GÜNDƏM
İqtisadiyyat
“Əgər Trampın tariflərlə bağlı qəbul etdiyi qərar olduğu kimi tətbiq ediləcəksə, bu dünya iqtisadiyyatında 9 bal gücündə bir zəlzələ effekti yaradacaqdır”
Bunu Moderator.az-a açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.
İqtisad elmləri doktoru qeyd edib ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldiyi birinci dönəmdə başlatdığı və ilk növbədə iqtisadi müstəvidə Birləşmiş Ştatların əsas rəqibi olan Çinə qarşı yönəlmiş rüsum müharibəsini bu gün bütün artıq bütün dünyaya elan etdi. Tramp nədən belə edir? Onun atdığı bu addımlar nə qədər gerçək ola bilər? Dünya iqtisadiyyatının dörddən birinə sahib olan ölkənin bu rüsum müharibəsi dünya iqtisadiyyatına və elə ABŞ-n özünə nələr vəd edir? Trampın bu addımları ilə bağlı çoxsaylı suallar demək olar ki, bu gün hər kəsi düşündürür:
“Gəlin ilk növbədə Tramp nədən belə edir sualına cavab tapmağa çalışaq. Tramp ABŞ-n dünyanın aparıcı ölkələri ilə xarici ticarət dövriyyəsinə baxır və bu ticarətdə Birləşmiş Ştatların demək olar ki, bütün hallarda mənfi saldoya malik olduğunu görür. Yəni Çin də, Hindistan da, Avropa Birliyi də ABŞ-a daha çox mal-məhsul ixrac etsələr də, Birləşmiş Ştatlardan daha az mal-məhsul alırlar. Tramp iqtisadçııdır, biznesmendir, o, hər bir işə - ölkəsinin digər ölkələrlə münasibətlərinə də iqtisadiyyatın, biznesin gözü ilə baxır. O, Birləşmiş Ştatların xarici ticarət balansında on illər ərzində yaranmış bu disproporsiyanı aradan qaldırmağın yollarını arayır. Trampın bu günlərdə imzaladığı sərəncamla idxal rüsumlarının dünyanın bütün ölkələrinə şamil olunması nəzərdə tutulur. Beləliklə, ABŞ-a idxal olunacaq mallara minimum gömrük rüsumu 10% təşkil edəcəkdir. Lakin bu sırada ayı-ayrı ölkələr üçün daha yüksək tariflərin tətbiq edilməsi nəzərdə tutulur. Məsələn, Çinə 34%, Avropa İttifaqına 20%, Yaponiyaya 24%, Hindistana 26% idxal rüsumlarının tətbiqi nəzərdə tutulur. Əgər gerçəkdən belə rüsumlar tətbiq edilərsə, bu Amerika bazarının özündə ciddi fəsadlara gətirib çıxara bilər. Bu gün ABŞ bazrında hansı məhsulu almaq istəyirsən onun Avroasiya məkanında və ilk növbədə Çində istehsal olunduğunu görürsən. Təsəvvür edin, Çindən idxal olunmuş hər hansı bir məhsulun qiyməti bu gün 100 dollardısa, 34% səviyyəsində olan yeni tarifin tətbiqindən sonra həmin məhsulun qiyməti 134 dollar olacaqdır. Heç kim düşünməsin ki, Amerika vətəndaşı bundan məmnun qalacaqdır. O səbəbdən inanmıram ki, D.Trampın bu qərarı olduğu kimi işləyə bilsin. Yəni onun praktiki cəhətdən işləməsi mükün deyil. İki aydan bir qədər çox zamandır ki, Donald Tramp hakimiyyət kürsüsünə əyləşib. Onun seçki öncəsi verdiyi vədlər və hakimiyyət kürsüsünə oturduqdan sonra qəbul etdiyi bir çox qərarların havada qaldığını görürük. Çünki onların əksəriyəti real deyil. Rüsum mühaibəsi də bu sıradan olan qərarlardan biridir. Yəni onu bu şəkildə tətbiq etmək mümkün deyil. Açdığı bu müharibə ilə Tramp bir əli ilə oturduğu budağı, digər əli ilə isə həmin budağın mənsub olduğu ağacı baltalamış olur. Bu olduqca təhlükəli bir oyundur...”.
Mehin Mehmanqızı