logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası

Ramiz Mehdiyevin xüsusi əməliyyatı – Moskvaya zəngin pərdəarxası

19/11/2025

2 dəq. oxu

Prezidentin sabiq köməkçisi Eldar Namazov Yeni Azərbaycan TV-yə verdiyi müsahibədə 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində baş verən siyasi proseslərə dair diqqətçəkən iddialar irəli sürüb. O, həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyevin ölkə daxilində hakimiyyət uğrunda gərgin mübarizə apardığını və Heydər Əliyevin səhhətinin kritikləşdiyi anlarda Moskva ilə xüsusi əlaqələr qurduğunu bildirib.


E.Namazovun sözlərinə görə, 1998-ci ildə də, 2003-cü ildə də vəziyyət kəskinləşən kimi Rusiyanın təhlükəsizlik dairələri ilə təmaslar yaranıb və bu əlaqələr daxili siyasi balansı təsirləndirə biləcək addımların müzakirəsinə səbəb olub. Onun açıqlamaları həmin dövrün siyasi kulisində hansı proseslərin getdiyi, qərarların hansı gərgin fon üzərində formalaşdığı barədə yeni müzakirələrə yol açır və ölkənin siyasi yaddaşında qaranlıq qalan məqamları yenidən gündəmə gətirir.


Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, hakimiyyətə sahiblənmək istəyi Ramiz Mehdiyevdə hələ 90-cı illərin ortalarından başlamışdı:


“Ölkənin Maliyyə Nazirliyinə rəhbərlik etdiyim dövrdə bir neçə dəfə məni də öz “komandasına” cəlb etmək üçün həmlələr etdi. Lakin hər dəfə sərt reaksiyaya rast gəldikdən sonra mənə qarşı gizli düşmənçilik mövqeyinə keçdi. Bu adam Azərbaycanın idarəçilik sistemində bir qara yara idi. Onun danışığı da, baxışları da normal olan hər bir kəsdə ancaq nifrət hissləri yarada bilirdi”.


Fikrət Yusifov qeyd edib ki, o zamanlar Prezident Adminstrasiyasında Ulu Öndər tərəfindən ən çox tənbeh edilən məhz Ramiz Mehdiyev olub:


“Çünki adamın yolu və əməlləri sağlam deyildi. Onun təşəbbüsü ilə vəzifələrə təyin olunmuş bir sağlam kadr tapmaq mümkün olmurdu. Bu sırada xüsusilə yerli icra hakimiyyəti başçıları dayanırlar. Çox təəssüf ki, bu gün də mərkəzi idarəetmə sistemində və yerlərdə Ramiz Mehdiyevin çoxsaylı kadrları fəaliyyət göstərirlər. Bu adamların ölkənin idarəçilik sistemindən mümkün qədər tez təmizlənməsi və dövlətdən müxtəlif əyri yollarla oğurladıqlarının əllərindən alınması dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Böyük kapitala sahib olan bu adamlar dövlətçiliyimiz üçün ciddi təhlükədirlər”.


Zaira Akifqızı


Original mənbə