XƏBƏRLƏR
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üçün əlavə addımlar müəyyən edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə sosial şəbəkədə yazıb.
“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üzrə Hazırlıq İşləri Komissiyasının iclasında həmkarlarımla birlikdə bu günə qədər əldə edilən irəliləyişi nəzərdən keçirdik. Müzakirələrdə əsas diqqət rəqabətə davamlı yerli istehsalın gücləndirilməsinə, ixrac imkanlarının genişləndirilməsinə və əsas iqtisadi sektorların beynəlxalq ticarət tələblərinə uyğunlaşdırılmasına yönəldilib. Azərbaycanın Təşkilata üzvlüyü üçün danışıqlar prosesində atılacaq əlavə addımlar da müəyyən edilib”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaqda əsas məqsədlər aşağıdakılardan ibarətdir:
Dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək;
ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq;
Dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək;
Ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar, eləcə də inkişaf etmiş ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq;
ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox birbaşa xarici sərmayə cəlb etmək;
ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə etmək.
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olma ilə bağlı 23 iyun 1997-ci il tarixində ÜTT Katibliyinə müraciət edib. Azərbaycan üzrə 16 iyul 1997-ci il tarixində yaradılmış İşçi Qrupa 42 dövlət daxildir. Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya 22 avqust 2003-cü il tarixində yaradılıb. Komissiyanın sədri AR Baş Nazirinin müavini Şahin Mustafayev, baş danışıqçı isə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevdir.
Azərbaycan Respublikasının ÜTT-yə daxil olması üzrə İşçi Qrupunun ilk iclası 2002-ci ilin 7 iyun tarixində, üzv-ölkələrlə ilk ikitərəfli danışıqlar isə həmin ilin 3-7 iyun tarixində Cenevrədə keçirilib. 2004-cü ildən etibarən danışıqlar prosesi mütəmadi xarakter almağa başlayıb. İşçi Qrupun sonuncu iclası 28 iyul 2017-ci il tarixində Cenevrə şəhərində baş tutub. İşçi Qrup çərçivəsində çoxtərəfli danışıqlar üzrə indiyədək 14 iclas keçirilib. İkitərəfli danışıqlar 22 dövlətlə aparılır. Bu günədək 5 ölkə (Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğızıstan) ilə protokollar imzalanıb. Üzv olma prosesi çərçivəsində 24-28 iyun 2019-cu il tarixlərində Cenevrədə Cairns qrupunun bəzi üzvləri ilə kənd təsərrüfatı sahəsi üzrə ikitərəfli məsləhətləşmələr keçirilib. Üzv olma prosesi çərçivəsində sonuncu ikitərəfli danışıqlar 16-20 dekabr 2019-cu il tarixlərində İndoneziya, Tailand, Koreya ilə mallar, Aİ, Kanada ilə mallar və xidmətlər, Yaponiya ilə isə xidmətlər üzrə keçirilib.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan müstəqilliyinin ilk zamanlarından Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istiqamətində bu təşkilatla danışıqlar aparır. Professor diqqətə çatdırdı ki, indiyə qədər bu yolda hər hansı bir yaxınlaşma əldə edilməyib: “Müstəqilliyimizin ilk on illik ərzində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq kimi istəyinin olmamasının səbəblərini anlamaq mümkün idi. Ölkə iqtisadiyyatında və maliyyə müstəvisində mövcud olan bəzi problemlər və ilk növbədə iqtisadiyyatın real sektorunun zəif inkişafı, bu təşkilata üzv olmağımızı əngəlləyən başlıca amillər idı. Lakin zamanla vəziyyət dəyişir, bu gün Azərbaycan iqtisadiyyatının 2/3 hissəsindən çoxu qeyri-neft sektorunun payına düşür. Düzdür, iqtisadiyyatın real sektorunun bu qədər böyük paya sahib olması hələ hər şey demək deyildir. Bu gün iqtisadiyyatın real sektoru ümumi iqtisadiyyatın bu qədər payına sahiblənsə də, bu sektordan ixracın xüsusi çəkisində demək olar ki, heç nə dəyişməyib. Yəni yenə də ixracımızın 90%-i neft və qazın payına düşür. Son 20 ildən artıq zaman kəsiyində biz idxalı əvəzləyəcək bəzi məhsulların - ilk növbədə tikinti materialları sırasına aid məhsulların istehsalı sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin təəssüf ki, bu gün istehlak mallarının və ərzaq məhsullarının böyük bir qismini idxal edirik, milli valyutamızın məzənnəsi isə Mərkəzi Bank tərəfindən tənzimlənir”.
Professor vurğuladı ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmağın əsas şərtlərindən biri milli valyutaların üzən məzənnəyə keçirilməsidir: “Biz buna hazırıqmı? Əslində buna hazır olmaq barədə düşünmək lazın deyil, sadəcə bu addımı atmaq lazımdır. Düzdür, bu addım atıldıqdan sonra, ilkin mərhələdə manatın məzənnəsində bəzi təlatümlər baş verəcək, lakin bundan çəkinməməliyik. Bu sahədə son təcrübələrdən biri, Rusiya rublunun üzən məzənnəyə keçirilməsi oldu. İlkin mərhələdə müəyyən çətinliklər yaşansa da, sonradan insanlar da, müəssisələr də buna alışdılar. Əgər Rusiyanın Ukraynaya hərbi təcavüzü olmasaydı və bu səbəbdən rublun məzənnəsində ciddi problemlər yaşanmasaydı, Rusiya milli valyutasının üzən məzənnəyə keçməsini uğurlu addım kimi qiymətləndirmək mümkün olardı. Ümumdünya Ticarət Təşkilatına üzv olmaq daxili bazarda monopoliyanın kökünün kəsilməsini təmin edəcək. Bu isə öz növbəsində istehlak mallarının və ərzaq məhsullarının qiymətlərində ciddi enmələrə səbəb olacaq. Biz dünya iqtisadiyyatının və maliyyə müstəvisinin bir parçası olaraq Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq, bunun alternativi yoxdur”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”