logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

“Kəssə hər kim tökülən qan izini...” - Türkiyənin mühüm missiyası

“Kəssə hər kim tökülən qan izini...” - Türkiyənin mühüm missiyası

04/02/2026

3 dəq. oxu

Ümid edək ki, rəsmi Ankaranın təşəbbüsü regiona uzunmüddətli sabitlik gətirəcək

Görüşün bir həftə ərzində baş tutması gözlənilir. Nəşrin məlumatına görə, Türkiyə, Misir və Qətər ABŞ və İran arasında məsləhətləşmələrin gərginliyi azalda və regionda mümkün müharibənin qarşısını ala biləcəyinə ümid edirlər.

Türkiyə, Misir və Qətər hakimiyyəti yaxın günlərdə Ankarada ABŞ-nin xüsusi elçisi Stiven Vitkoff və İran nümayəndələri arasında görüş təşkil etmək üzərində işləyir.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Axios”un yaydığı məlumatda deyilir.

Danışıqlarda iştirak edən ölkələrdən biri hazırlıq prosesinin irəlilədiyini təsdiqləyib. “İşlər irəliləyir. Əlimizdən gələni edirik”, - deyə mənbə qeyd edib.

ABŞ rəsmisi “Axios”a yaxın gələcəkdə ABŞ və İran nümayəndələri arasında Türkiyədə görüşün mümkünlüyünü təsdiqləyib. Başqa bir ABŞ rəsmisi vurğulayıb ki, Tramp administrasiyası “müxtəlif kanallar vasitəsilə İrana razılaşma bağlamaq üçün görüş keçirməyə hazır olduğunu bildirib”.

Yada salaq ki, qardaş ölkə Rusiya-Ukrayna müharibəsində ən aktiv və real vasitəçi rolunu oynayan ölkələrdən biri kimi çıxış edib. Bu vasitəçilik həm diplomatik, həm humanitar, həm də təhlükəsizlik məsələlərini əhatə edir. Müharibənin ilk aylarında Rusiya və Ukrayna nümayəndə heyətləri məhz Türkiyədə birbaşa danışıqlar aparıb. Razılaşma əldə olunmasa da, bu görüşlər tərəflərin eyni masa arxasına oturda bildiyi nadir platformalardan biri oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Zelenski ilə mütəmadi birbaşa əlaqə saxlayan azsaylı liderlərdəndir. O səbəbdən İranla ABŞ arasında yeni müharibə riski olduğu bir vaxtda Ankaranın mühüm missiyası alqışlanır. Dahi Hüseyn Cavidin “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü” misrası indi dünyada daha aktualdır...

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a söylədi ki, rəsmi Ankara bölgədə sülhün bərqərar olunması yolunda uzun zamandır mücadilə edir:

“Qardaş Türkiyənin bu yolda əldə etdiyi uğurları dünya birliyi də xüsusi olaraq dəyərləndirir. Rusiya ilə Ukrayna arasında sülhün yaranması üçün ilk çağırışı edən də və münaqişə tərəflərini müharibənin birinci aylarında masa arxasına oturdan da Türkiyəmiz oldu. Rusiyanın Ukraynaya qarşı açdığı işğalçı müharibədə bu missiyanı yerinə yetirmək o qədər də asan məsələ deyil. Lakin Türkiyə bu yolda ciddi addımlar ataraq müharibə ilə dünya ərzaq bazarında yaranan təhdidlərin aradan qaldırılmasına nail oldu. Qardaş ölkəmizin bu yoldakı mücadiləsi indi də davam etməkdədir. Bu gün İranla Birləşmiş Ştatlar arasında yaranmış və bütün bölgəni narahat edən bir münaqişənin dayandırılması və onun genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısının alınması istiqamətində Ankaranın səyləri ortadadır. Tərəflərin münaqişəni sülh yolu ilə həll etmək üçün bir-birindən nə qədər əks qütblərdə dayanmasına baxmayaraq, Türkiyə bu münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir. Və artıq bu məqsədlə danışıqların başlanmasına nail olub”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

Yazının mənbəyi