logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Çin Zəngəzur dəhlizi üçün Ermənistana və İrana təzyiq edə bilər(?)...

Çin Zəngəzur dəhlizi üçün Ermənistana və İrana təzyiq edə bilər(?)...

16/04/2025

2 dəq. oxu

Fikrət Yusifov: “Pekinin İrəvana müəyyən təzyiq imkanları vardır”

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, biz oturub Ermənistanı gözləyə bilmərik:

“Biz İran tərəfi ilə bu ölkənin ərazisindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Ermənistandan yan keçən marşrut üzərində çalışırıq. Avtomobil yolu hissəsi artıq hazırdır. İndi orada körpü inşa edilir. İran tərəfi ilə dəmir yolu hissəsinə dair danışıqlar gedir. Azərbaycan və İran öz aralarında razılığa gəlməlidirlər, çünki Ermənistan bu hissədə bizə maneə törədir. Biz oturub gözləyə bilmərik. Biz Ermənistandan yan keçəcək marşrutu inşa etməyə dair razılığa gəldik. Onlar isə regionda dalan olmaqda davam etsinlər. Beləliklə, praktiki baxımdan bizim ikitərəfli gündəliyimizin vacib amili olacaqdır. Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır. Çin bizim 4 il sədrlik etdiyimiz Qoşulmama Hərəkatının üzvüdür. Beləliklə, bu, çoxşaxəli münasibətdir, olduqca güclüdür və böyük gələcək potensialı var”.

Burada Prezident əslində belə bir perspektivə işarə vurdu ki, Çin Zəngəzur dəhlizi üçün İrana və Ermənistana təzyiq göstərə bilər. Çünki Zəngəzur dəhlizinin açılması Çinin Orta Dəhliz marşrutu üçün çox əhəmiyyətlidir. Ona görə ki, Zəngəzur dəhlizi Orta Dəhlizin imkanlarını daha da genişləndirə bilər.

“Ermənistan İran üzərindən dəhliz açıldıqdan sonra Zəngəzur dəhlizinin açılmasına razılıq versə belə...”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistan Zəngəzur dəhlizinin açılmasını uzatmaqla bir dövlət kimi özünə intihar edir. Bu, gerçəkdən belədir. Ağır demoqrafik durumda olan bu qondarma dövlətin daha bir ciddi problemi insanların Ermənistanı kütləvi şəkildə tərk etməsidir. Məsələyə bir qədər dərindən baxsaq, bu gün Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasını yubatması bütövlükdə bizim üçün daha faydalıdır. Ermənistanın düşdüyü dalandan çıxmasının yeganə yolu regional əməkdaşlıqdan keçir. Bu əməkdaşlığın əsas oyunçuları isə qonşuluqda olan Azərbaycan və Türkiyədir. Zəngəzur dəhlizinin açılması Ermənistanın boğulmaqda olan iqtisadiyyatına nəfəslik vermək qədər vacibdir. Əgər Ermənistan rəhbərliyi bunu anlaya bilmirsə, bu o deməkdir ki, yaxın gələcəkdə Cənubi Qafqazda belə bir dövlət olmayacaq. Azərbaycan onsuz da bu yolun açılmasına nail olacaq. İran hökuməti ilə razılaşdırılma əsasında Orta yolun açılması ilk növbədə İrana və Azərbaycana dividendlər gətirəcək. Ermənistan İran üzərindən dəhliz açıldıqdan sonra Zəngəzur dəhlizinin açılmasına razılıq versə belə, artıq şərtlərin onun üçün daha ağır olacağının fərqində olmalıdır. Azərbaycan-Çin münasibətləri, Çin-İran münasibətləri dəhlizin İran üzərindən asanlıqla açılacağına heç bir şübhə yaratmır. Ancaq Pekinin Ermənistana müəyyən təzyiq imkanları vardır. Sadəcə, Cənubi Qafqaz coğrafi baxımdan Çindən bir qədər aralıda yerləşdiyi üçün Pekin buna getmir. Həmçinin Çin bölgədə alternativlərin olmasının fərqindədir. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolundan gedir. Eyni zamanda Çin Gürcüstanda dərin sulu Anakli limanının tikintisində fəal iştirak edir. O üzdən, Çin bu məsələdə təmkinli siyasət yeridir”.

Vidadi ORDAHALLI

Original mənbə