Altı ay öncə Bakıda və Abşeron yarımadasında yağan güclü yağıntılar şəhərdə ciddi fəsadlara səbəb olmuşdu. Yaşayış evləri, avtomobil tunelləri və yol qovşaqları suyun altında qalmış, tunellərin birində isə faciəvi hadisə yaşanmışdı – rəsmi məlumata əsasən, həmin vaxt yağış suyu ilə dolan tunellərin birində iki nəfər həyatını itirmişdi. O zaman paytaxta düşən yağıntının miqdarı normadan 3 dəfə çox olmuşdu. Təəssüf ki, bu gün də bənzər hava şəraiti yenidən müşahidə olunur. Güclü yağıntı nəticəsində Bakının bir sıra küçə və prospektlərini, həmçinin körpüləri su basıb, şəhərin bəzi hissələrində nəqliyyatın hərəkəti çətinləşib. Fövqəladə Hallar Nazirliyinin çevik müdaxiləsi nəticəsində bu dəfə ciddi faciə qeydə alınmayıb.
Moderator.az-a danışan sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib ki, Bakıda bu gün yağışdan sonra yaranmış acınacaqlı mənzərə heç kimi təəcübləndirmir:
“Yəni Bakı təbiətin hər hansı bir şıltaqlığına heç bir formada hazır deyil. Sual olunur – nədən normadan bir qədər artıq qar və ya yağış yağanda şəhər hər dəfə aciz duruma düşür? Belə vəziyyətlərə hazır olmamağımızın günhı kimdədir? Biz bu günhakarları yalnız bu gün vəzifə başında oturanların arasında axtarmamalıyıq. Uzun illər şəhəri idarə edib, yollar və kommunikasiyalar çəkmiş, körpülər və tunellər salmış keçmiş vəzifə sahibləri də bu məsələlərdə sorumlu olmalıdırlar. Əgər normadan bir qədər artıq yağan yağışla bir tunel su ilə dolub daşırsa, bu tunelin tikintisinin üzərindən neçə ilin keçməsindən asılı olmayaraq, onu inşa edənləri tapıb onlardan hesab sormaq lazımdır”.
F.Yusifov vurğulayıb ki, vaxtılə müstəqil bir qurum kimi fəaliyyət göstərmiş Nəqliyyat nazirliyinin xətti ilə Bakı şəhərində tikilmiş tunellər, yeraltı keçidlər, asma körpülər indi bərbad vəziyyətdədir:
“Çünki bu layihələrə ayrılan pulların böyük bir hissəsi dağıdılaraq mənimsənilmiş və o səbəbdən layihələr çox aşağı keyfiyyətlə icra olunmuşdur. Bakı şəhərində mövcud olan və həmin dövrdə inşa edilmiş yeraltı keçidlərin demək olar ki, heç biri mövcud standartlara uyğun tikilməyib, onlarda elavatorların 90%-dən çoxu işləmir və s. Həmin layihələrə dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaitlər hesabına belə bir “xidmət” obyektləri tikmiş yaramaz məmurlar isə indi sakitcə oturub oğurladıqları pulları idarə edirlər”.
Mehin Mehmanqızı