logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Sabiq nazir Əli Kərimlini ifşa etdi - Milyonlarla dollar vəsaitləri haradan və necə alıb?

Sabiq nazir Əli Kərimlini ifşa etdi - Milyonlarla dollar vəsaitləri haradan və necə alıb?

19/05/2023

4 dəq. oxu

44 günlük Qarabağ savaşında Azərbaycanın qazandığı böyük qələbə bir dövlət kimi onun nüfuzunu dünyada yüksəklərə qaldırdı, bu savaşla torpaqlarını 30 illik işğaldan azad etmiş Azərbaycan dövləti dünya siyasət meydanında çox böyük söz sahibinə çevrildi. Əldə edilmiş bu möhtəşəm qələbədən sonra xarici düşmənlərimizin dəyirmanına su tökən, sapı özümüzdən olanlar bir qədər də “aktivləşdilər”.

Hakimiyyətin uğurlarına hər vəchlə kölgə salmağa çalışan bu boşboğazlara çox haqlı olaraq heç bir əhəmiyyət verməyən  Azərbaycan Prezidenti isə dövlətimizin iqtisadi, siyasi, hərbi qüdrətinin artması üçün yorulmadan çalışmaqdadır. Görülən işlər nəticə ilə ölçülür. Nəticələr isə göz qabağındadır. Onların yatıb yuxusunda belə görmədiklərini İlham Əliyev etdi və etməkdə davam edir. Nə oldu? Bəs deyirdilər İlham Əliyev Qarabağ məsələsini həll etsin, biz onun ömürlük prezident olmasına da razıyıq, Şuşanı alsın, gedib onun qapısında qulluqçu olub qapısını açıb örtəcəyik! Nə oldu, nə tez unutdular bu dediklərini?

Bu gün Qarabağda bizdən asılı olmayan səbəblərdən açıq qalmış məsələlər də addım-addım öz həllini tapır. Bütün bunlar düşmən dəyirmanına su tökən bəzi yaramazların reallıqları görmək istəməyən gözləri qarşısında baş verir. Onlar çox yaxın zamanda indiki reallıqları görmək istəməyən gözlərini açıb, Qarabağ bölgəmizdə heç bir problemin qalmadığını görəcəklər. Bu gün ölkə Prezidentinin bu istiqamətdə açdığı bütün yollar o hədəfə doğru aparır və o hədəfə çatmağımıza elə də çox qalmayıb. Əslində həmin boşboğazlar bunu hər kəsdən yaxşı bilir və görürlər. Görək onda nə deyəcəklər? O zaman da onlar özlərinə məxsus “siyasi əxlaqla” yenə şər, böhtan danışmaq xatirinə nəsə, nələrsə “tapacaqlar”. Tapın, tapın, yaxşı atalar sözümüz var: “Dəyirman öz işini görür, çax-çax baş aparır”.

Vaxtilə cəbhə-müsavat hakimiyyətinin başında oturub ölkəni beş ballıq qiymət sistemi ilə mənfi iki qiymətdən də aşağı bir səviyyədə idarə edənlər (əgər buna idarəçilik demək mümkündürsə) indi Prezident İlham Əliyev hakimiyyətini korrupsiyada ittiham edir və “rüşvətsiz, korrupsiyasız cəbhə hakimiyyətindən danışırlar”. Elçibəy hakimiyyəti dövründə dövlət katibi kimi mühüm bir vəzifə sahibi olmuş Əli Kərimli bu günlərdə özünün sosial şəbəkə hesabında bu barədə gəlişi gözəl fikirlər səsləndirib, hakimiyyəti korrupsiyada ittiham edib. İndiki hakimiyyəti korrupsiyada ittiham edən bu bəy, cəbhə dövründə çalışanlara “mələk donu” geyindirir. Əli Kərimli bu yalanlarla kimlərisə aldatmağa çalışsa da, o dövrün əsl reallıqlarının tam başqa olduğunu özündən yaxşı bilən yoxdur. Mən onların hakimiyyəti dövründə ölkənin maliyyə nazirinin birinci müavini vəzifəsində çalışırdım. Cəbhənin üzvü olmasam da, bir mütəxəssis kimi bu vəzifəyə məni onlar dəvət etmişdilər. Tam məsuliyyətlə deyirəm, onların dövründə dövlət idarə olunmurdu və bu səbəbdən də ölkə bir ilin ərzində uçrumun kənarına qədər gəlib çıxdı. Ölkənin hər yerində rüşvət və korrupsiya baş alıb gedirdi.

Əli Kərimli Əbülfəz Elçibəyin paklığından danışmasın, özünün və özü kimi yüksək vəzifə başında oturmuş onlarla cəbhəçinin, müsavat üzvünün çirkin əməllərindən danışsın. Onların hakimiyyətdə olduğu dövrdə ölkənin bütün qurumlarında rüşvət baş alıb gedirdi. Azərbaycana dövlət səviyyəsində gətirilən taxılın, unun və digər ərzaq məhsullarının və başqa malların alışı, satışı zamanı ağılasığmaz oğurluqlar edilirdi. Müdafiə naziri kabinetində bir boş televizor qutusu qoyub, yanına gələnlərdən ora “ianə atmasını” xahiş edirdi. Heç bir təşkilatda uçot-hesabat yox idi.  Onların hakimiyyəti 1992-ci ilin dövlət büdcəsini Parlamentdə təsdiq etmədən bir il büdcə təşkilatlarının “gözüyumulu” maliyyələşdirilməsinə şərait yaratdmışdı. Maliyyəçilər bunun nə demək olduğunu çox yaxşı bilirlər. Dövlət idarəçiliyində yaratdıqları bu özbaşınalıqlar fonunda hakimiyyətə gətirdikləri, tamahı başından aşan iri ranqlı məmurlar ölkəni talan edirdilər. Biz ölkənin Maliyyə Nazirliyində demək olar ki, hər gün bu talanların qarşısını necə almağın yollarını axtarmaqla məşğul idik. Bütün bu dediklərimin möhrünü Əbülfəz Elçibəy 1993-cü ilin əvvəllərində, indiki Səbayıl Rayon İcra Hakimiyyətinin binasında keçirilən Xalq Cəbhəsinin toplantısında vurdu. O zaman cəbhənin bu toplantısına maliyyə naziri Saleh Məmmədovun istəyi ilə qatılmışdım. İslam İnkişaf Bankının rəhbəri Azərbaycana səfərə gəldiyindən, cəbhənin toplantısına S.Məmmədovun əvəzinə mən getmişdim. Bu, dünya tarixində analoqu olmayan bir toplantı - əsl “komediyalar aləminə bir səyahət idi”. Vaxtilə cəbhəçilərlə bir yerdə meydanlarda olmuş, lakin hakimiyyətdə vəzifə ala bilməyən cəbhə üzvləri bu toplantıda yerindən qalxaraq qışqıra-qışqıra danışır və Əbülfəz Elçibəyə od püskürürdülər. Onlar işsiz, imkansız olduqlarını deyir, cəbhənin hakimiyyətə gətirdiyi iri ranqlı məmurların ünvanına söyüşlər yağdırırdılar və vəzifə başında oturan məmurların milyonçu olduqlarını dilə gətirirdilər. Vəziyyətin gərginliyini görən Ə.Elçibəy müzakirələrə qoşuldu. O, hakimiyyətdə yüksək vəzifə alanlara müraciət edərək belə dedi: “A bəylər, meydanlarda bizimlə çox adamlar mübarizə aparıb, ancaq mən onların hamısına vəzifə verə bilmərəm axı – sizlər rüşvəti kisə ilə alırsınız, zəhmət çəkib onlara da əl tutun”. Mən yerimdə donub qalmışdım - sözün bitdiyi yer idi…

İndi İlham Əliyev hakimiyyətini korrupsiya və rüşvətdə ittiham edən Əli Kərimlinin yadına bu gerçəkləri saldım ki, hakimiyyətin ünvanına şər-şamata ilə dolu çıxışlar edəndə, hərdən çevrilib keçmişinə də baxasın – bunun ona faydası olar! Unutmasın ki, ortada şəxsi ilə bağlı çox sorular var… Məsələn, onlardan ən sadəsini soruşmaq istəyirəm: "Əli Kərimli özünü hakimiyyətə müxalif hesab edir. Bildiyimiz qədər gəlir mənbəyi də yoxdur. Yaxın vaxtlara qədər 8 cangüdəni hansı pullarla saxlayırdı? İstəyi olarsa, milyonlarla dollar vəsaitləri haradan və necə aldığını yadına sala bilərəm. O dövrün maliyyə naziri kimi, mən ölkədə baş verən hər maliyyə olayından xəbərdar idim. Əli Kərimli, ağıllı olun, keçmişi “unuda”  bilərsiniz, ancaq onu silməyə gücünüz yetməz!!!”

Fikrət Yusifov

sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor