logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Bakı və İrəvanın “gizli razılaşması”- 1066 km-dən cəmi 13-ü...

Bakı və İrəvanın “gizli razılaşması”- 1066 km-dən cəmi 13-ü...

06/05/2026

3 dəq. oxu

Sərhəd məsələsinin yaxın zamanlarda həll olunması real görünmür; Paşinyan hökumətinin ən çox hansı məsələ “yuxusunu ərşə çəkib”?

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana ötən həftə etdiyi səfər sərhədlərin müəyyənləşməsi ilə bağlı prosesin ləng getdiyini təsdiqlədi. Yada salaq ki, Azərbaycanın Ermənistanla sərhədinin uzunluğu 1066 kilometrdir. Bunun da cəmi 13 kilometri delimitasiya olunub. Demarkasiya çətin və vaxt aparan prosesdir. Çünki müxtəlif xəritələr var, bəzilərində bir sıra pozuntular var və s. Elə dövrlər olub ki, ermənilər qanunsuz olaraq sərhədi irəli çəkərək Azərbaycan ərazilərinə daxil olublar.

Ekspertlərə görə, Ermənistandakı daxili siyasi vəziyyətdə Nikol Paşinyan hökuməti də bu prosesin yubanmasında maraqlıdır. Bir məqamı da nəzərə almalıyıq ki, Ermənistanın Gürcüstanla sərhədləri tam delimitasiya olunmayıb. O üzdən, delimitasiyanın uzun vaxt aparacağına təbii yanaşmaq da olar. Ermənilərin yalançı hay-küyünə baxmayaraq, əvvəla, sərhədlərin delimitasiyası prosesi beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq aparılır və bu, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqedir. Amma razılaşaq ki, 2024-cü ildən bəri başlayan proses çox zəif gedir.

Ermənistandakı bəzi dairələr iddia edir ki, 2024-cü ildən bu günə qədər delimitasiya və demarkasiya çərçivəsində baş verən dəyişikliklər gizli saxlanılır. İddiaya görə, nəticədə ümumi hesabla təxminən 5,9 kvadrat kilometr ərazi Azərbaycanın, 0,5 kvadrat kilometrdən az ərazi isə Ermənistanın nəzarətinə keçib.

Gizli saxlanıldığı iddia olunan ərazi dəyişiklikləri iddiaları adətən siyasi manipulyasiya elementi olur. Delimitasiya prosesində kiçik sahələrin tərəflər arasında keçməsi normaldır, çünki sərhəd hüquqi əsasla “sıfırdan” müəyyənləşdirilir. Amma bu prosesin şəffaf olmaması ictimai etimadı azaldır və siyasi spekulyasiyalara zəmin yaradır.

Bəs bundan sonra nə olacaq? Delimitasiya olunan sərhədlərin uzunluğu artacaqmı, yoxsa yalnız sülh sazişi imzalanacağı halda bu proses sürətlənəcək?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, sərhədlərin dəqiqləşdirilməsi iki ölkə arasındakı münasibətlərdə ən mühüm məsələdir: “Bu gün bu delimitasiya zamanı ortaya çoxsaylı suallar çıxır ki, bu da prosesi bir xeyli zəiflədir. Bu ən azından ona görə baş verir ki, ermənilər zaman-zaman müxtəlif yollarla bizim bəlli sərhədlərimizə daxil olub, ərazilərimizi özününküləşdiriblər. Onlar bunu həm sovetlər dönəmində, həm də müstəqillik illərində ediblər. Məsələn, Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyib ki, Zəngəzur Ermənistana verilərkən Mehridən keçən dəhlizin eni 10 kilometrdən çox olmayıb. Ancaq bu gün həmin dəhlizin eni 45 kilometr uzunluqdadır. Bu nə deməkdir? Deməli, ermənilər tək bu sərhədlərdə deyil, digər sərhədlərimizdə də eyni oyunu oynayıblar. Ona görə sərhədlərin müəyyənləşdirilməsi istiqamətində bu gün aparılan işlər yetərincə mürəkkəbdir. Bu prosesin siyasi tərəfləri Ermənistanın indiki hakimiyyətini ciddi narahat edir. Çünki delimitasiya zamanı vaxtilə yağmalanmış və ermənilər tərəfindən Ermənistan torpaqları kimi tanınan ərazilər geri qaytarıldıqca, revanşistlər bundan Paşinyan hakimiyyətinə qarşı bir silah kimi istifadə edəcəklər. O səbəbdən, sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər zamanı aşkara çıxarılan faktlar hələlik ictimailəşdirilmir”.

Ekspert hesab edir ki, sərhədlərin dəqiqləşdirilməsi istiqamətində işlər Ermənistanda parlament seçkilərindən sonra sürətlə aparılacaq: “Çünki seçkilərdən sonra Azərbaycanla Ermənistan arasında paraflanmış sülh müqaviləsinin təsdiq olunması kimi mühüm bir məsələ öz həllini tapmalıdır”.

Cavanşir ABBASLI,
Musavat.com

Yazının mənbəyi