logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir - İDDİA

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir - İDDİA

31/10/2025

3 dəq. oxu

Sanksiyalar tətbiq edilən şirkətin Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası fəaliyyət göstərir - SOCAR rəhbəri “Qazprom”un sədri ilə niyə görüşüb?

“Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı Azərbaycan tərəfi ilə həm yüksək, həm də işçi səviyyədə dialoq aparır”. “İnterfax”  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Hazırda gərgin iş gedir. Prezident bütün bu məsələləri qaldırıb və onlar işçi səviyyəsində qaldırılır. Dialoqumuzu davam etdiririk”, - Peskov Bakıda həbs edilmiş Rusiya vətəndaşlarının azad edilməsi üçün Rusiyanın gördüyü tədbirlərlə bağlı sualı cavablandırarkən deyib.  

Qeyd edək ki, Vladimir Putinin Bakıya zəngindən sonra Bakı məhkəməsi saxlanılan Rusiya vətəndaşlarının həbs müddətini daha 3 ay uzadıb. Bu da Rusiya ilə müzakirələrdə prioritet mövzunun heç də həbsdəkilərlə bağlı olmadığını göstərir. Çünki indi Rusiyanın əsas gündəmi Azərbaycanda da fəaliyyəti olan neft-qaz şirkətlərinə ABŞ-nin tətbiq etdiyi sanksiyalarıdır. “Lukoil” artıq rəsmi press-relizdə bildirib ki, yaranmış vəziyyətlə əlaqədar beynəlxalq aktivlərini satır.  

“Lukoil”in satmaq niyyətində olduğu konkret layihələr və aktivlər hələ açıqlanmayıb. Bunlara onun “Şahdəniz” layihəsindəki payı, Azərbaycandakı yanacaqdoldurma məntəqələri şəbəkəsi, yoxsa ölkəmizdə yerləşən neft bazasının daxil olduğu hələ dəqiqləşdirilməyib. “Lukoil”in “Şahdəniz” yatağındakı payı formal olaraq sanksiyalardan azaddır, lakin bu, aktivlərin satılmamasına zəmanət vermir. “Lukoil” Azərbaycanda 87 yanacaqdoldurma məntəqəsi və 1 neft bazası ilə fəaliyyət göstərir. 

İqtisadi sektordan məlumatlı olan mənbənin bildirdiyinə görə, yaxın günlərdə“Lukoil”in səhmlərinə nəzarət paketinə sahib olan Vahid Ələkbərovun Bakıya gələcəyi  gözlənilir. Təbii ki, bu, qeyri-rəsmi səfər xarakteri daşıya, informasiya yayılmaya bilər. Maraqlıdır ki, bu ərəfədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sankt-Peterburqda “Qazprom”un sədri Aleksey Millerlə görüşüb. “Qazprom” bu barədə məlumat yaysa da, digər təfərrüatlar bəlli deyil.    

Bəs Rusiya  şirkətləri ilə alqı-satqı alınacaqmı? Kreml sözçüsünün həbsdəkilərin azadlığı ilə müzakirələr aparılması barədə açıqlaması daha çox nəyə hesablanıb?

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında son 9 ayda yaşanan Rusiya-Azərbaycan münasibətlərindən söz açdı: “Rusiya-Azərbaycan münasibətlərində prezidentlərin Düşənbə görüşündən sonra gərginliyin aradan qaldırılması istiqamətində addımlar atılmağa başladı. Lakin AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması səbəbindən yaranmış gərginliyin dərhal aradan qalxacağı gözlənilən də deyildi. 

Rusiya-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Lakin buna baxmayaraq, münasibətlərdə 9 ay davam edən gərginliyin sayılı günlər ərzində aradan qaldırılması mümkün deyil və bu təbii ki, zaman tələb edir. Düşənbə görüşündən sonra münasibətlərdə yaranmış düyünlərin açılmasına start verildi. Hər iki tərəf ölkələrimiz arasında münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılmasında maraqlıdır. Lakin yaddaşı zəif olan “5-ci kolon”un tör-töküntülərinə bir də xatırladıram ki, Azərbaycan müstəqil dövlətdir, o, regionda və dünyada özünün balanslaşdırılmış xarici siyasəti ilə digər dövlətlərdən fərqlənir və öz dövlət maraqlarını hər hansı maraqlara dəyişmək fikrindən çox uzaqdır. Sanksiya altında olan Rusiya şirkətlərinin problemlərinin həlli isə bizə aid deyil. Biz bu məsələdə ABŞ başda olmaqla, Qərbə qarşı gedə bilmərik. Lakin əgər Rusiyanın Azərbaycanda çalışan hər hansı bir şirkəti öz payını satmaq istəyirsə və bu Azərbaycanın maraqlarına cavab verə biləcək bir əməliyyat olarsa, o halda nədən Azərbaycan bu payları almasın. “Lukoil” şirkətinin sahibinin Azərbaycan kökənli olması da belə alqı-satqı əməliyyatının baş tutmasına təsir edən amillərdən biri ola bilər. Yox, əgər Qərb tərəfindən bu əməliyyatlar sanksiyalara qarşı bir addım kimi dəyərləndirilərsə, o halda onların baş tutması mümkün deyil. Biz ABŞ və AB ilə münasibətlərimizin yaxşılaşdığı bir dönəmdə bu məsələlərdə daha diqqətli olmalıyıq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Original mənbə