logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

"Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük enerji layihəsidir" - Fikrət Yusifov

"Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük enerji layihəsidir" - Fikrət Yusifov

14/02/2021

5 dəq. oxu

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclası ölkəmiz üçün taleyüklü növbəti bir hadisədir. Bu mühüm tədbir 10 il bundan öncə reallaşdırılmasına başlanılan Cənub Qaz Dəhlizi layihəsinin icrası tam başa çatandan sonra Məşvərət Şurasının ilk iclası kimi diqqət çəkir. Onu da qeyd edim ki, Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük enerji layihəsidir. Belə bir layihəni gerçəkləşdirmək Azərbaycanın neft-qaz strategiyasının uğurlu həllinin, ölkəmizin Qərbin on illər boyu arzuladığı bir kəməri yüksək səviyyədə reallaşdırmasının bariz göstəricisidir. Cənub Qaz Dəhlizi layihəsi bu gün Azərbaycanı enerji ixrac edən dövlət olmaqla yanaşı, həm də qaz nəqlini gerçəkləşdirən və tranzit ölkə kimi tanıdır. Eyni zamanda, bu layihənin həyata keçirilməsi regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizə böyük nüfuz qazandırır. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına, regionda sabitliyin təmin olunmasına ciddi təsir göstərir. Sözügedən layihənin əhəmiyyətini artıran səbəblərdən biri də layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin mənfəət əldə etməsi, yeni iş yerlərinin yaradılması və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərməsi ilə bağlıdır. Azərbaycan bununla da dünyada vədinə sadiq olan və lazım gələn hallarda iradəsini ortaya qoyub məqsədinə çatmağı bacaran bir dövlət imici yaratdı. Belə dövlətlərlə dünya siyasi müstəvisində hər bir tərəf hesablaşmağa məhkumdur. Bundan sonra biz yeni regional enerji layihələrinin reallaşdırılmasına heç bir çətinlik çəkmədən qərar verə biləcəyik. Çünki dövlətimiz təməli 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyulan Azərbaycanın enerji strategiyası çərçivəsində Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi nəhəng və eyni zamanda, reallaşdırılması son dərəcə mürəkkəb olan layihələri uğurla gerçəkləşdirə bildi. Cənub Qaz Dəhlizi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunan, daha sonra isə digər perspektiv yataqlardan çıxarılan qazı Avropa ölkələrinə çatdıracaq. Yeri gəlmişkən, xatırladaq ki, 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanan müqaviləyə əsasən həmin yataq Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyidir. Şübhəsiz ki, dövlət başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında qeyd etdiyi kimi, bu, yeganə mənbə olmayacaq. “Şahdəniz”in təbii ehtiyatları artıq hasil və ixrac olunur. Biz belə genişmiqyaslı layihələri uğurla icra etməklə, Qərbin bütün varlığı ilə istədiyi Xəzərin digər enerji resurslarının qoca qitəyə çatdırılması üçün, necə deyərlər, geniş qapı açmışıq. Heç şübhəsiz ki, gələcəkdə Türkmənistan və Qazaxıstan qazının Avropa bazarlarına ötürülməsi üzrə yeni transmilli layihələr də Azərbaycanın təşəbbüsü, rəhbərliyi və idarəçiliyi ilə gerçəkləşəcək. Bu isə o deməkdir ki, Azərbaycan Qərb üçün öz əhəmiyyətini daha da artıracaq, ölkəmizin dünya siyasi müstəvisində gücü isə daha çox diqqət çəkəcək. Yeri gəlmişkən, bu ən böyük enerji layihəsinin həyata keçirilməsi ilə bağlı bəzi məqamlara da diqqət yetirmək istərdim. Xatırladım ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində isə qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. Həmin il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib. 2020-ci ildə “Şahdəniz” yatağından – “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 18,1 milyard standart kubmetr qaz və təqribən 3,6 milyon ton (29 milyon barrel) kondensat hasil edilib. “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR), Gürcüstan (“GOGC” şirkəti) və Türkiyə (“Botaş” şirkəti) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Ötən il “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard dollardan çox əməliyyat və 942 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP qaz kəməri 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Ötən il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. İstismar dövründə TANAP vasitǝsilǝ Türkiyəyə nəql olunan təbii qaz hǝcmləri 8,4 milyard kubmetrə çatıb. TANAP Azərbaycanın Avropa İttifaqı ilə mövcud iqtisadi və siyasi əməkdaşlığının daha da inkişaf etməsinə verdiyi töhfə ilə Azǝrbaycanı Türkiyənin ikinci ən böyük qaz tədarükçüsü vǝ Avropa İttifaqının yeni qaz tədarükçüsünǝ çevirir. TANAP-ın 16 milyard kubmetr olan mövcud ötürücülük qabiliyyǝti əlavə investisiyalarla 31 milyard kubmetrə çatdırıla biləcək şəkildə layihǝlǝndirilib. Sonrakı illǝrdǝ Azərbaycanın digər qaz yataqlarından əldə edilə biləcək əlavə hasilatla Azərbaycan, xüsusilə, CənubiŞərqi Avropa ölkələri üçün əhəmiyyətli qaz tədarükçüsü olmağa namizəddir. Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor