XƏBƏRLƏR
Hakan Fidanın açıqlamasından sonra türk səfir XİN-ə çağırıldı; dünyaca məşhur nəşr həyəcan təbili çaldı - iki müsəlman nəhəngi üz-üzə gələ bilərmi?
Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub. Nazir deyib ki, İranın regional siyasəti yanlışdır, bu siyasət bəzən qələbələr də gətirə bilər, ancaq uzunmüddətli perspektivdə İrana və regiona ağır başa gəlir: “Əgər siz (İran-red.) başqa ölkədəki bir qrupa dəstək verməklə narahatlıq yaratmağa çalışırsınızsa, başqa bir ölkə də sizin ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək. Bu o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmır. Başqa insanlar sizin malik olduğunuz qabiliyyətlərə malikdirlər. Odur ki, sənin şüşənə daş atılmasını istəmirsənsə, başqalarının şüşəsinə daş atma”. Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.
“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, - o bildirib.
Daha sonra isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıç XİN-ə dəvət edilib, xarici işlər nazirinin müavini Mahmud Heydəri ilə görüşüb, Fidanın açıqlamalarına bu cür etiraz edilib: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.
Maraqlıdır ki, bu günlərdə Türkiyə və İranın yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlaya biləcəyi barədə “Nəşnl İnterest” (Nİ) məqalə yazıb. İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.(Mənbə:Publika.az)
Konqres kulislərindəki müzakirələr Türkiyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir. “Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red.) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, - nəşr yazır.
Konqres üzvlərinin hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.
Fikrət Yusifov
Sabiq nazir, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, İran on illərdir regionda pozuculuq və xaos yaratmaq siyasəti yürüdür: “Bu siyasətlə uzağa getmək mümkün deyildi və belə də oldu. İsraili məhv etməklə hədələyən İranın Yaxın Şərqdə yaratdığı və on illər boyu yüz milyardlarla dollar vəsait xərcləyərək maliyyələşdirdiyi proksiləri İsrail ordusu tərəfindən qısa zaman kəsiyində yerlə yeksan edildi. Bunun ardınca İranın Yaxın Şərqdə ən böyük dayağı olan Suriyada Əsəd rejimi devrildi və İran bunun qarşısını almaq üçün səsini belə çıxara bilmədi. Bir sözlə, indiki dönəmdə İran ətrafında həlqə daralmaqdadır. Türkiyə ilə tarixən bölgədə rəqabət aparan İran indi Türkiyənin regionda mövqelərinin getdikcə möhkəmlənməsinin fərqindədir. Türkiyənin dəstəyi ilə Azərbaycanın Qarabağda erməni separatçılarını ağır məğlubiyyətə düçar etməsi də İranın Cənubi Qafqaz xəyallarının alt-üst olması demək idi. Bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli yollarının axtarılması üçün ABŞ-ın Türkiyə platformasını seçməsi də Birləşmiş Ştatların yeni prezidentinin Türkiyəyə güvəninin təzahürüdür. İran bütün bu baş verənlərdən bərk əndişəlidir. Regional müstəvidə bir-birinin ardınca mövqelərini Türkiyəyə və İsrailə təhvil vermək zorunda qalan İran, indi də İraqdakı mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qalıb”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”