XƏBƏRLƏR
"ABŞ İranda rəhbərliyin tam dəyişməsini istəyir".
Bunu Prezident Donald Tramp NBC kanalına verdiyi açıqlamada bildirib. Prezidentin sözlərinə görə, ABŞ ölkəyə rəhbərlik edə biləcək bir neçə namizədi nəzərdən keçirir.
“Biz gəlib hər şeyi təmizləmək istəyirik. Onların yaxşı liderinin olmasını istəyirik. Bu işi yaxşı görə biləcək bir neçə nəfər var”, - Tramp qeyd edib.
Bəs İran üçün indi ən optimal namizəd kim ola bilər?
“Cebheinfo.az”-a açıqlamasında iqtisad elmləri doktoru, professor, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, İran üçün hazırda ən optimal və legitim namizəd Məsud Pezeşkiandır.Onun sözlərinə görə, Pezeşkian İranda hamının qəbul edə biləcəyi şəxsdir:
“Pezeşkian İranda hamının qəbul edə biləcəyi namizədlərdəndir. Donald Tramp İranda rəhbərliyi dəyişmək istəyə bilər. Amma reallıqlar da var və bu reallıqlardan kənara çıxmaq mümkün deyil. Hazırda İranda real olaraq qəbul edilə biləcək, hamının tanıdığı və legitim hesab etdiyi namizəd Pezeşkiandır”.
F.Yusifov qeyd edib ki, bütün mövcud namizədlər arasında Pezeşkian daha çox ön plana çıxır:
“Namizədləri bir araya gətirsək, onların arasında Pezeşkiandan daha önəmlisi yoxdur. Baxın, indiyədək bir çox liderlər aradan götürüldü, hətta onların iqamətgahları belə vuruldu. Amma Pezeşkian açıq şəkildə küçələrdə gəzir və nə İsrail, nə də ABŞ ona qarşı hər hansı addım atır. Deməli, hardasa onun haqqında düşünür.
Trampın konkret olaraq hansı namizədləri nəzərdə tutduğunu demək çətindir. Onun başında nə var, ağlından nələr keçir, hansı planlarının olduğunu bilmirik. Amma ümumi gördüyümüz qiymətləndirmə ondan ibarətdir ki, hazırda İranda ən real və qəbul edə biləcəyi namizədlər Pezeşkian hesab olunur”.
Əfsanə Rəcəb