logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

İsrailli nazir Bakının müttəfiqi haqda elə sözlər dedi ki... - reaksiya

İsrailli nazir Bakının müttəfiqi haqda elə sözlər dedi ki... - reaksiya

22/11/2025

3 dəq. oxu

Azərbaycan mövcud durumdan çox narahatdır; Ankara-Təl-Əviv gərginliyi də dərinləşməkdədir

“Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir”. Bunu İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib. “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik”, - nazir bildirib.

Ankara və Təl-Əviv arasında münasibətlərin Qəzza hadisələrinə görə ən aşağı səviyyəyə düşdüyü sirr deyil. 

Nə vaxtsa əlaqələrin əvvəlki normal səviyyəyə qayıtması mümkün olacaqmı? Bunun üçün daha çox hansı tərəf addım atmalıdır?

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da mövcud durumdan Azərbaycan tərəfin çox narahat olduğunu söylədi: “Hər iki tərəf bizim yaxın müttəfiqimiz və dostumuzdur. Türkiyə isə həm də bizə qardaş ölkədir - kökümüz bir, dilimiz bir, dinimiz birdir. Bu gün yəhudilərin dünyada bəlkə də yaşadıqları ən təhlükəsiz məkan Azərbaycandır. Onlar bunu yaxşı bilir və dəyərləndirirlər. Ona görə də İsrail dövlətinin rəsmiləri və bütövlükdə yəhudilər Azərbaycanla dostluqdan məmnundurlar 44 günlük müharibədə bu dost və qardaş ölkələrin hər biri bizə ürəkdən dəstək verdilər. 

Bütün bunların fonunda bu gün Türkiyə ilə İsrail arasında baş verənlər ən çox bizə təsir edir. Lakin təəssüf ki, Azərbaycan hökumətinin bu istiqamətdə səyləri də hələ ki bir nəticə vermir. Türkiyə və İsrailin hər birinin yerləşdikləri bölgədə öz maraqları var və onların hər biri nə olursa olsun, bu maraqları maksimum reallaşdırmağa çalışırlar. Gərginliyin bugünkü səviyyəsi də bunu deməyə əsas verir ki, tərəflər bir-birinə güzəştə getməkdən, qarşılıqlı anlaşmaqdan uzaqdılar. Ancaq böyük regionun bu iki güc sahibi, nəhayət, tək öz dövlətlərinin deyil, regionun da təhlükəsizliyi naminə bir araya gəlməkdən başqa yol olmadığını bir gerçək kimi dəyərləndirməli və qəbul etməlidilər. Türkiyə ilə İsrail arasında hərbi münaqişə nə Türkiyəyə, nə İsrailə, nə də regionun hər hansı bir ölkəsinə lazımdır. Belə bir münaqişə baş verərsə, bu, bütövlükdə beynəlxalq aləm üçün ciddi fəsadlar yaradacaq qədər təhlükəli ola bilər. Dünya dörd ildir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünü dayandıra bilmir. Bu arada Türkiyə-İsrail hərbi münaqişəsi ciddi silkələnmələrə və çox acı nəticələrə gətirib çıxara bilər. Odur ki, tərəflər özlərində bir araya gəlmək üçün güc tapmağa məkumdular...

Türkiyə-İsrail münasibətlərində yaranmış bugünkü gərginliyin əsas günahkarlarından biri İrandır. İran müsəlman dövləti olaraq on illər boyu İsraili məhv edəcəyi ilə hədələməsəydi və bu məqsədi reallaşdırmaq üçün yüz milyardlarla dollar xərcləyib Yaxın Şərq bölgəsində onlarla proksilər yaratmasaydı, bəlkə də biz bu gün Türkiyə ilə İsrail arasında baş verənlərə şahidlik etməzdik".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Original mənbə