logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Bakının “İbrahim sazişləri”nə qoşulması yenə ertələndi

Bakının “İbrahim sazişləri”nə qoşulması yenə ertələndi

29/10/2025

3 dəq. oxu

Avropalı ravvinlərin Azərbaycan paytaxtında keçirilməsi planlaşdırılan toplantısı niyə təxirə salındı? 

Noyabrın 3-6-da avropalı ravvinlərin Bakıda keçirilməsi planlaşdırılan toplantısı gözlənilmədən təxirə salınıb. Tədbirdə Avropa, İsrail, ABŞ və digər ölkələrdən 600-ə yaxın ravvinin iştirakı gözlənilirdi. 

Minval.info xəbər verir ki, tədbirin ləğv səbəbləri və mümkün yeni tarix açıqlanmayıb. Forumun gündəliyinə İsrailin dörd ərəb ölkəsi ilə sülh müqavilələri imzaladığı “İbrahim sazişi”nin  genişləndirilməsi də vardır. Bu dəfə müzakirə Azərbaycanın onlara qoşulmasının mümkünlüyü, eləcə də dini etiqad azadlığının təşviqi və Avropada artan antisemitizmlə mübarizəyə həsr olunacağı deyilirdi. Avropalı ravvinlərin həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubaya səfər etməli idilər.  

Qeyd edək ki, Avropada əsas pravoslav ravvinlər ittifaqı olan təşkilat Avropadakı icmalardan 700-dən çox dini lideri birləşdirir. 1956-cı ildə qurulan təşkilat Avropadakı yəhudilərin hüquqlarını müdafiə etmək üçün çalışır, din azadlığı və yəhudi icmaları ilə bağlı məsələləri müzakirə edir.

“İbrahim sazişi”nə gəlincə, bəllidir ki, 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir. 

Tədbirin ertələnməsi və ya təxirə salınmasının səbəbləri haqda birmənalı fikir bildirmək çətindir. İranla bağlı bir sıra regional amilləri də nəzərə almaq lazımdır. Digər tərəfdən, uzun müddətdir ki, Tel-Əvivlə Ankara arasındakı münasibətlər soyuqdur. Hətta iki ölkə arasındakı əlaqələrdə müəyyən kəskin ritorika, söz döyüşü bir-birini əvəzləyir. Belə bir vəziyyətdə isə Bakının “İbrahim sazişi”nə “hə” deyəcəyini gözləməyə dəyməzdi...

Sabiq maliyyə naziri, professor, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, Azərbaycanın yerləşdiyi böyük regiondakı ölkələr arasında olduqca mürəkkəb bir münasibətlər sistemi formalaşıb: “Bir dövlət kimi xarici siyasətimizin əsasında heç kimin daxili işlərinə qarışmamaq, hər bir ölkə ilə maksimum əməkdaşlıq etmək dayansa da, əhatəmizdə olan dövlətlər arasında baş verən ciddi qarşıdurmalar bizi hərdən çıxılmaz duruma sala bilir. Bu  sırada İsrail - Azərbaycan, İsrail- Türkiyə, Azərbaycan-İran, İran-İsrail münasibətlərindəki durum xüsusi qeyd olunmalıdır. İndi meydanda Azərbaycan üçün bəzi region ölkələri ilə "dostumun dostu mənim dostumdur, düşmənimin düşməni məni düşmənimdir" kimi münasibətlər formulası demək olar ki, işləmir. Daha doğrusu, bəzi ölkələrə münasibətdə bu formulada hər şey öz yerini  dəyişir  və o belə oxunur - “dostumun düşməni mənim dostumdur (Azərbaycan-Türkiyə-İsrail) və ya dostumun dostu mənim düşmənimdir (İran-Azərbaycan-Ermənistan)”. Kimsə deyə bilər ki, İran bizə qonşu ölkədir, dost ölkə deyil. Lakin mən belə fikirlərlə razı deyiləm. Biz İrana nə qədər qonşu ölkə desək də, əhalisinin az qala 3/2-si Azərbaycan türkləri olan bu ölkə Azərbaycana qarşı hansı münasibət sərgiləməsindən asılı olmayaraq bizə dost və qardaş ölkədir. Münasibətlərdə məntiqin bu qədər deformasiyasından bir dövlət olaraq biz müəyyən qədər əziyyət çəkirik. 44 günlük müharibədə həm Türkiyə, həm də İsrail bizim yanımızda dayanıb, qələbəmizə ürəkdən dəstək verdilər. Bu gün Azərbaycanın da səylərinə baxmayaraq, hər iki ölkə arasında yaranmış gərginlik öz həllini tapa bilmir. Qonşu İranla münasibətləri yaxşılaşdırmaq istəyimizin yetərincə reallaşa bilməməsinin səbəblərindən biri İran-İsrail düşmənçiliyidir. Bütün bu dediklərimiz fonunda Bakıda Avropa, İsrail, ABŞ və digər ölkələrdən 600-ə yaxın ravvinin iştirakı ilə keçiriləcək tədbirin təxirə salınması müəyyən qədər anlaşıla bilir. Düşünürəm ki, bu gün Qəzzada baş verənlər fonunda bütün dünya müsəlmanlarının İsrailə qarşı çıxışlar etdiyi bir durumda bizim ən azından neytral mövqedə dayanmağımız doğru seçim ola bilər.  Nə qədər çətin olsa da, biz yaranmış bu durumda balanslaşdırılmış siyasət yürütməkdə davam etməliyik. Ən doğru seçim budur..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə