logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Süni intellektdən gözlənilən xeyir: dünyada 16 trilyon dollar, bəs Azərbaycanda nə qədər?

Süni intellektdən gözlənilən xeyir: dünyada 16 trilyon dollar, bəs Azərbaycanda nə qədər?

18/02/2026

2 dəq. oxu

Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.


Müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir və süni intellektin 2030-cu ilə qədər dünyada yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları həcmində olacağı gözlənilir.

Bəs burada Azərbaycanın payı nə qədər ola bilər? 2030-cu ilə qədər süni intellektin Azərbaycanda yarada biləcəyi əlavə dəyərin təxminən nə həcmdə olacağını ehtimal etmək mümkündür?


Medianews.az saytının sualını cavablandıran sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib ki, 2030-cu ilə qədər süni intellektin Azərbaycanda nə qədər əlavə dəyər yarada bilməsi bu sahənin ölkəmizin iqtisadiyyatına və bütövlükdə həyatına hansı sürətlə inteqrasiya etməsindən asılı olacaq:


“Bu gün dünyada yeni texnologiyaların inkişaf sürəti çox böyükdür. Artıq hökumətlər süni intellektin yaratmağa başladığı işsizlik probleminin həlli yolları üzərində düşünməyə məhkumdur. Məsələn, hər hansı bir müəssisədə eyni işi 10 mütəxəssisin əvəzinə 1 robot yerinə yetirə bilir. Deməli, bu mütəxəssislərin ən yaxşı halda 9-u, bəlkə də hamısı iş yerini itirmiş olacaq. Ola bilsin ki, bir mütəxəssis prosseslərin necə getməsinə canlı nəzarəti həyata keçirtmək üçün işdə saxlansın.


Bu minvalla hər bir ölkədə minlərlə, milyonlarla işsizlər ordusu yarana bilər. Elə bu səbəbdəndir ki, bəzi inkişaf etmiş ölkələrdə hökumətlər özlərini belə bir duruma hazır hesab etmədiklərindən süni intellektlə bağlı proseslərin bir qədər ləngidilməsinin tərəfdarı kimi çıxış edirlər.

Azərbaycana gəlincə, biz dünyada gedən bu proseslərdən geridə qala bilmərik. Ona görə dövlət başçımız və hökumətimiz Azərbaycanın yeni rəqəmsal arxitekturası müstəvisindəki problemlərin həllinə bu qədər böyük diqqət ayırır”.


Nailə Qasımova

Yazının mənbəyi