logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

DİQQƏT! Bakıda iş saatları DƏYİŞİR – GÖZLƏNTİ

DİQQƏT! Bakıda iş saatları DƏYİŞİR – GÖZLƏNTİ

13/06/2026

3 dəq. oxu

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Bunu deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.

"Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq". Deputat bildirib ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. V.Bayramov diqqətə çatdırıb ki, bu il dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi gözlənilir.

Bəs bu dəyişikliyin özü nəyi dəyişəcək?

Professor Fikrət Yusifov mövzu ilə bağlı Musavat.com-a deyib ki, yaranmış vəziyyətdə hökumətin atmaq istədiyi bu addım təqdirəlayiqdir: “Lakin bəzi məsələləri də diqqətdən qaçırtmaq lazım deyil. Məncə, bu addımın cari ilin sentyabr ayının 15-dən sonra atılması daha doğru olardı. İndi məktəblər bağlanıb və şəhərdə avtomobillərin hərəkəti bir xeyli yaxşılaşıb. Bu sırada bir başqa məsələ isə iş saatlarının çəkilmədən sürüşdürülməsi ilə bağlıdır. İsti ərəb ölkələrində yay aylarında müəssisələrdə iş axşam saat 16:00 radələrində başlayır. Bizdə isə istilik deyil, sıxlıq belə iş qrafikinə keçməyi zəruri edir. Hesab edirəm ki, bu addım yaranmış problemin həlli istiqamətində müəyyən töhfə verəcək”.

F.Yusifov hesab edir ki, atılan bu addımlar insanların vaxt itkisinin qarşısını almaq üçündür. “Lakin unutmayaq ki, məsələnin köklü həlli bununla bitməyəcək. Abşeron yarımadası hər il bura köçüb gələnlərin və ölkəyə gətirilən avtomobillərin hesabına getdikcə daha da sıxlaşır. Bir neçə ildən sonra indi dəyişmək istədiyimiz yeni iş qrafikləri də yaranacaq avtomobil tıxaclarının qarşısını ala bilməyəcək”,- deyə mütəxəssis vurğulayıb.

Professor əlavə edib ki, 2025-ci ildə Azərbaycana 114 min avtomobil gətirilib: “Bu qədər avtomobilin 104 minindən çoxu minik avtomobilidir ki, bu da ölkədəki 1 milyon 670 min minik avtomobillərinin 6,2%-i deməkdir. Ölkəyə gətirilən minik avtomobillərinin 70%-dən çoxu Abşeron yarımadasında və hər 100 maşından 60-a qədəri, yəni 60%-i Bakıda istifadə olunur. Bakıda rəsmi qeydiyyatdan keçmiş minik avtomobillərinin sayı 650 min olsa da gün ərzində hərəkətdə olan avtomobillərin sayı 1 milyondan çox olur. Beləliklə, tək Bakıda hər il mövcud minik avtomobil parkı 10% ətrafında böyüyür. Bu çox böyük bir artımdır. Ona görə şəhərdə avtomobillərin hərəkətinin nizamlanması istiqamətində atılan bütün addımlar bir neçə il üçün vəziyyəti yaxşılaşdıra biləcək. Bu problemin köklü həlli isə ölkənin yeni paytaxtının yaradılması ilə mümkün olacaq”.

Afaq Mirayiq,
Musavat.com

Yazının mənbəyi