XƏBƏRLƏR
“Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?
Əksinə, qabaqlarına polis düzdülər. Bu, insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canı Prezidentə fədadır. Amma çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə?” Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk plenar iclasında belə deyib. “Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın, evinə getsin”, - deyə o bildirib.
Qeyd edək ki, İmişlinin icra başçısı 1967-ci il təvəllüdlü Elçin Rzayevdir. O, 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib. Ondan əvvəl Yasamal RİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb. 2020-ci ilin mayından isə İmişlinin icra başçısıdır.
Səslənən ittihamlarla əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı. İnternetdə əlaqə saxlamaq üçün yerləşdirilən heç bir nömrəyə cavab verən tapılmadı. Elçin Rzayevin isə çox güman ki, mobil nömrəsini ona yaxın olan şəxslərdən başqa kimsə bilmir...
Qeyd edək ki, S.Novruzovun bu çıxışını gecikmiş çıxış olsa da, icra başçısı ilə bağlı olan hissəsini haqlı sayanlar kifayət qədərdir. Amma S.Novruzovun çıxışı İmişlidən olan deputat Razi Nurullayevi narazı salıb. O, sosial şəbəkə səhifəsində “İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Siyavuş Novruzovun çıxışında "İmişli deputatları ilə söhbət etmişəm, onlar mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın" yazıb. Komitə sədri isə “Razi kimdir mənim haqqımda nəsə desin, yazsın. Razinin nə dediyi, nə yazdığı mənə maraqlı deyil. Onun haqqımda nəsə yazdığını eşitmişəm, oxumamışam, vecimə də deyil. Mənə qlobal, vacib məsələlər haqqında soruşun, Razi haqqında yox!” deyib.
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov hesab edir ki, rayon icra başçısına tənqidi haqlı sayır: “O, sıradan bir avtomobil qəzası olsaydı, insanların hadisəyə bu qədər emosional yanaşması da mümkün deyildi. Kimin günahkar olmasından asılı olmayaraq, hadisə Dövlət Yol Polisi əməkdaşı tərəfindən törədilib. Deməli, bu hadisədə dövlətin adı var. Ən azından buna görə hadisənin ilk anındaca İmişli rayonunda icra hakimiyyətinin başçısı başda olmaqla, dövlət adına kim varsa hamısı həmin hadisə yerinə gəlib, insanları sakitləşdirməyə çalışmalıydı. Bir sözlə, icra başçısı hadisə yerinə gəlməklə nümunə sərgiləməli idi. Çox təəssüf ki, bir çox rayonlarda icra hakimiyyətlərinin başçıları və onlardan nümunə götürən yerli məmurlar özlərini xalqdan ayrı tutur, insanlara yuxarıdan aşağı baxırlar”. Sabiq nazir hesab edir ki, bu idarəçilik sistemi köhnəlib və onun dəyişdirilməsi zamanı çatıb: “Azərbaycanda 86 icra başçısı fəaliyyət göstərir. Belə mötəbər vəzifəyə bu qədər adamı seçib, təyin etmək də o qədər asan məsələ deyil. Dövlət başçısı bunların hamısını yaxından tanıya bilməz, bu mümkün deyil”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”