GÜNDƏM
İqtisadiyyat
Ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən biri olan kənd təsərrüfatı ərzaq təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Başqa sözlə, insanların ərzaq məhsullarına çıxış imkanlarını genişləndirir. Eyni zamanda, bu məsələnin reallaşdırılması sözügedən istiqamətdə hədəflərin formalaşması və idxalın əvəzlənməsinə də əhəmiyyətli təsir göstərir. Bununla belə, Azərbaycanın ixrac potensialında aqrar sektorun əhəmiyyətli rolunun artırılmasi ilə bağlı son 5 ildə bir sıra işlər görülüb. Ancaq bu ilin 3 ayında bəzi aqrar məhsulların ixracının kəskin azalması narahatlıq doğurur. Məsələ ondadır ki, 2020-ci ildə Azərbaycanın qeyri-neft ixtacında pomidor və bundan hazırlanan məhsullar ikinci olub (201.4 milyon dollar). Bu ilin mart ayında cəmi 7,1 milyon dollar dəyərində pomidor ixrac edilib. Keçən ilin mart ayında isə bu rəqəm 19,2 milyon dollar olub. Yəni 2,7 dəfə azalma var. 2021-ci ilin yanvar-mart aylarında cəmi 21,3 milyon dollar dəyərində pomidor ixracı olub. 2020-ci ilin eyni dövründə isə 44 milyon dollara yaxın məhsul ixrac edilib. Göründüyü kimi, azalmanın həcmi 2,1 dəfədən çoxdur. Bu cür kəskin azalma isə narahatlıq doğurmaya bilməz və bu nə ilə bağlıdır? “Məlum məhdudiyyət ölkədəki pomidor istehsalına kəskin zərbə vurdu” Məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, pomidor ixracının bu dərəcədə kəskin azalması Rusiyanın yaratdığı süni maneələrlə bağlı olub: “Problem ondadır ki, pomidorun 90 faizindən çoxu məhz Rusiyaya ixrac edilir. Bu da əhəmiyyətli dərəcədə Rusiyadan asılılığın yaranmasına səbəb olub. Rusiyanın da pomidor idxalına məhdudiyyət qoyması iqtisadi yox, siyasi səbəblərlə bağlıdır. Belə bir bəhanə uydurdular ki, guya pomidorun tərkibində filan maddənin miqdarı çox olub. Məlum məhdudiyyət ölkədəki pomidor istehsalına kəskin zərbə vurdu. Rusiya tarixən belə bir dövlət olub. Hansısa siyasi addım onların xoşuna gəlməyəndə bu cür vasitələrə əl atırlar. Halbuki, pomidor idxalına qoyulan məhdudiyyətin iqtisadi əsası yox idi. Ona görə də biz sözügedən məsələdə ciddi düşünməliyik. Yəni pomidor ixracını yalnız bir ölkəyə yönəltmək, ondan asılı olmaq doğru deyil. Maksimum ixrac bazarı şaxələndirilməlidir ki, bu cür fors-major hallar yaşanmasın. Azərbaycanda istehsal olunan pomidor dadına və keyfiyyətinə görə seçilir. Ona görə də sözügedən məhsulun digər ölkələrə ixracı təşkil olunmalıdır. Məsələn, Ukraynaya, ərəb ölkələrinə bu məhsulu ixrac etməliyik. Sadəcə, gərək müvafiq qurumlar bununla bağlı işləsinlər”. Professor onu da qeyd etdi ki, ixrac bazarları şaxələndirilmədən bu problemin birdəfəlik həlli mümkün deyil.