XƏBƏRLƏR
Dünya bazarında neftin qiyməti hər ötən gün artmağa davam edir.
Bu artım yalnız istehlakçıların gündəlik xərclərinə deyil, həm də ölkələrin iqtisadiyyatına ciddi təsir göstərir.
Qiymətlərin yüksəlməsi inflyasiyanı artırır, yəni malların və xidmətlərin qiymətləri ümumi səviyyədə qalxır və insanların satınalma qabiliyyətinə mənfi təsir göstərir.
Prezident İlham Əliyev də XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.
Dövlətimizin başçısı bununla bağlı deyib:
“Biz neft və qaza olan qiymətlərin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil”.
Prezident qeyd edib ki, biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, belə vəziyyətlərdə hasilatçı ölkələr öz neftini əvvəlkindən daha baha sataraq daha çox qazanc əldə edə bilirlər:
“Biz neft istehsal edən və onu dünya bazarlarında satan bir ölkəyik. İlk baxışda siyasi və hərbi müstəvidə baş verən konfliktlər fonunda neft qiymətlərinin kəskin artımı, neft hasilatçısı olan ölkələrə sərf edən bir hal olmalıdır.
Yəni belə vəziyyətlərdə hasilatçı ölkələr öz neftini əvvəlkindən daha baha sataraq daha çox qazanc əldə edə bilirlər. Lakin bir gerçək ortadadır ki, neft hasil edən ölkələr də bu məhsulun istehlakçısı olan ölkələri kimi dünya iqtisadiyyatının və onun maliyyə sisteminin bir parçasıdırlar.
Bu baxımdan, hasilatçı ölkələr də dünya iqtisadiyyatında və onun maliyyə müstəvisində sabitiyin olmasının tərəfdarıdırlar. Bu gün neftin bir barelinin qiymətinin 70-80 dollar arasında dalğalanması normal hal kimi dəyərləndirilə bilər. Lakin ABŞ, İsrail və İran hərbi qarşıdurması qiymətlərin kəskin artımına aparır və bu ciddi narahatçılıq doğuran bir haldır”.
O qeyd edib ki, hazırda Hörmüz boğazından hər gün dünya neft bazarına çıxarılan 20 %-ə qədər neftin qarşısı alınıb:
“Bazar bu qədər nefti uzun müddət ala bilməsə, neftin qiymətləri fantastik həddə qədər yüksələ bilər.
Bu isə bütövlükdə dünya iqtisadiyyatı üçün ciddi bir təhdid deməkdir. İş o yerə çatıb ki, müharibəni dayandırmaq istəməyən ABŞ Prezidenti neft bazarında yaranmış gərginliyi bir qədər azaltmaq üçün Birləşmiş Ştatların strateji ehtiyat kimi saxlanılan neftinin 172 milyon barelini satışa çıxartmaq göstərişi veribdir”.
Gülər Həsənli