logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Prezident korrupsiyaya qarşı o qanunu imzaladı

Prezident korrupsiyaya qarşı o qanunu imzaladı

16/04/2025

3 dəq. oxu

Sabiq nazir: "Nə qədər ki, "bu bahalı maşını haradan almısan, bu villanı hansı pullarla tikdirmisən" suallarını verib hesabat soruşmayacağıq..."

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib. Prezident İlham Əliyev bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.

Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.

Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.

Sözügedən qanuna əlavə edilən yeni maddəyə əsasən isə orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.

Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, korrupsiyaya qarşı mübarizə yolunda bütün vasitələrdən istifadə olunmalıdır: “Korrupsiyanın kökünü kəsmək mümkün deyil, lakin düzgün qurulmuş mexanizmlərlə onu minimum həddə endirmək olar. Azərbaycan korrupsiya hallarına bir qayda olaraq büdcə pullarının istifadə edilməsi zamanı yol verilir. Tenderlərin formal keçirilməsi, onları keçirərkən şəffaflığın təmin edilməməsi büdcə pullarını əldə edən dələduzlar və cəmiyyətin antipodları üçün ən yaxşı fürsət hesab olunur. Bu pulları belə əyri yollarla əldə edən oğrular sonradan cəmiyyətdə öz təmtəraqlı həyat tərzləri ilə seçilməyə, hamıya yuxarıdan aşağıya baxmağa başlayırlar. Bu oğrular hakimiyyətlə xalq arasında narazılıq yaradan əsas zümrələrdən biridir. Biz nə qədər ki, belə yaramazlardan "bu bahalı maşını haradan almısan, bu bahalı villanı hansı pullarla tikdirmisən" suallarını verib onlardan hesabat soruşmayacağıq, onlar da öz bildiklərini edəcəklər.

Təbii ki, bütün bunların fonunda “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna müvafiq dəyişikliklərin edilməsi pozitiv bir addım kimi dəyərləndirilməlidir. Bu dəyişikliklər əslində vətəndaşları ölkədə baş verən korrupsiya hallarına qarşı mübarizəyə səsləyir və belə halları aradan qaldırmaq üçün ictimai nəzarətin imkanlarından istifadəyə yol açır. İnsanlarımız başa düşməlidir ki, bu dövlət bizim hər birimizindir, onun kökünə zərbə vuran nə varsa hər birimiz buna qarşı mübarizə aparmalıyıq. Belə olanda dövlət daha güclü olur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə