logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

“Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib

“Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib

13/06/2025

5 dəq. oxu

15 iyun-Milli Qurtuluş Günü Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli kitabxana fililalının təşkilatçılığı ilə “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib. Tədbirin aparıcısı Səbail MKS-in 1 nömrəli kitabxana sisteminin baş kitabxanaçısı, “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” ictimai birliyinin sədri Susana Məmmədova qonaqları salamlayaraq öncəliklə Azərbaycanımızın xilaskarı, müstəqil dövlətimizin qurucusu, dahi şəxsiyyət ümumilli lider Heydər Əliyevin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sonra Ulu Öndərin Azərbaycanımız naminə xidmətlərindən bəhs edən qısa videofilm nümayiş olunub.

Film nümayişindən sonra Susana Məmmədova çıxış edərək qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan dövlətinin çiçəklənməsi, inkişaf etməsi istiqamətində gördüyü işlərdən danışmaq onun üçün bir qədər çətindir. Çünki tədbirdə iştirak edən qonaqların əksəriyyəti Ulu Öndərlə müxttəlif tədbirlərdə, toplantılarda yaxından təmasda olmuş, Heydər Əliyev məktəbində yer almış insanlardır və onlar Ulu Öndər haqqında daha çox məlumatlıdırlar:


“Buna baxmayaraq bir neçə kəlmə mən də qeyd etmək istərdim. Belə ki, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə problemlərdən hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi”.


Susana Məmmədova deyib ki, Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi:

“Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycan Xalqının Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi, 1997-ci ildən etibarən isə rəsmi bayram olaraq qeyd edilir”.


Tədbirdə çıxış edən, sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, vaxtı ilə Heydər Əliyev komandasında yer almış Fikrət Yusifov ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı, çiçəklənməsi istiqamətindəki xidmətlərindən danışıb. Sabiq nazir ümummilli liderlə eyni komandada çalışmaqdan məmnun olduğunu vurğulayıb və Heydər Əliyev siyasi təcrübəsi, bilik və bacarıqlarından çox şey öyrəndiyini diqqətə çatdırıb. Fikrət Yusifov bildirib ki, Heydər Əliyevlə hələ ümummilli lider Naxçıvanda olarkən görüşüb və maraqlı söhbətlər aparıb:

“Heydər Əliyev Naxçıvanda olarkən mən şəxsi təşəbbüsümlə, öz istəyimlə Muxtar Respublikaya getdim və Ulu Öndərlə bir neçə saatlıq görüşüm oldu. Respublikadakı vəziyyət, Azərbaycanın gələcəyi, mövcud olan problemlər və onların həlli ilə bağlı Heydər Əliyevin fikirlərini öyrənmək mənim üçün maraqlı idi. Həmin görüşdə mən Heydər Əliyevdən xahiş etdim ki, Siz Bakıya gəlib ölkəyə rəhbərlik etməlisiniz. Yaxşı xatirimdədir ki, Ulu Öndər cavabında belə bir fikir söylədi. “Mən mütləq qayıdacam”.

Sabiq nazir deyib ki, 1993-cü il, iyunun ölkəni bürüyən xaos, anarxiya, vətəndaş müharibəsinin qarşısını yalnız Ulu Öndər ala bilərdi və O da xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı bu təhlükələrdən, parçalanmadan xilas etdi:

“Heydər Əliyevin yenidən siyasi halkimiyyətə qayıdışı ilə Azərbaycanda siyasi sabitlik bərqərar olunmaqla yanaşı, iqtisadi inkişafa da zəmin yarandı. Tezliklə iqtisadi sahədə atılan məqsədyönlü addımlar, həyata keçirilən tədbirlər Ümumi Daxili Məhsulun artmasına, dövlət büdcəsində əsaslı artımın qeydə alınmasına rəvac verdi:

“Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu günkü inkişaf və tərəqqi, Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin gərgin əməyi sayəsində imzalanmış “Əsrin müqaviləsi” dayanır”.

Anar Əliyev

Original mənbə