq mümkündür. Bütün hallar üçün iqtisadiyyatın yüksəlişi, məhz bank sektoru tərəfindən fasiləsiz pul və kapital dövriyyəsinin təmin edilməsindən, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, dövlətin və əhalinin kreditləşməsinin yüksək səviyyədə təşkil edilə bilməsindən asılıdır. Real olan budur ki, banklar əhalinin və müəssisələrin sərbəst vəsaitlərini, habelə digər sərfəli mənbəələrdən vəsaitləri cəlb edib, onları müxtəlif sahələr arasında yenidən bölüşdürərək, bütövlükdə inkişafın lokomotivi rolunu öz üzərlərinə götürməlidirlər. Belə mühüm vəzifələri müstəqilliyimizin ilk illərində yaranmış, lakin bu gün zəruri nizamnamə kapitalını belə formalaşdırmaqda aciz olan banklarla etmək təbi ki, mümkün deyil. Bu səbəbdən də son illər ərzində ölkənin bank sektorunda aparılan islahatlar bu qəbildən olan zəif bankların bağlanması ilə nəticələnir. Prosses təbidir və bütövlükdə ölkədə aparılan iqtisadi islahatların ruhuna tam uyğundur.
Bu gün “Günay Bankın” bağlanmasından faciə düzəltməyə çalışan iqtisadçılar məsələyə dar deyil, geniş bir prizmadan baxsalar, bu daha düzgün olar. Bizə nizamnamə kapitalını tam formalaşdıra bilməyən, məcmu kapitalının adekvatlıq əmsalının təmin olunmasında davamlı çətinliklər yaşayan, zəif banklar lazım deyil. Belə zəif bankların bundan sonrakı fəaliyyətlərinin kökündə də yalnız yüksək zəmanətə söykənən və yüksək faizlərlə müşayət olunan istehlak kreditlərindən başqa heç nə dayanmayacaq. Bizə isə həm vətəndaşlarımız üçün və həmdə biznes üçün normal səviyyədə kredit paketləri təklif edə bilən güclü banklar lazımdır. Kapital çatışmazlığı və real sektorla işləmək təcrübəsinin olmaması səbəbindən, gerçək investisiya layihələri ilə işləmək istəməyən belə zəif banklar, ölkənin bank sektorunun inkişafınının və bu sektorun güclənərək iqtisadiyyata üz tutmasının qarşısında bir əngəldirlər. Bu səbəblərdən də onların bağlanması tam təbidir.
Hesab edirəm ki, “Günay Bankın” bağlanmasından siyasi məqsədlər üçün istifadə etməyə köklənmiş siyasi-iqtisadçılar bu reallıqları diqqətdən qaçırmamlıdırlar.
Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor