XƏBƏRLƏR
“Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevin AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərini yerinə yetirməsə, Azərbaycanı özündən uzaqlaşdırmaq riski ilə üzləşə bilər”.
“Yeni Müsavat”ın məlumatına görə, bu barədə ABŞ-dakı “Eurasianet” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Putin dilemmasının əsas mənbəyi - faciənin Rusiyanın hansısa digər guşəsində deyil, Çeçenistan üzərində baş verməsidir, hara ki, onun sözünün keçmədiyi faktiki yeganə subyektdir.
“Əgər insident Rusiyanın hər hansı başqa regionunun səmasında baş vermiş olsaydı, ikitərəfli gərginliyi azaltmaq üçün artıq addımlar atılmış olardı. Amma Putinin Çeçenistana komanda vermək imkanları məhduddur”, - deyə nəşr qeyd edib.
Bildirilir ki, aviaqəzanın baş verdiyi gün Çeçenistanın hava hücumundan müdafiəsinə komandanlığı Kadırovun qardaşı oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov həyata keçirib. Azərbaycan təyyarəsi Çeçenistan hava məkanına daxil olmazdan bir müddət əvvəl bölgə Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumuna məruz qalıb.
“Eurasianet” ardınca yazır ki, faciə günü dispetçer Ramzan Kadırovun sevimli klubunun keçmiş futbolçusu olub və bu, onun təcrübəsi ilə bağlı suallar doğurub. Məqalə müəlliflərinin fikrincə, Putin nəsə baş verəndə məsuliyyəti öz üzərinə götürməməyə meyllidir. Belə olan halda onun Kadırovun qardaşı oğlunu məsuliyyətə cəlb etməməsi, eləcə də AZAL təyyarəsinin qəzaya uğramasına görə məsuliyyət daşıyanların cəzalandırılması ilə bağlı Azərbaycanın tələblərinə məhəl qoymaması onu çıxılmaz duruma salır.
Amerika nəşri xəbərdarlıq edir ki, Putin əsas müttəfiqini özündən uzaqlaşdırmaq riski ilə üz-üzədir və Azərbaycan-Rusiya münasibətlərinin dondurulması Rusiya üçün əsas rol oynayan Şimal-Cənub nəqliyyat dəhlizinin iflasına gətirib çıxara bilər.
Bu arada məlum olub ki, AZAL-a məxsus təyyarə faktiki Qroznı hava limanına faktiki enməkdə ikən qəfildən yüksəklik götürərək Xəzər tərəfə istiqamət alıb. Qəzadan sağ çıxan Nurullah Siracov deyib: “Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yerə eniş etdi, gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanının binasını, təyyarələri gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq”.
Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb: “İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı”.
Putinin gerçəkdənmi Kadırov problemi var?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov siyasətdə dostun olmadığını qeyd etdi: “Heç şübhəsiz ki, baş vermiş qəza ilə bağlı Rusiya hökuməti və dövlət başçısı istintaq tam başa çatdıqdan sonra son sözünü deyib, qərarını verəcək. Hesab edirəm ki, siyasətdə kiçik maraqlar həmişə böyük maraqlara qurban verilir. Bəli, Ramzan Kadırov Şimali Qafqazda Rusiya prezidentinin ən yaxın adamlarından biri hesab edilir və biz onun bu yaxınlıqdan necə şıltaqlıqla istifadə etdiyini dəfələrlə müşahidə etmişik. Ancaq unutmayaq ki, siyasətdə dost olmur, siyasətdə ancaq maraqlar olur. O səbəbdən Azərbaycana məxsus uçağın vurulmasında günahkar olan şəxslərin hər birinə kimliyindən asılı olmayaraq layiqli cəzanın veriləcəyini gözləyirəm. Bu gün Putinin hakimiyyətinə Cənubi Qafqazda Azərbaycanla münasibətləri korlamaq qətiyyən lazım deyil. Rusiya onsuz da Ukrayna ilə müharibə fonunda beynəlxalq aləmdən təcrid edilmiş bir vəziyyətdədir. Belə bir vəziyyətdə Azərbaycanla münasibətləri gərginləşdirmək nə demək olardı? Azərbaycanla münasibətləri gərginləşdirmək həm də Türkiyə ilə münasibətlərin sərinləşməsi anlamına gələ bilər. Nəzərə alaq ki, Türkiyəmizin rəhbərliyi də bu məsələnin obyektiv araşdırılacağını gözləyir. Bir sözlə, Kadırovun və onun ətrafının bu qədər özündən razılığı və özbaşınalığı onlara nə vaxtsa problem yaşatmalı idi”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”