logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

2025-də Azərbaycana ən çox sərmayə yatıran ölkə

2025-də Azərbaycana ən çox sərmayə yatıran ölkə

23/12/2025

2 dəq. oxu

Xarici investisiyaların strukturunda neft-qaz sektoru xüsusi çəkiyə malikdir

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-sentyabr ayları ərzində ölkəmiz Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşuna 38,9 milyon dollar yatırıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,2% artım deməkdir. Bu artıma baxmayaraq, Rusiyanın Azərbaycanın ümumi xarici investisiyalarında payı 2%-dən 1,9%-ə düşüb ki, bu da investisiya vektorlarının diversifikasiyasını əks etdirir.

Eyni zamanda Rusiya investisiyalarının Azərbaycan iqtisadiyyatına qoyuluşu təsirli artım nümayiş etdirib: ilk doqquz ay ərzində bu, 85,1% artımla 181,2 milyon dollar təşkil edib və ölkəyə qoyulan ümumi xarici investisiyalarda payı 2,2%-dən 3,8%-ə yüksəlib. Azərbaycandan xaricə qoyulan birbaşa investisiyaların ümumi axını əvvəlki illə müqayisədə 47,6% artımla 2,04 milyard dollara çatıb. Ölkəyə birbaşa xarici investisiyaların axını isə 4,52 milyard dollar təşkil edib ki, bu da orta hesabla 4,7% artım deməkdir.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat” a bildirdi ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.5% təşkil edib. Professorun sözlərinə görə, ölkənin qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 9.0% artaraq 1 019.4 milyon dollar olub: “Cari ilin 9 ayı ərzində Azərbaycandan xaricə 2 milyard 38 milyon dollar investisiya yatırılıb ki, bunun da 542,6 milyon dolları İsrailə, 289,0 milyon dolları Türkiyəyə, 250,0 milyon dolları Birləşmiş Ərəb Əmirliklərinə, 176,0 milyon dolları  Birləşmiş Krallığa, 118,0 milyon dolları isə İtaliyaya yatırılan investisiyalar təşkil edir. İsrailə yatırılan investisiyalar əsasən Aralıq dənizində yerləşən "Tamar" layihəsi ilə bağlıdır. Ölkə iqtisadiyyatına yatırımların səviyyəsini qiymətləndirmək üçün bu sahədəki göstəricilərin bəzi dost olan ölkələrin eyni göstəriciləri ilə müqayisələrin aparılması heç də pis olmazdı. Cari ilin 9 ayı ərzində Qazaxıstan iqtisadiyyatına xarici investisiyaların həcmi 10,1 milyard dollar təşkil edib, Özbəkistan iqtisadiyyatına isə14,4 milyard dollar xarici kapital yatırılıb. Hesabat dövründə Azərbaycan iqtisadiyyatına yatırılmış 4,7 milyard dollar xarici investisiyanın 3,7 milyard dollarını neft və qaz sektoruna yatırımlar təşkil edir. Real sektora yatırımlar isə cəmi 1,0 milyard dollardan bir qədər çox olub. Təbii ki, bu çox azdır. Bu gün iqtisadiyyatımızın real sektorunun bundan on dəfələrlə çox xarici investisiyalara ehtiyacı var. Hökumət bu istiqamətdə səylərini ciddi şəkildə artırmalı və xarici investisiyaların Azərbaycana gəlməsinə əngəl törədən bütün problemlərin ən qısa zaman kəsiyində aradan qaldırılmasına nail olmalıdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Orijinal mənbə