XƏBƏRLƏR
İki iqtisadçıdan fərqli izah
Bu il Hindistana Azərbaycan investisiyaları dəfələrlə artıb. Mərkəzi Bankın məlumatına görə, Yeni Dehlinin Azərbaycan iqtisadiyyatına investisiyası da təxminən 10% artıb. Bildirilir ki, Azərbaycan sahibkarları ilin birinci yarısında Hindistanda iqtisadi layihələrə investisiyalarını 93 dəfə artırıblar. Onlar bu ölkənin iqtisadiyyatına 2,6 milyon dollardan çox sərmayə yatırıb. Maliyyə tənzimləyicisinin hesabatına əsasən, Azərbaycanın ümumi investisiyada payı 0-dan 0,2%-ə yüksəlib.
Maraqlıdır ki, Azərbaycanda həyata keçirilən layihələrə Hindistan biznes sərmayəsi də ilin ilk altı ayında təxminən 10% artıb. Ümumilikdə bu il Hindistan Azərbaycana 24 milyon dollardan çox sərmayə qoyub.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Azərbaycan sülhsevər və bütün ölkələrlə sağlam münasibətlər yaratmaq yolunu tutmuş bir dövlətdir. Professor diqqətə çatdırdı ki, Azərbaycan yalnız regionun deyil, dünyanın istənilən yerində olan bir ölkə ilə məmnuniyyətlə sağlam münasibətlər qura bilir: “Son onilliklər ərzində buna dair çoxsaylı nümunələr gətirmək mümkündür. Bu sırada Hindistan da müstəsna deyil. Baxın, Fransa Azərbaycan Ordusunun Qarabağ torpaqlarımızda apardığı 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatları dönəmində Azərbaycana qarşı nə qədər basqılar etdi. Lakin Azərbaycan hökuməti öz təmkinini itirmədi. Siyasi müstəvidə Fransanın bu ədalətsiz davranışının cavabını layiqincə versək də, Fransa ilə iqtisadi və ticarət əlaqələri qorunub saxlandı. Yəni əslində Azərbaycan hökuməti Fransanın bu ədalətsiz davranışına cavab olaraq burada fəaliyyət göstərən bəzi müəssisələrin fəaliyyətini əngəlləyər və ya onların bağlanmasına nail ola bilərdi. Lakin biz bunu etmədik. Çünki Azərbaycana yönəlmiş bu münasibət Fransanın indiki prezidenti Makronun şəxsi təşəbbüslərindən irəli gəlirdi”.
Onun sözlərinə görə, biz siyasi müstəvidə bu ədalətsiz davranışa qarşı mübarizə aparsaq da, dövlətlər arasındakı münasibətləri şəxsi münasibətlər səviyyəsinə endirmədik: “Bu gün Azərbaycan eyni münasibəti Hindistana qarşı sərgiləyir. Hindistanın Ermənistana silah satması, qardaş Pakistanla münasibətləri gərginləşdirməsi bizim üçün qəbuledilməzdir. Lakin bu o demək deyil ki, biz Hindistan kimi Asiyada xüsusi çəkisi olan və bu gün yerləşdiyi regionda ən böyük iqtisadi artımlar əldə etmiş bir dövlətlə aramızdakı körpüləri yandırmalıyıq. Bir tərəfdən Hindistan silahlarını kiməsə satmalıdır. Bunun Ermənistan olması da adi bir haldır. Digər tərəfdən Hindistanla Pakistan arasında Kəşmir üzərində artıq uzun illərdir ki, münaqişə davam edir. Bu isə o demək deyil ki, biz Hindistanla əlaqələrimizi zəiflətməli və ya dondurmalıyıq”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”