logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?

İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?

12/06/2025

3 dəq. oxu

Sabiq nazir: “Sizin ipinizin üzərinə odun yığmaq çox riskli və təhlükəlidir” 

İranın dini lideri Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib ki, İran Zəngəzur dəhlizi yaratmaq cəhdinin qarşısını alıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Onun iddiasına görə, İran heç vaxt indiki qədər güclü, müstəqil və nüfuzlu olmayıb: “Bu gücün bariz əlamətlərindən biri də İranın Cənubi Qafqaz regionundakı böhrana tez və qətiyyətlə reaksiya verməsi idi”.

Vilayəti həmçinin bildirib: “Bəzi ölkələr Zəngəzur dəhlizinin yaradılması bəhanəsi ilə Naxçıvanı Azərbaycanla Ermənistan ərazisi ilə birləşdirməyə cəhd edəndə - mahiyyətcə bu layihə İran dəhlizinin Avropaya bağlanmasının qarşısını almaq idi - İran İslam Respublikası bu plana qarşı çıxdı və onun həyata keçirilməsinə mane oldu".

Onun sözlərinə görə, Cozef Baydenin özü də guya ABŞ prezidenti vəzifəsində olarkən dəhlizin işə salınması üçün hər şeyin hazır olduğunu etiraf edib, lakin bu layihənin həyata keçirilməsinə mane İran olub.

Vilayəti daha sonra vurğulayıb ki, Zəngəzur dəhlizinin son məqsədi təkcə İranı şimal istiqamətindən kəsmək deyil, həm də cənubdan Rusiya ətrafındakı halqanı mühasirəyə alıb bağlamaqdır.

Xamneyinin müşavirinin lovğalıqla dolu açıqlamasından belə qənaətə gəlmək olarmı ki, Zəngəzur dəhlizi məsələsi artıq bitib? Pekindən Londonadək uzanacaq Orta dəhliz layihəsinin bir hissəsi sayılan Zəngəzur dəhlizinin açılmasının birdəfəlik qarşısını almaq İranın gücündə olan bir məsələdirmi?

Bəllidir ki, Ermənistan Azərbaycandan-Azərbaycana keçidə razı olduğunu bəyan edir, sadəcə, yola nəzarət üstündə mübahisə qalmaqdadır, o halda İran liderinin müşaviri o nəticəyə necə gəlib ki, Zəngəzur dəhlizinin açılması mümkün olmayacaq? Madam ki, İran açıq mövqe sərgiləyir, bundan sonra Azərbaycanın diplomatik addımları necə olmalıdır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da qeyd etdi ki, İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı verdikləri bəyanatlar siyasi sərsəmləmədir: “Görünən budur ki, molla rejimi hakimiyyətdə rəsmilərin fəaliyyətini normal əlaqələndirə bilmir. Adamdan soruşarlar, sizin "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" dediyiniz nədir, Araz çayı üzərindən Zəngəzur dəhlizinin bir qanadının çəkilməsinə dair Azərbaycanın təklifini bəh-bəhlə qəbul etməyiniz nə? Bu razılaşma təşəbbüsü ortaya çıxan kimi iç üzünüz açıldı - qırmızı xəttiniz yadınızdan çıxdı. Zəngəzur dəhlizi ətrafında yol verdiyiniz sərsəmləmələr bir daha onu sübut edir ki, qonşularınızla münasibətlərdə səmimi ola bilmirsiniz. Əgər səmimi olsaydınız, dəhlizlə bağlı razılaşma əldə edildikdən sonra dilinizə belə sözlər gətirməzdiniz. Bir sözlə, sizin ipinizin üzərinə odun yığmaq çox riskli və təhlükəlidir. Bilin və agah olun, nə qədər çaba göstərsəniz də Zəngəzur dəhlizi mütləq açılacaq. Bir qədər də yanlışlara yol versəniz, dəhlizin İran üzərindən gedəcək xəttini təhlükəyə atmış olacaqsınız. İndi guya Zəngəzura Avropaya çıxış ərazisi kimi baxırsınız və oradan keçəcək dəhlizin sizin yolunuzu kəsəcəyini iddia edirsiniz. Bəs əgər keçən əsrin iyirminci illərində Sovet İttifaqının axmaq idarəçilərinin sərsəm qərarı ilə Zəngəzur Ermənistana verilməsəydi, onda Avropaya yolunuz haradan olacaqdı? Təbii ki, Azərbaycandan. O səbəbdən ağıllı olun! Sizinlə səmimi davranan qonşunuzla kirli oyunlar oynamağa qalxmayın. Onsuz da sivil dünya sizi təkləyib. Bu sıxıntılar içində özünüzə yeni bir quyu da qazmayın".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə