XƏBƏRLƏR
Dekabrın 8-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla İran arasında əlaqələrin böyük tarixinin olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, xalqlarımızın əsrlər boyu bir yerdə yaşaması münasibətlərimizə xüsusi önəm verir. Son dövrlərdə əlaqələrimizin fəallaşmasından məmnunluğunu bildirən dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfərinin, həmçinin digər yüksəkvəzifəli şəxslərin qarşılıqlı səfərlərinin əməkdaşlığımızın daha da genişləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin geniş olduğunu və bir çox sahələri əhatə etdiyi deyərək, bütün məsələlər üzrə konkret yol xəritələrinin olduğunu bildirib.
Hökumətlərarası komissiyanın çox uğurla fəaliyyət göstərdiyini vurğulayan dövlətimizin başçısı bu xüsusda iqtisadi, ticari, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığa toxunub.
Azərbaycan Prezidenti İran nümayəndə heyətinin səfərinin uğurlu və məhsuldar olacağına əminliyini ifadə edib.
Qəbula görə təşəkkürünü bildirən Seyid Abbas Əraqçi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörməti var. Qonaq Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra ölkəmizlə əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verdiyini deyib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.
Seyid Abbas Əraqçi də öz növbəsində Azərbaycan-İran əlaqələrinin dərin köklərə malik olduğunu vurğulayaraq, münasibətlərimizin daha da dərinləşdirilməsinin əhəmiyyətinə toxunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında da təkbətək və geniş tərkibdə görüşlər keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında məlumat paylaşılıb.
Bildirilib ki, tərəflər Azərbaycan və İran arasında xoş qonşuluq əlaqələrinə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın cari gündəliyi və perspektivlərini müzakirə ediblər.
Nazirlər siyasi məsləhətləşmələrdən Birgə Dövlət Komissiyasına və geniş hüquqi müqavilə bazasına qədər güclü institusional çərçivələrin Azərbaycan və İranın daha da gücləndirməyə sadiq olduqları sabit və gələcəyə yönəlmiş ikitərəfli münasibətlər üçün möhkəm bir arxitektura təmin etdiyini vurğulayıblar. Həmçinin iqtisadi-ticarət əməkdaşlığını artırmaq yollarını və vasitələrini, xüsusilə də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetiriblər.
Eyni zamanda humanitar, xüsusilə də Bakı-Tehran/Təbriz arasında aviareyslərin artırılması, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığa toxunulub.
Bundan başqa, BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərində münaqişədən sonrakı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb.
“Azərbaycan Prezidentinin Tehrana səfərini gözləyirik”. Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. O həmçinin qeyd edib ki, İran Azərbaycanla əlaqələri bütün sahələrdə gücləndirmək əzmindədir.
Professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, yerləşdiyimiz bölgədə gerçəkdən sülh istəyən, heç bir dövlətin daxili işlərinə qarışmayan, qonşu ölkələrlə yalnız qarşılıqlı faydaya söykənən əməkdaşlıq qurmağı hər şeydən üstün tutan yeganə ölkə Azərbaycandır: “Dövlətimiz müstəqilliyinin ilk illərindən özünün xarici siyasətinin fəlsəfəsini belə formalaşdırıb. Lakin bu illər ərzində Azərbaycan dövləti kimliyindən asılı olmayaraq onun müstəqilliyinə zərbə vurmaq istəyən və bu məqsədlə ölkənin daxili işlərinə qarışmaq istəyənlərin layiqli cavabını verib və bu yol xarici siyasətimizin ayrılmaz bir qoludur. Bu yolda bəzən dünya nəhəngləri ilə qarşı-qarşıya qalsaq da, geri çəkilməmişik. Buna konkret misal, ABŞ-nin Co Bayden hakimiyyətinin Azərbaycana qarşı haqsız basqılarını, Fransanın indiki prezidenti Emmanuel Makronun 44 günlük müharibədən və bir günlük antiterror əməliyyatından sonra Azərbaycana qarşı hətta beynəlxalq səviyyədə basqılar etmək cəhdlərini göstərə bilərik. Azərbaycan bu basqılara layiqli bir formada sinə gərə bildi. Çünki haqlı idi. Həm də ona görə ki, kənar güclərin onun daxili işlərinə qarışmasına yol vermək istəmirdi.
Biz müstəqil dövlət kimi yolumuzu gözləyəcək bütün tərəflərə açığıq və harada yerləşməsindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı faydaya söykənən əməkdaşlıq qurmaq istəyindəyik. İran da bu sırada istisna təşkil edə bilməz. Lakin təəssüflər olsun ki, torpaqlarının işğal dönəmində Azərbaycan İrandan real hər hansı bir dəstəyi ala bilmədi. Bizə hər mənada bu qədər yaxın olan bir dövlətin erməni işğalını körükləməsi qəlbimizi yaraladı. Bu yara ona görə dərin oldu ki, İranda əhalinin 2/3 hissəsi Azərbaycan türklərdir. Sanki bizə bu xəyanəti bir başqası deyil, doğma qardaşımız edirdi. Ancaq biz içimizdə yaxşı anlayırdıq ki, İranın erməni işğalına bu münasibəti bizim soydaşların deyil, İran rejiminin münasibətidir. Bu məsələdə bizi yeganə sakitləşdirən amil də bu idi.
İşğal başa çatdı. İndi Azərbaycan işğal dövründə İranla münasibətlərdə yaranmış buzların əriməsini istəyir. Xalqımız kimi dövlətimiz də içində kin bəsləyə bilmir. Çünki bu dövləti də bu xalq qurubdur! Odur ki, son illər ərzində İranla bütünü səviyyələrdən olan münasibətlərin inkişafı və dərinləşdirilməsi yolunu tutmuşuq. Bu gün İranın xarici işlər naziri də Azərbaycana Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə gəlib. Biz on milyonlarla qardaşımızın yaşadığı bir ölkə ilə əlaqələrimizi inkişaf etdirmək və dərinləşdirmək istəyindəyik. Ancaq təəssüflər olsun ki, İran hakimiyyətinin bəzi mollaları münasibətlərdə yaranmış buzların getdikcə əridiyi indiki dönəmdə də hərdən Azərbaycanın ünvanına sərsəm sayıqlamalar edə bilirlər. İran hakimiyyəti bunun qarşısını almalıdır. Çünki bu ürəkbulandıranlar sıradan biriləri deyil. Onların statusu bizə imkan verir düşünək ki, bu adamlar öz fikirlərini deyil, dövlətinin baxışlarını ifadə edirlər. Bu isə münasibətlərə kölgə salacaq qədər təhlükəlidir..."
Cavanşir ABBASLI,
“Yeni Müsavat”