logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Hörmüzə alternativ yol Azərbaycandan keçir

Hörmüzə alternativ yol Azərbaycandan keçir

22/04/2026

3 dəq. oxu

Dünya Bankının qiymətləndirməsinə görə, Orta dəhlizin açılması qlobal ticarətin illik həcmini 50-100 milyard dollar artıra bilər

Türkiyə Asiya ilə Avropa arasında quru ticarət marşrutu olan Orta dəhlizi inkişaf etdirməyi planlaşdırır və onu Hörmüz boğazı üzərindən keçən dəniz daşımalarına alternativ kimi görür. Bu barədə “Financial Times” yazıb. 

Orta dəhliz layihəsi Çinlə Avropa arasında Qafqaz və Türkiyə üzərindən quru əlaqəsini nəzərdə tutur. Bu marşrutla yük daşımaları 40 gün çəkən dəniz yoluna nisbətən cəmi 12-15 gün davam edə bilər. Daşıma potensialının isə illik 5 milyon tondan 20 milyon tona qədər artacağı gözlənilir. Bununla belə, layihə Xəzər dənizi üzərindən logistika çətinlikləri, dəmir yolu standartlarının fərqliliyi və digər problemlərlə üzləşir. Ekspertlər qeyd edirlər ki, TRİPP layihəsinin həyata keçirilməsi ABŞ-nin siyasi dəstəyi və investisiyalarından asılıdır. Dünya Bankının qiymətləndirməsinə görə, bu dəhlizin açılması 2027-ci ilə qədər qlobal ticarətin illik həcmini 50-100 milyard dollar artıra bilər.

Bu layihə geoiqtisadi baxımdan real və perspektivlidir, lakin siyasi baxımdan hələ də qeyri-müəyyəndir. Orta dəhliz Avrasiya ticarətində yeni balans yarada bilər, amma Zəngəzur xətti üzrə razılaşmalar və ABŞ-nin real iştirakı olmadan onun tam gücü ilə işləməsi çətin görünür.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizindən keçən Orta yolun dünya ticarətində gələcək rolu kifayət qədər böyük və əhəmiyyətli olacaq: “Orta yol nədən maraqlıdır? Nədən Çin də, Avropa İttifaqı da bu yolun tezliklə işə düşməsini istəyir? Yolu maraqlı edən onun iqtisadi cəhətdən sərfəli olmasıdır. Bu gün Çindən Avropaya yüklərin 90,0%-ə qədəri su yolu ilə daşınır. Bu yol fiziki olaraq quru yoldan dəfələrlə uzun, zaman baxımından isə 3 və bəzən 4 dəfə çox vaxt tələb edir”.

Keçmiş nazirin sözlərinə görə, Şərqi Çin limanlarından Avropaya qədər su yolu təxminən 22 min kilometrə qədərdir:  “Yüklər Afrikanın başına fırlanmaqla daşındıqda isə yol 26 min kilometrə qədər uzanır (Husilərin Qırmızı dənizin girişindəki Bab-Əl-Məndəb boğazında təxribatlar törətmələri səbəbindən). Orta yolla isə bu məsafə Gürcüstan üzərindən 8 min kilometr, Zəngəzur dəhlizi üzərindən 7 min kilometrdir. Məsafə və zaman baxımından su və quru yolları arasındakı fərq ortadadır. Əgər investorun hazır məhsulu Çindən Avropa bazarına su yolu ilə müqayisədə quru yolla 3 və bəzi hallarda hətta 4 dəfəyə qədər tez çatırsa, o halda onun əldə etdiyi mənfəət təxminən 2 dəfəyə qədər artıq ola bilir. İndi təsəvvür edin - 2025-ci ildə Çindən Avropaya 560 milyard dollar həcmində mal ixrac olunub ki, bunun da təxminən 8,0%-ə qədəri quru yolla, 1,0%-ə qədəri hava yolu ilə daşınıb. Yerdə qalan 91,0% və ya 500 milyard dollardan çox mal isə su yolu ilə daşınıb. Su yolu ilə daşımalar quru yolla daşımalardan 2 dəfəyə qədər ucuz olsa da, quru yolla daşımaların su yolu ilə daşımalardan zaman baxımından bəzən 4 dəfəyə qədər qısa olması onu su yolu ilə daşımalardan ən azından 2 dəfəyə qədər sərfəli edir”. 

F.Yusifov dedi ki, ABŞ və İran arasında gedən müharibə dünya iqtisadiyyatını və ümumdünya ticarətini iflic hala salmaqda davam edir: “Bu müharibənin nə vaxt bitəcəyi bilinmir.  O səbəbdən region ölkələri ticarət üçün alternativ yollar üzərində ciddi düşünməyə başlayıblar. Fars körfəzi ölkələri nefti, qazı satmağın alternativ yollarının axtarışındadır. Hörmüz boğazı yalnız neftin və sıxılmış qazın keçdiyi bir yol deyil. Körfəz ölkələrinin neftdən və qazdan dolayı xarici ticarət dövriyyəsinin 90%-ə qədəri Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Və bu boğaz bu gün bağlıdır. Onun nə vaxt normal işləyəcəyi isə bilinmir. Deməli, alternativ yollar tapılmalıdır. Bu sırada Azərbaycan üzərindən keçən Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Regionda yaranmış mövcud durum çox da uzaq olmayan perspektivdə Azərbaycanı bu gün bizim təsəvvür etdiyimizdən dəfələrlə böyük bir nəqliyyat habına çevirə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Yazının mənbəyi