logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Vətəndaşların nəzərinə: bu bölgəyə getmək daha rahat olacaq – Bir neçə dəqiqəyə…

Vətəndaşların nəzərinə: bu bölgəyə getmək daha rahat olacaq – Bir neçə dəqiqəyə…

12/05/2025

2 dəq. oxu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində çıxışı zamanı Şuşanı Xankəndi ilə birləşdirəcək “Kanat yolu” layihəsi üzərində iş aparıldığını bildirib. Dövlət başçısı həmçinin bu cür layihələrin Laçın və Kəlbəcərdə də həyata keçiriləcəyini vurğulayıb. Məlumat üçün qeyd edək ki, İsveçrədə oxşar layihə çərçivəsində Pilatus dağına qalxan kanat yolu dünyada ən məşhur və ən çox seçilənlərdən biridir. Bu kanat 2200 metr hündürlüyə qalxır.

Qeyd etmək lazımdır ki, belə layihələr həyata keçirilərkən ətraf mühitin qorunması xüsusi önəm daşıyır. Bildirilir ki, layihə eyni zamanda bölgənin turizm potensialını artırır, ekoloji mühafizə tədbirləri ilə yanaşı, təbii sərvətlərin qorunması da burada əsas məsələ olaraq qalır.

Bu cür nümunələr Azərbaycanda uğurla tətbiq edilərsə, nələr olar?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgəsi turizmin inkişafı baxımından olduqca əlverişli ərazilərdir.

O, Azərbaycanın bu dilbər guşələrində beynəlxalq turizmin böyük perspektivlərinin mövcud olduğunu qeyd edib:

“Azərbaycan Prezidenti İlham Əliyev uzaqgörən siyasətçi və təcrübəli dövlət rəhbəridir. O, haqlı olaraq Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf perspektivlərini yüksək qiymətləndirir. Bu məkanlarda bir neçə hava limanının tikilməsi, geniş avtomobil yollarının çəkilməsi, dağ ərazilərini birləşdirəcək tunellərin inşası, yalnız adi infrastruktur layihələrin reallaşdırılması anlamına gəlməməlidir. Həm də, həmin ərazilərdə turizmin inkişafı üçün uyğun bir şəraitin yaradılması deməkdir”.

Sabiq nazirin sözlərinə görə, bu sırada Şuşa ilə Xankəndini birləşdirəcək kanat yolunun inşası tam yerinə düşən layihə olacaq:

“Belə kanat yolunun olması Şuşadan Xankəndinə getmək üçün sərf edilən zamanın bir neçə dəfə azalması deməkdir. Bu baxımdan, layihə olduqca uğurlu hesab edilməlidir. Təsəvvür edin, Xankəndinə gəlmiş turist bir neçə dəqiqə ərzində Şuşaya qalxa biləcək və o, bu yolu qalxdıqca həm də ərazinin gözəlliyini seyr etmiş olacaq. Laçın və Kəlbəcər kimi füsunkar təbiəti və təbii zənginliyi olan rayonlarda kanat yolların çəkilməsi də bu yerlərə gələn turistlərdə maraq yaradacaq”.

Fikrət Yusifov qeyd edib ki, kanat yolları atmosferin çirklənməsinin qarşısının alınması sahəsində də vasitəyə çevriləcək:

“Xankəndindən Şuşaya dolama yollarla qalxan hər hansı bir avtomobil istər-istəməz yandırdığı yanacağın tullantıları hesabına atmosferi çirkləndirir. Kanat yolundan istifadə zamanı isə belə bir hal olmayacaq”.

Zaira Akifqızı

Original mənbə