XƏBƏRLƏR
Türkiyə vətəndaşlarının böyük əksəriyyəti - 71%-i ölkənin milli nüvə silahının yaradılması üzrə işə başlamağı zəruri hesab edib. 18% bunun əleyhinədir, 11% isə hələ qərar verməyib. Bu barədə “Research İstanbul”un keçirdiyi sorğuların nəticələri ilə bağlı məlumatda deyilir.
Göründüyü kimi, əksəriyyət qardaş dövlətin “Nüvə klubu”nun üzvü olmasının tərəfdarıdır.
Qeyd edək ki, Türkiyə kifayət qədər uran ehtiyatına malik ölkələrdəndir. Bəs 1 nömrəli strateji müttəfiqimizin nüvə dövlətinə çevrilmək üçün resursu, imkanı necə qiymətləndirilir? Bu istəyə qarşı Qərbin (ABŞ-nin), Rusiyanın reaksiyası necə olar?
Erməni mediasında gedən yazıda bu xüsusda ciddi narahatlıq ifadə edilib. Guya o halda Ermənistan Türkiyə və Azərbaycanın daha güclü təhdidi altında olacaq. Hərçənd Bakının güclü nüvə dövlətləri arasında dostları, sadəcə, daha bir vahid artmış olacaq.
Professor, iqtisadi və siyasi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da Pakistan nümunəsini önə çəkdi: “Beynəlxalq hüququn işləmədiyi bir dünyada zəif dövlətlər təqib olunur və əzilirlər. Bu, bir gerçəkdir və bu gerçəyi biz bir dövlət olaraq öz dərimizdə yaşadıq. Otuz il beynəlxalq hüquqa söykənib, torpaqlarımızı erməni işğalından azad etmək istəsək də, heç nəyə nail ola bilmədik. İkili standartların hökmranlıq etdiyi dünyada beynəlxalq hüquq yalnız o zaman işləyə bilər ki, sən həm də bir dövlət kimi güclü hərb maşınına sahib olasan. Biz də 44 günlük müharibəyə qədər müasir hərbin bütün çağırışlarına cavab verən bu hərb maşınını yaratdıq və bu maşın işə düşən kimi beynəlxalq hüquq da onunla bərabər işləməyə başladı. Bu müharibədə bizə Fransa kimi məkrli bir ölkədən başqa kimsə "nə üçün torpaqlarınızı hərbi yolla işğaldan azad edirsiz" dedimi? Yox, demədi. Çünki bu zaman biz həm siyasi, həm hüquqi, həm də hərbi cəhətdən üstün idik... Bax, bu üçüncü komponent - hərbi güc mövcud zənciri tamamladı və biz torpaqlarımızı işğaldan azad etdik. Türkiyə bu gün yerləşdiyi regionda necə söz sahibinə çevrilə bilib? Qardaş ölkə bu zirvəyə ilk növbədə hərbi gücü hesabına yüksəlib. Bu gün Türkiyə ordusu dünyanın 10 ən güclü orduları sırasındadır. Ancaq heç şübhə etmirəm ki, döyüş qabiliyyəti prizmasından yanaşılsa, Türkiyə ordusu bu gün ən güclü ordular arasında birinci üçlüyə daxil olar".
F.Yusifovun fikrincə, bu gün dünyada baş verən geosiyasi proseslər bir daha onu göstərir ki, hərb meydanında geriyə qalmaq olmaz: “İndi Türkiyənin hərbi sənayesi öz inkişafının pik həddini yaşayır. Bu sənaye artıq həm öz ordusunun tələbatı üçün, həm də ixrac üçün müasir hərbin tələblərinə tam uyğun gələn silahlar və sursatlar istehsal edə bilir. Lakin Türkiyə bu gün nüvə silahına sahib olan dövlətlər sırasında dayanmır. Qardaş ölkənin bu sırada dayanması çox qürurverici bir hal olardı. Hesab edirəm ki, Ankara bunun fərqindədir. Bu yerdə yadıma bir zamanlar Pakistanın bu silaha gizli sahiblənməsi hadisəsi düşür. Heç kim bunu ağlına gətirmədiyi bir halda Pakistan nüvə dövləti olduğunu qəfil ortaya qoydu. Biz bunu Türkiyədən də gözləyirik. Prezident Rəcəb Tayyib Ərdoğanın bu mövzudakı danışıqları deməyə əsas verir ki, Türkiyə bu istiqamətdə ciddi düşünür. Çünki indiki dünyada bu çox lazımdır...”
Cavanşir ABBASLI,
“Yeni Müsavat”