logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Pezeşkiandan Azərbaycanla bağlı jest - Xamenei də dəstəklədi

Pezeşkiandan Azərbaycanla bağlı jest - Xamenei də dəstəklədi

13/09/2025

2 dəq. oxu

İran prezidenti iqtisadi inkişafdan danışarkən ölkəmizdən də bəhs etməklə hansı mesajı verib?

İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətində investorlar və sahibkarlarla görüşdə Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsi barədə mühüm açıqlama verib. Pezeşkian çıxışında Ərdəbilin coğrafi mövqeyinin böyük üstünlüklər yaratdığını bildirib.

“Ərdəbil Azərbaycanla (Quzey Azərbaycanla-red.) sərhəddə yerləşir və böyük potensiala malikdir. Əgər Ərdəbilin inkişafına fərqli yanaşsaq, bir çox iqtisadi problemləri həll etmək mümkün olar. Böyük imkanlara malik bu bölgədə yeni strategiya vasitəsilə iqtisadiyyatı inkişaf etdirmək olar”, - deyə dövlət başçısı vurğulayıb. Pezeşkianın bu çağırışı həm bölgə iqtisadiyyatının canlanması, həm də Azərbaycanla qarşılıqlı əməkdaşlığın güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, İranın Ali Ruhani Lideri Ayətullah Əli Xamenei də ötən günlərdə prezidentə açıq dəstəyini ifadə edib. O, müharibə günlərində və sonrakı zamanlarda aparılan siyasətə görə Pezeşkiana təşəkkür edib. Prezident seçilən zaman isə Xamenei Pezeşkianı “ağıllı, dürüst və məşhur şəxsiyyət” kimi qiymətləndirib və onun uğurlarının İran xalqı üçün mühüm rol oynayacağını bəyan etmişdi.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında ticarət əlaqələrinin genişləndirilməsinin həm Azərbaycan, həm də İran üçün faydalı olacağını bildirdi:

“Yaxın qonşu ölkələr olsaq da, Azərbaycan və İran arasında xarici ticarət dövriyyəsi bir o qədər də böyük hesab edilmir. Lakin son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,9 dəfədən çox artıb. Belə ki, əgər 2020-ci ildə qonşu ölkə ilə ticarət dövriyyəmizin həcmi 339,1 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 647,1 milyon dollara qədər yüksəlib. Ticarət əlaqələrimizdə diqqəti çəkən əsas məqam isə budur ki, 2024-cü ildə Azərbaycandan İrana ixrac edilən məhsulların həcmi İrandan Azərbaycana ixrac edilən məhsulların həcmindən 45 dəfə az olub. Ticarət əlaqələrimizdə bu uyğunsuzluq yalnız keçən ilə aid deyil, bu ənənə illərdir ki, belə davam edir.

Daha doğrusu, əgər 2024-cü ildə biz İrana cəmi 14,0 milyon ABŞ dolları həcmində məhsul ixrac etmişiksə (2020-ci illə müqaisədə 3 dəfəyə qədər az), həmin ildə İrandan idxalımız 633,1 milyon dollar təşkil edib. İrandan ölkəmizə kartof, badımcan, xurma, portağal, qurudulmuş üzüm, qənnadı məmulatları, şirin, müxtəlif yağlar, quru peçenyelər kimi qida məhsulları, müxtəlif növ abidə və ya tikinti daşları, keramikadan hazırlanmış  sanitar-texniki məmulatlar, şüşə və şüşə məmulatları, şvellerlər, profillər, borular, qızdırıcılar, məişət cihazları, məftillər, sistern və çənlər, ayaqqabılar, polietilen, polipropilen, plastik məişət əşyaları və ev ləvazimatları kimi digər məhsullar idxal olunur. Bir sözlə biz İrandan Azərbaycana idxal olunan mallar sırasında qida məhsulları, tikinti malları və müxtəlif növ məişət əşyaları üstünlük təşkil edir. Azərbaycandan isə İrana əsasən elektrik enerjisi, təbii qaz, metal konstruksiyalar ixrac olunur.  İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi potensialı böyükdür. Hesab edirəm ki, bu əlaqələrin böyüməsi hər iki tərəfə fayda verəcək".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Original mənbə