logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

28/05/2025

2 dəq. oxu

Fikrət Yusifov: “Neftin və qazın qiymətlərində baş verən azalmalar müsbət saldonun da azalmasına səbəb olub”

Azərbaycanın xarici ticarətində müsbət saldo 4 dəfədən çox azalıb. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon ABŞ dollarına bərabər olub. Bu da ötən ilin eyni dövrünə nisbətən çoxdur. Ötən ilin ilk dörd ayında bu rəqəm 13.6 milyard dollar olub.

DGK-nın dəyərləndirməsinə görə, son bir ildə ölkə üzrə ixrac 8 milyard 784.7 milyon dollar (7.5 faiz artım), idxal isə 8 milyard 132.9 milyon dollar (48.8 faiz artım) təşkil edib. Amma xarici ticarət dövriyyəsində 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.1 dəfə azdır. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycanın idxaldan asılılığı getdikcə artır.

Maraqlıdır, Azərbaycanın xarici ticarətində müsbət saldonun 4 dəfədən çox azalması nə ilə bağlıdır? Xarici ticarətimizdə müsbət saldo niyə hər il azalır?

“Bir başqa səbəb Neft Fondunun xaricdən qızıl idxalını artırması ilə bağlıdır”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra faktorlarla əlaqələndirdi: “Məsələ ondadır ki, xarici ticarət dövriyyəsində ötən illə müqayisədə baş verən azalmaların əsaslı səbəbləri mövcuddur. İlk öncə qeyd etmək lazımdır ki, bizim ixracımızın böyük bir kəsimi neft və qaza aiddir. Dünya bazarlarında son dövrdə neftin və qazın qiymətlərində baş verən azalmalar ticarət balansımızdakı müsbət saldonun da azalmasına səbəb olub. Məsələn, son 4 ayda neftin dünya bazarlarındakı qiymətləri 20 faizə qədər ucuzlaşıb. Digər tərəfdən, Azərbaycanda neftin hasilatı getdikcə azalır ki, bu da ixracın həcminə birbaşa təsir edir. Digər tərəfdən, bu ilin dörd ayında Azərbaycanın elektrik enerjisi ixracı azalıb. Əvvəlki illərdə elektrik enerjisi ixracı və onun ixrac qiyməti yüksək idi. Bir başqa səbəb Dövlət Neft Fondunun xaricdən qızıl idxalını artırması ilə bağlıdır. Bu da idxalın artmasında özünü göstərir. Ticarət balansında müsbət saldonun kəskin azalmasını şərtləndirən digər səbəblər sırasında ixrac məhsullarının qiymətlərində baş verən azalmaları, bəzi ixrac məhsullarının qiymətlərində isə əksinə, artımları da qeyd etmək lazımdır. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin 4 ayı ərzində idxalın həcminin kəskin artması da ticarət balansında müsbət saldonun azalmasının əsas səbəblərindən biridir”.

Vidadi ORDAHALLI

Original mənbə