XƏBƏRLƏR
İqtisadiyyat
Fikrət Yusifov: “Yanvardan neftin qiyməti 11 dollara yaxın aşağı düşüb və bu belə qısa zaman kəsiyi üçün çox böyükdür”
Neftin qiyməti 70 dollara qədər endi, ABŞ-ın OPEK+ dan istəkləri də bu məsələdə təsirini göstərməyə başlayır. OPEC+-un apreldə hasilat artımını planlaşdırdığı kimi davam etdirəcəyini bildirməsi və bazarların ABŞ-ın Kanada, Meksika və Çinə tətbiq edəcəyi tariflərə hazırlaşması səbəbindən neft qiymətləri martın 4-də daha da ucuzlaşıb.
OPEK+ ölkələri aprel ayından başlayaraq hasilatı artırmağa başlayacaqlar, könüllü şəkildə getdikləri hasilat azalmasını geri çəkəcəklər – bu isə mərhələli şəkildə bazara 2,2 mln. barel neftin əlavə olaraq daxil olması deməkdir. Neftin qiymətinin hər 1 dollar düşməsi, günlük olaraq Azərbaycanın valyuta gəlirlərinin 500 min dollar azalması deməkdir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə neft hasilatı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Üstəlik, builki büdcədə neftin 1 bareli 70 dollardan götürülüb.
Maraqlıdır, bütün bu proseslər, xüsusən də dünya bazarında neftin ucuzlaşması Azərbaycan üçün nə vəd edir?
“Belə davam edərsə, biz büdcəyə yenidən baxmaq məcburiyyətində qala bilərik”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında neftin ucuzlaşmasının yarada biləcəyi çətinliklərə bir neçə prizmadan yanaşdı: “Əslində neftin qiymətlərində enişlərin baş verəcəyi gözlənilən idi. Ən azından ABŞ prezidenti D.Tramp bu kursu aparacağını seçkiöncəsi çıxışlarında dəfələrlə səsləndirib. Onun bu məsələdə OPEK-in söz sahibi olan Səudiyyə Ərəbistanı ilə bir araya gəlməsi də məqsədyönlüdür. Yəni bu məsələdə iki böyük neft hasil edən ölkə - ABŞ və Səudiyyə Ərəbistanı dominantlıq edəcək. Əslində dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsindən ən çox itirən də Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı üçün neftin optimal qiyməti bir barel üçün 80 dollardır. Bundan aşağı qiymətlər o deməkdir ki, Səudiyyə Ərəbistanı öz xərclərini azaltmalıdır. Lakin buna baxmayaraq, Səudiyyə Ərəbistanı ABŞ administrasiyasının neftin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq təkliflərini məmnuniyyətlə qəbul edir. Bu, artıq iqtisadi deyil, daha çox siyasi sövdələşmədir. Səudiyyə Ərəbistanı bu sövdələşmədən hansı siyasi dividendlər əldə edəcək?. Bu, iki ölkə rəhbərləri səviyyəsində razılaşdırılmış məsələdir və təbii ki, açıqlanmır. Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 dollardan götürülüb. Büdcə layihəsinin ilkin variantında bu qiymət hətta bir barel üçün 75 dollar götürülmüşdü. Büdcə müzakirələri gedərkən mən mətbuat səhifələrində və TV kanallardkı çıxışlarımda bunun çox risqli olduğunu desəm də, sonda neftin qiymətləri yenə də yüksək olaraq bir barel üçün 70 dollar səviyyəsində təsdiqləndi. Cari ilin yanvar ayının 15-dən bugünə qədər neftin dünya bazarlarındakı qiymətləri bir barel üçün 82 dollardan 71 dollara enib, yəni qiymətlər 11 dollara yaxın aşağı düşüb. Bu azalma belə qısa zaman kəsiyi üçün çox böyükdür. Belə davam edərsə, biz büdcəyə yenidən baxmaq məcburiyyətində qala bilərik”.
Vidadi ORDAHALLI