logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Neftin qiyməti bu il də 60 dollar civarında qalsa...


Neftin qiyməti bu il də 60 dollar civarında qalsa...


02/01/2026

6 dəq. oxu

2025-ci il neft qiymətləri baxımından Azərbaycan üçün elə də uğurlu olmadı. Çünki müxtəlif səbəblərdən “Brent” markalı “qara qızıl” il boyu dəyər itirmə tendensiyası yaşadı.

Xatırladaq ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar civarında götürülüb.

Yeni ilə daxil olarkən qlobal neft bazarında müşahidə olunan tendensiyalar Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. İqtisadiyyatın və dövlət maliyyəsinin mühüm hissəsi hələ də neft gəlirlərindən asılı olduğundan, beynəlxalq bazarlardakı qiymət dəyişiklikləri birbaşa fiskal və monetar sabitliyə təsir göstərir. Mövcud beynəlxalq proqnozlar göstərir ki, qarşıdakı dövr əvvəlki illərlə müqayisədə daha ehtiyatlı və riskli qiymət mühiti ilə xarakterizə olunacaq.

Beynəlxalq maliyyə institutları, reytinq agentlikləri və enerji bazarı üzrə ixtisaslaşmış analitik mərkəzlərin hesabatlarında “Brent” markalı neftin orta qiymətinin əsasən 60–65 dollar intervalında formalaşacağı qeyd olunur.

Ayrı-ayrı ssenarilərdə qiymətlərin 60 dollara yaxınlaşacağı, hətta müəyyən mərhələlərdə həddən aşağı enə biləcəyi də istisna edilmir. Bu proqnozlar fonunda neft bazarı üçün tam rahat və təhlükəsiz dövrdən danışmaq çətindir.

Mövcud qiymət gözləntiləri Azərbaycanın fiskal planlaması baxımından ehtiyatlı yanaşmanı zəruri edir. Çünki dövlət büdcəsi və Dövlət Neft Fondu üzrə hesablamalar neftin nisbətən stabil və orta səviyyədən aşağı düşməyən qiymətlərinə əsaslanır. Qiymətlərin uzunmüddətli aşağı səviyyədə qalması bu balansı poza bilər.

Yeni ildə neft qiymətlərinə təsir göstərəcək əsas amillər bir neçə istiqamətdə cəmlənir. Ən mühüm faktor qlobal təklif və tələb balansıdır. OPEC+ ölkələrinin hasilat siyasəti bazarda əsas müəyyənedici mexanizm olaraq qalır. Hasilat məhdudiyyətlərinin zəiflədilməsi və ya bazara əlavə həcmlərin daxil olması qiymətlər üzərində ciddi aşağıyönlü təzyiq yaradır. Bununla yanaşı, ABŞ, Braziliya, Kanada kimi ölkələrdə neft hasilatının artması da qlobal təklifin genişlənməsinə səbəb olur.

Qlobal iqtisadi artım tempi də qiymətlərin formalaşmasında həlledici rol oynayır. Çin və digər iri sənaye ölkələrində iqtisadi fəallığın zəifləməsi neftə olan tələbin artım sürətini aşağı salır. Tələb zəiflədikcə bazarda qiymətlərin yüksəlməsi üçün fundamental əsaslar da daralır.

Geosiyasi amillər qısamüddətli qiymət dalğalanmalarına səbəb olan əsas risk mənbələrindən biridir. Orta Şərqdə gərginlik, Rusiya-Ukrayna müharibəsi, İran və digər neft ixracatçıları ilə bağlı sanksiya siyasəti bazarda qeyri-müəyyənliyi artırır. Bu faktorlar müəyyən dövrlərdə qiymətlərin yüksəlməsinə səbəb olsa da, uzunmüddətli və dayanıqlı artım üçün hələlik kifayət qədər möhkəm zəmin yaratmır.

Enerji keçidi prosesi də neft bazarına uzunmüddətli təsir göstərən əsas amillərdəndir. Elektrikli avtomobillərin yayılması, bərpaolunan enerji mənbələrinə investisiyaların artması və enerji səmərəliliyinin yüksəlməsi neftə olan tələbin perspektivini tədricən məhdudlaşdırır. Bu tendensiya qısa müddətdə kəskin təsir göstərməsə də, uzunmüddətli qiymət gözləntilərini aşağı istiqamətdə formalaşdırır.

Bununla yanaşı, ABŞ dollarının mövqeyi və qlobal maliyyə bazarlarında risk də neftin qiymətinə dolayı təsir göstərir. Dolların güclənməsi adətən neftin bahalaşmasını məhdudlaşdıran amillərdən biri kimi çıxış edir.

Mövcud şəraitdə neftin qiymətinin 65 dollardan yuxarı qalxması mümkündür, lakin bu daha çox qısamüddətli və qeyri-sabit ssenari kimi qiymətləndirilir. Geosiyasi risklərin kəskinləşməsi və ya OPEC+ tərəfindən daha sərt hasilat məhdudiyyətlərinin tətbiqi qiymətləri bu səviyyədən yuxarı qaldıra bilər. Lakin fundamental bazar göstəriciləri – yüksək təklif, tələbin zəif artımı və qlobal iqtisadi qeyri-müəyyənlik – qiymətlərin uzun müddət 65 dolların üzərində qalmasını çətinləşdirir. Buna görə də əsas ssenari kimi 60–65 dollar aralığı daha real görünür.

Neftin qiymətinin uzun müddət 60 dollardan aşağı qalması Azərbaycan iqtisadiyyatı üçün daha həssas nəticələr yarada bilər. Bu halda ilk növbədə dövlət büdcəsinin gəlir bazası zəifləyər. Büdcə daxilolmalarının azalması xərclərin optimallaşdırılması, bəzi investisiya layihələrinin təxirə salınması və ya ixtisarı zərurətini yarada bilər. Sosial və infrastruktur layihələri əlavə fiskal təzyiq altına düşə bilər.

Dövlət Neft Fondunun gəlirlərinin azalması da bu ssenarinin mühüm nəticələrindən biridir. Fondun büdcəyə transfert imkanlarının məhdudlaşması uzunmüddətli fiskal dayanıqlıqla bağlı riskləri artırır və ehtiyatların daha sürətlə xərclənməsi ehtimalını yüksəldir.

Ən həssas istiqamətlərdən biri isə manatın məzənnəsidir. Neft gəlirləri ölkəyə daxil olan valyutanın əsas mənbəyi olduğundan, qiymətlərin aşağı qalması valyuta təklifini azalda bilər. Bu isə manata təzyiqin artması, inflyasiya risklərinin güclənməsi və idxal olunan məhsulların bahalaşması ilə nəticələnə bilər. Belə şəraitdə Mərkəzi Bankın valyuta ehtiyatlarından daha aktiv istifadə etməsi zərurəti yarana bilər.

Qısa müddətdə inzibati və fiskal alətlərlə bu təsirləri yumşaltmaq mümkün olsa da, neftin uzunmüddətli aşağı qiymət ssenarisi iqtisadiyyatın struktur problemlərini daha aydın şəkildə üzə çıxarır və qeyri-neft sektorunun inkişafının vacibliyini bir daha gündəmə gətirir.

Ümumilikdə, yeni il üçün neft bazarına dair proqnozlar ehtiyatlı və mülayim xarakter daşıyır. Qiymətlərin əsasən 60–65 dollar intervalında qalacağı gözlənilir. Daha yüksək səviyyələr mümkün olsa da, dayanıqlı hesab edilmir. Əksinə, 60 dollardan aşağı uzunmüddətli qiymətlər Azərbaycan üçün həm büdcə, həm Neft Fondu, həm də manat baxımından ciddi risklər yarada bilər. Bu baxımdan fiskal intizamın qorunması, ehtiyatların ağıllı idarə edilməsi və qeyri-neft sektorunun gücləndirilməsi qarşıdakı dövr üçün əsas prioritetlər olaraq qalır.

Professor Fikrət Yusifov Musavat.com-a şərhində bildirib ki, cari il üçün neftin qiymətlərinin necə olacağı iqtisadiyyatı və büdcəsi neftlə sıx bağlı olan ölkələri daha çox düşündürür:

“Azərbaycan da bu sırada olan ölkələrdən biridir. Biz növbəti ilin Dövlət büdcəsində neftin bir barelinin qiymətini 65 ABŞ dolları səviyyəsində qəbul etdik. Keçən ilin sonlarında 2026-cı ilin dövlət büdcənin Parlament müzakirələri keçirilən zaman mətbuat səhifələrində və tv kanallarında bu məsələ ətrafında geniş müzakirələr aparıldı. Büdcə müzakirələri zamanı rəsmilər bu qiymətin real olduğunu əsaslandırmağa çalışdılar və bu zaman beynəlxalq qurumların növbəti ildə neft qiymətlərinə dair verdikləri proqnozları əsas götürdüklərini bildirdilər.

Hesab edirəm ki, neftin qiymətlərinin bu il necə olacağına dair proqnozlar vermək o qədər də asan deyil. Baxın, keçən ilin yanvar ayında neftin bir barelinin qiyməti 77 dollara yaxın olmuşdusa, hazırda bu qiymətlər 60 dollar ətrafında dəyişir və bəzən bundan da aşağı düşə bilir. Bu məsələdə digər bir mühüm məqam isə dünya iqtisadiyyatının ¼-nə sahib olan ABŞ-nin neft qiymətləri ilə bağlı sərgilədiyi strategiyadır. Cari ildə Birləşmiş Ştatalar administrasiyasının neftin qiymətləri ilə bağlı hansı kursu sərgiləyəcəyi artıq bəllidir.

Məlum məsələdir ki, Donald Tramp ABŞ iqtisadiyyatının sürətli inkişafını təmin etmək yollarından birini neftin qiymətlərini ucuzlaşdırmaqda görür. O, bu kursu hələ seçkiöncəsi çıxışlarında dəfələrlə bəyan etmişdi. Cari il üçün ABŞ iqtisadiyyatına dair verilən proqnozlar da Trampın neftin qiymətləri ilə bağlı nədən belə bir kurs müəyyənləşdirdiyini anlamaq üçün əsasdır. Bu ildə ABŞ iqtisadiyyatının ortalama 2,0% ətrafında arta biləcəyi proqnozlaşdırılır. Təbi ki, belə bir artım Tramp administrasiyasını qane edə bilməz. Onun seçkiöncəsi ölkəsinin iqtisadiyyatının inkişafına dair verdiyi vədlərin yerinə yetirilməsi üçün bu göstəricinin ən azından iki dəfə yüksək olması gərəkdir. İqtisadiyyatın bu səviyyədə inkişafını isə əsasən ucuz neft siyasəti ilə təmin etmək mümkün ola bilər. Odur ki, cari ildə dünya bazarlarında neftin qiymətlərinə ABŞ-nin bu strategiyasının ciddi təsir edəcəyi daha çox gözləniləndir”.

Professor vurğulayıb ki, geosiyasi proseslərin gedişatına diqqət etmək lazımdır:

“Bu gün İranda baş verən hadisələrin necə yekunlaşacağı da bəlli deyil. Elə bir vəziyyət yarana bilər ki, İran neftinin ixracına qoyulan bütün qadağalar aradan qaldırılar. Bu isə bazara yeni neft həcmlərinin çıxması demək olacaqdır. Bir başqa məsələ isə Venesuela ətrafında baş verən gərginliklə bağlıdır. Bu prosesin də necə bitəcəyi məlum deyildir. Burada da elə bir hal yarana bilər ki, son nəticədə bazara yeni neft həcmləri çıxarılar. Bir başqa məsələ isə dünyada yeni neft hasilatçısı olan ölkələrlə bağlıdır. Onlar neftin gələcək taleyinin necə olacağını bildiklərindən, indi mümkün qədər daha çox neft hasil edib, satmaq kursunu tutublar. Bu məsələdə həmin dövlətlərin qarşısında OPEC kimi hasilatın həcmini tənzimləyəcək bir maneə də yoxdur. OPEC isə ABŞ ilə birlikdə keçən ildən başlayaraq üzv və tərəfdaş ölkələr üzrə bir il öncə azaldılmış neft hasilatı həcmini bu il tam bərpa etmək qərarı qəbul edibdir. Artıq bu həcmin bir hissəsinin hasilatı bərpa olunub. Bütün bunların fonunda neft qiymətlərinin cari ildə necə dəyişəcəyinə dair hər hansı bir proqnoz vermək mümkün deyil”.

Nigar HƏSƏNLİ
Musavat.com

Orijinal mənbə