XƏBƏRLƏR
Məlum olduğu kimi, Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb. Açıq məktub Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədardır.
"Biz - sıralarında yüzlərlə Azərbaycan QHT-sini birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, sizə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədar müraciət edirik.
Azərbaycan ictimaiyyətinin 2024-cü il dekabrın 25-də Qroznı səmasında "Pantsir-S1" hava hücumundan müdafiə kompleksindən buraxılan raketlərlə vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir. Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir.
Bastrıkinin ört-basdır etməyə çalışdığı qanlı insident Azərbaycan xalqı üçün milli qürur məsələsidir. Biz susmayacağıq. Rusiya tərəfi Azərbaycandan üzr istəməklə məsələni bağladığını düşünürsə, kökündən yanılır. Ortada olan qanlı cinayət faktı etiraf edilməli, günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir.
Mülki təyyarənin vurulması Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən qadağandır. Bastrıkinin məktubu yenə də Çikaqo Konvensiyasına, xüsusən onun "Təyyarə insidentləri və onların araşdırılması" adlı 13 nömrəli Əlavəsinə ziddir. Bu faciə ört-basdır edilməməli, əksinə, onun tam araşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir”.
Qeyd olunur ki, Bastrıkinin məktubunun mahiyyəti Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı səsləndirdiyi mövqedən açıq şəkildə fərqlənir və faktiki olaraq məsuliyyətdən boyun qaçırmağa hesablanmaqla hüquqi və siyasi təxribatdır. “Cənab səfir, bizə cavab verin: Rusiyanın bu məsələdə rəsmi mövqeyini kim ifadə edir: Prezident Vladimir Putin, yoxsa İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin?Azərbaycan Milli QHT Forumunun İdarə Heyətini qəbul etməyinizi, sualımıza cavab verməyinizi gözləyirik", - məktubda qeyd edilib.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Musavat.com-a bildirdi ki, Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsinin Rusiya səmasında bu ölkənin hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulması nəticəsində başlanmış cinayət işinə xitam verilməsi barəsində Azərbaycanın Baş Prokuroruna ünvanladığı məktub Rusiya siyasi əxlaqsızlığının hüdudlarının olmadığının növbəti bariz təzahürüdür:
“Baxın, keçən ilin oktyabr ayının 9-da Tacikstanın paytaxtı Düşənbə şəhərində Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə görüş zamanı AZAL-ın təyyarəsinin Rusiya səmasında vurulmasına dair hansı fikirləri səsləndirib və insidentə görə bizim Prezidentdən necə üzr istəyib və indi Bastrıkin bizə nə yazır?! Bu məktub bir daha sübut edir ki, bu gün Rusiya bir dövlət kimi sivil qanunlarla idarə olunmur. Belə idarəçilik bizə daha çox kriminal aləmin idarəçilik qaydalarını xatırladır (əslində kriminal aləmdə də belə başıpozuq idarəçilik olmur). Əgər belə olmasaydı, Rusiya İstintaq Komitəsinin sədrinin imzası ilə Azərbaycana bu qədər absurd və bir dövləti rəzil edən məktub göndərilməzdi.
Təbii ki, bu məktub Rusiyanın İstintaq Komitəsində yazılmayıb, onu Kremldə, birbaşa Vladimir Putinin göstərişi ilə hazırlayıblar və heç şübhə etmirəm ki, həmin məktubdakı əsas fikirləri də birbaşa Putinin özü diktə edib. Bastırıkinin vəzifəsi isə sadəcə məktubu imzalamaq olub. Rusiyanın dövlət kimi mövcud olduğu bütün dönəmlərdə digər ölkələrə qarşı sərgilədiyi xarici siyasətin mayasında siyasi əxlaqsızlıq dayanıb və bu siyasi əzlaqsızlığın növbəti nümunəsini biz bir daha gördük!
Bütün dövlətləri və xalqları özündən aşağıda görmək, öz kirli maraqlarını reallaşdırmaq naminə xalqlar arasında nifaq salıb, onları bir-birinə qırdırmaqla həmin xalqların yaşadıqları ərazilərdə bu yolla dominantlıq etmək qədər alçaq və yaramaz əməllər yüz illərdir ki, Rusiyanın xarici siyasətinin fəlsəfəsini təşkil edir. Bunlar heç vaxt dəyişməyəcəklər – dəyişmək o zaman baş verəcəkdir ki, bu nataraz ölkə param-parça olub dağılsın.
Bu gün Rusiyanın adı gələndə insanların gözləri önündə ilk növbədə xarici siyasəti boğaza qədər çirkab içində olan bir dövlət canlanır. O dövlət ki, artıq 4 ilə yaxındır ki, bütün beynəlxalq qanunları, normaları çeynəyərək Ukrayna torpaqlarını işğal etməyə qalxıb, qanlı müharibə aparır. İş o yerə çatıb ki, Rusiya hökuməti Ukrayna torpaqlarını işğal etmək uğrunda apardığı işğalçı müharibə nəticəsində öz ölkəsini uçurumun kənarına qədər yaxınlaşdırdığının fərqində belə deyil.
Dünya birliyinin Ukraynaya qarşı aparılan işğalçı müharibəni dayandırmaq yolunda Rusiyaya göstərdiyi basqılara cavab olaraq Rusiya hakimiyyəti bəşəriyyəti nüvə silahı ilə təhdid edir. Beynəlxalq siyasi müstəvidə belə əxlaqsız davranan və bununla da özünü məhvə aparan Rusiyadan biz AZAL-ın təyyarəsinin vurulması ilə bağlı aldığımız bu absurd məktuba təəcüblənməməliyik. Bu Rusiyadır - siyasi əxlaqdan və sivil qanunlarla idarə olunmaqdan uzaq, dünyanın nifrətini qazanmış, siyasi tərbiyəsi və siyasi əxlaqı olmayan bir dövlət”.
Sabiq nazir hesab edir ki, Azərbaycan sadəcə olaraq bütün bu baş verənlərdən düzgün nəticə çıxartmalıdır:
“Ona görə də, biz Prezident İlham Əliyevin bu ayın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə zamanı səsləndirdiyi “.... hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın. Hətta heç kim düşünməsin ki, sənə ziyan vura bilər...” kimi fikirlərini hər bir Azərbaycanlı ürəkdən dəstəkləyir... Bu gün nə qədər ki, ətrafımızda Rusiya kimi kriminal oyun qaydaları ilə idarə olunan dövlətlər var, biz güclü olmalıyıq, bunun alternativi yoxdur”.
Cavanşir ABBASLI
Musavat.com