logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Novruzadək Naxçıvana Araz dəhlizi açılacaq - İran üzərindən dəhlizi Qərb qəbul edəcək?...

Novruzadək Naxçıvana Araz dəhlizi açılacaq - İran üzərindən dəhlizi Qərb qəbul edəcək?...

15/10/2025

3 dəq. oxu

Fikrət Yusifov: “Zəngəzur dəhlizi layihəsi üzrə oyun qaydalarını Azərbaycan müəyyənləşdirir”

İran ərazisindən keçərək Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək Araz dəhlizinin tikintisi Novruz bayramına qədər başa çatacaq. Bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu dəhliz “Şimal–Cənub” və “Şərq–Qərb” beynəlxalq nəqliyyat marşrutlarının bir hissəsinə çevriləcək, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsini təmin edəcək və region üçün yeni geoiqtisadi imkanlar açacaq.

Göründüyü kimi, gözlənilir ki, Araz dəhlizi “Şimal–Cənub” və “Şərq–Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin bir seqmenti olacaq. Ancaq unutmaq olmaz ki, “Şimal–Cənub” və “Şərq–Qərb” dəhlizlərində Avropa ölkələrinin marağı var. Xüsusən də “Şərq–Qərb” dəhlizində. O baxımdan Avropa İttifaqı imkan verəcəkmi İran ərazisindən keçən Araz dəhlizi sözügedən marşrutların bir seqmentinə çevrilsin? Axı İranla Avropanın münasibətləri gərgindir və onlar istəməz Tehranın mövqeyi güclənsin. Onlar bunu istəyəcəkmi? Və yaxud da Türkiyə buna nə dərəcədə normal yanaşacaq ki, Araz dəhlizi “Şərq–Qərb” dəhlizinin bir seqmentinə çevrilsin?

“Yaxın Şərqdə müharibənin başa çatdığı indiki dönəmdə Qərblə İran arasında münasibətlərin də tədricən yaxşılaşması gözlənilir”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında buna bir bir neçə aspektdən yanaşdı: “Hesab edirəm ki, Araz çayı üzərində tikilən körpü vasitəsilə İran üzərindən Naxçıvanla əlaqə yaradılması ilk növbədə Azərbaycanın və İranın maraqlarına xidmət edir. Zəngəzur dəhlizinin bir seqmentinin İran üzərindən keçməsinə Qərbin o qədər də xoş baxmayacağı gözləniləndir. Lakin heç kim unutmamalıdır ki, Zəngəzur dəhlizi layihəsi üzrə oyun qaydalarını Azərbaycan müəyyənləşdirir. Digər tərəfdən, Ermənistan ikinci Qarabağ savaşındakı məğlubiyyətdən ötən 5 ilə yaxın zaman kəsiyində Zəngəzur dəhlizinin açılması ətrafında min bir oyun oynadı və sonda Azərbaycan məcbur olub bu dəhlizin bir xəttinin İran üzərindən keçməsi istiqamətində Tehranla danışıqlara başladı. İran da bu təklifi dəstəkləyərək qəbul etdi. Yəni Azərbaycan və İran hökumətləri arasında bu razılaşma əldə edilərkən heç kim Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin nə zaman bağlanacağına təminat verə bilməzdi. Həmçinin heç kim ağlına belə gətirə bilməzdi ki, bir neçə il sonra Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi paraflanacaq və Zəngəzur dəhlizindən keçən yolun idarəçiliyini ABŞ həyata keçirəcək. Azərbaycan bir dövlət olaraq həmişə öz sözünün sahibi olub. Siyasətdə bəzilərinin oynadığı kimi bu gün bir söz, ertəsi gün başqa bir söz deməyib və bir qayda olaraq “sözümüz imzamızdır” prinsipi ilə verdiyi sözü, götürdüyü öhdəlikləri yerinə yetirib. O səbəbdən, İranla bağlanmış müqavilə əsasında Araz çayı üzərindən keçən körpü vasitəsilə Zəngəzur dəhlizinin bir seqmentinin də işləyəcəyi heç şübhə doğurmur. Yaxın Şərqdə müharibənin başa çatdığı indiki dönəmdə Qərblə İran arasında da münasibətlərin tədricən yaxşılaşması gözləniləndir. Bu halda Qərbin Zəngəzur Dəhlizinin bir siqmentinin İran üzərindən keçməsinə qarşı çıxacağı gözlənilən deyil”.

Vidadi ORDAHALLI

Original mənbə