logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İqtisadi və maliyyə müstəqilliyi Azərbaycanın Cənubi Qafqazda açar dövlət statusunu möhkəmləndirir - Ekspert rəyi

İqtisadi və maliyyə müstəqilliyi Azərbaycanın Cənubi Qafqazda açar dövlət statusunu möhkəmləndirir - Ekspert rəyi

13/01/2026

2 dəq. oxu

İqtisadi baxımdan müstəqil olan ölkə siyasi müstəvidə də müstəqil davranış nümayiş etdirir və nəticə etibarilə söz sahibinə çevrilir. Bu gün Azərbaycan məhz bu xüsusiyyətləri ilə regionda seçilən dövlətdir.


Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov deyib.


Onun sözlərinə görə, Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun cəmi 6 faizi səviyyəsində olması ölkənin maliyyə dayanıqlılığının əsas göstəricilərindəndir. Bu göstəricilər Azərbaycanın iqtisadi və maliyyə müstəqilliyini açıq şəkildə nümayiş etdirir.

Fikrət Yusifov qeyd edib ki, məhz bu iqtisadi və maliyyə gücü nəticəsində Azərbaycanla regionda bütün aktorlar hesablaşır və ölkəmiz Cənubi Qafqazın açar dövləti statusuna yüksəlib. Azərbaycan həm iqtisadi, həm maliyyə, həm də hərbi baxımdan regionun ən güclü və ən seçilən dövlətlərindən biridir.

İqtisadçı ekspert bildirib ki, güclü iqtisadi baza və maliyyə dayanıqlılığı fonunda formalaşdırılmış müasir və qüdrətli ordu Azərbaycanın təhlükəsizlik arxitekturasını möhkəmləndirir və regionda güc balansını müəyyən edən əsas amillərdən birinə çevirir. Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hər hansı qlobal və ya regional layihənin icrası real deyil.


Ekspertin fikrincə, ABŞ, Avropa İttifaqı və Çin kimi aparıcı qlobal güc mərkəzlərinin son illərdə Azərbaycana marağının artması və ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsi də təsadüfi deyil: “Azərbaycan həm ABŞ-la, həm də Çinlə faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsində münasibətlər qurub və bu, ölkəmizin iqtisadi və maliyyə gücünün beynəlxalq miqyasda qəbul edilməsinin nəticəsidir. Əgər Azərbaycan bu iqtisadi və maliyyə gücünə malik olmasaydı, xarici borclardan və maliyyə asılılığından çıxış etmək mümkün olmazdı”.


Fikrət Yusifov sonda onu da bildirib ki, bu gün Azərbaycan artıq borc alan ölkə deyil, əksinə, digər ehtiyacı olan dövlətlərə maliyyə dəstəyi və kreditlər təqdim edən ölkədir. Bu isə Azərbaycanın iqtisadi və maliyyə gücünün, eləcə də beynəlxalq sistemdə etibarlı və söz sahibi aktor kimi mövqeyinin bariz ifadəsidir.


Orijinal mənbə