XƏBƏRLƏR
Sosial
İstintaq tədbirləri çərçivəsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evindən 17 milyon manat vəsaitin çıxması faktı cəmiyyətdə geniş rezonans doğurub. Bu məbləğ təkcə hüquqi müstəvidə deyil, həm də sosial və iqtisadi aspektdən ciddi müzakirələrə yol açıb.
Bəzi ekspertlər ilkin hesablama apararaq bildirirlər ki, bu məbləğ kənd təsərrüfatının inkişafına, elmi tədqiqatların maliyyələşdirilməsinə, təhsil sahəsinə, infrastruktur və inşaat layihələrinə yönələrsə, xeyli fayda gətirə bilər.
Bu vəsaitlə neçə məktəb tikmək və ya əsaslı təmir etmək mümkün olardı? İnformasiya texnologiyaları sahəsində hansı layihələr həyata keçirilə bilərdi?
Sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, Ramiz Mehdiyevin evindən çıxan 17 milyon manat onun və ətrafının bu illər ərzində dövlətdən və xalqdan taladıqları milyardlarla manat vəsaitin dəryada damla qədər olan bir hissəsidir:
“Heç şübhə etməyin ki, Ramiz Mehdiyev o pulu bilərəkdən evdə saxlayıb ki, axtarış zamanı həmin pullar ortaya çıxsın və o da desin ki, ‘mənim oğurladıqlarım budur, bundan artığı yoxdur’. Bunun tülkü oyunu olduğunu bilməyə nə var ki… Məgər Mehdiyev bilmirdi ki, açılmış cinayət işi çərçivəsində onun evində, ofisində axtarış aparıla bilər? Təbii ki, bunu çox yaxşı bilirdi. Bunu bilə-bilə, o pulları evdə saxlamaqla iz azdırmaq istəyib. Bəlli məsələdir ki, onun milyardlarla ölçülən var-dövləti onlarla qohumunun, yaxın hesab etdiyi adamların, dost-tanışlarının adına rəsmiləşdirilib. Heç şübhə etmirəm ki, istintaq hazırda bu şəbəkəni müəyyən etmək istiqamətində intensiv iş aparır, oğurlanmış nə varsa hamısı aşkar ediləcək və dövlətin nəfinə müsadirə olunacaq”.
Sabiq nazirin fikrincə, məsələ təkcə Ramiz Mehdiyevlə bitmir:
“Bu illər ərzində yüksək vəzifələrə təyin etdirdiyi, hazırda çalışan və vəzifədən çıxarılmış onlarla ‘bala Ramizlər’ də onun patronajlığı altında milyard manatlarla ölçülə biləcək var-dövlətə sahibləniblər. Ramiz Mehdiyev də milyard manatlarla ölçülən varidatının böyük hissəsini məhz 25 il ərzində müxtəlif yüksək vəzifələrə təyin etdirdiyi məmurların hər ay bac şəklində aldığı milyonlarla manat vəsaitlər hesabına yarada bilmişdir. Bir sözlə, onun hörümçək toru kimi nizamlı şəkildə qurduğu bu rüşvət zənciri dəqiq işləyib. Bu zəncirdə kimlər olubsa, istintaq onları meydana çıxarmalıdır”.
Fikrət Yusifov bildirib ki, Ramiz Mehdiyevə bağlı hər kəs cavab verməlidir:
“Vəzifədən qovulmuş və bu gün də əmlakları ilə, övladlarının gözqamaşdıran həyat tərzi ilə cəmiyyətə göz dağı verən bu parazitlərdən hesab sormağın vaxtı çatıb. Yüksək vəzifədə olarkən dövləti talayıb, sonra da təhlükəsiz bir guşəyə çəkildiyini düşünən belələri ifşa olunmadıqca, onların dövlətdən və xalqdan oğurladıqları vəsaitlər son manatına qədər əllərindən alınmayınca, cəmiyyətin dövlətin ədalətinə şübhələri qalmaqda davam edəcək. Dövlət bu məsələdə heç kimə güzəştə getməməlidir”.
Sabiq maliyyə naziri 17 milyon manatla nələr etmək mümkün olduğunu da açıqlayıb:
“Ramiz Mehdiyevin evində aşkar olunan 17 milyon manat dövlət xəzinəsinə qaytarılmalıdır. Ölkədə yüzlərlə həllini gözləyən problem var. Bu vəsait müdafiənin gücləndirilməsinə, uşaqpulunun verilməsinə, qazilərin təqaüdlərinə, şəhid ailələrinin və digər vətəndaşların sosial durumunun yaxşılaşdırılmasına yönəldilə bilər. Yəni bu pulların ilk növbədə sosial problemlərin həllinə sərf olunması mümkündür”.
Zaira Akifqızı