GÜNDƏM
İqtisadiyyat
Beş aydan çoxdur ki, müharibə başa çatıb. Uzun illərin həsrətindən sonra işğal altında olan ərazilər geri qaytarıldı. Nəticədə tamamilə yeni reallıqlar yarandı. Artıq qış fəsli arxada qalıb. Hökumət öz imkanları hesabına azad edilən ərazilərin bərpası ilə bağlı işləri bir az da sürətləndirib. Zatən, 10 noyabr razılaşmasından sonra bu yöndə işlərə start verilmişdi. İnfrastrukturun yaradılması, bir sıra digər zəruri işlərin görülməsi buna əyani sübutdur. Dövlət büdcəsindən bu məqsədlə 2,2 milyard manat vəsait ayrılıb. Bütün bunlarla paralel, minalanmış ərazilər təmizlənir. Ancaq qəribədir ki, ötən bu müddət ərzində Azərbaycandakı özəl sektor bu yöndə, demək olar, heç bir iş görmək təşəbbüsü ilə çıxış etmir. Ölkədə fəaliyyət göstərən çoxsaylı özəl şirkət, banklar sosial məsuliyyət mövqeyindən çıxış edərək, öz imkanları hesabına azad edilən ərazilərdə bərpa prosesində bu və ya digər formada iştirakla bağlı hər hansı təşəbbüskarlıq göstərmirlər. Düzdür, ərazilərin minalardan təmizlənməsi prosesi başa çatmayıb. Ancaq, ən azından, hansısa layihələri təqdim edə bilərdilər. Nəzərə alsaq ki, görüləsi işlər həddən artıq çoxdur, o zaman özəl qurumlar niyə bu qədər biganəlik göstərirlər? “Bu iş yaxşı təşkil olunsa, bir sıra ölkələrdə yaşayan və əslən azərbaycanlı olan sahibkarlar buna qoşulacaqlar” Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, özəl sektorun ərazilərin bərpası prosesində passiv iştirakı təəssüf doğurur: “Hansı ki, bizdə çoxsaylı imkanlı sahibkar var və onlar bu işə töhfə verə bilərlər. Ancaq onlar bu yöndə təşəbbüskarlıq göstərmək əvəzinə, hansısa tenderin keçirilməsini gözləyirlər. Gözləyirlər ki, dövlət tender keçirsin və bundan onlara da pay çatsın. Yəni podratçı kimi iştirak edib iş qursunlar. Təkcə bu nöqteyi-nəzərdən məsələyə yanaşmaq doğru deyil. Bütün bunlarla yanaşı, özəl sektorun işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirakını təmin etmək üçün bu işi təşkil etmək lazımdır. Müvafiq qurumlar bununla bağlı proqram hazırlamalıdırlar. Bununla bağlı sahibkarlar layihələr təqdim etməli, tenderlər keçirilməlidir. Məsələn, hansısa rayonun infrastrukturunun qurulmasını, yolların çəkilməsini, sosial obyektlərin tikilməsini müəyyən sahibkarlara tapşırmaq olar. Şərti olaraq Füzuli rayonunda konkret hansısa işlərin görülməsində sahibkarlar öz vəsaiti hesabına iştirak edə bilərlər. Məsələn, 5 məktəbin, 10 uşaq bağçasının tikintisini özəl sektor təşkil edə bilər. Təbii ki, bütün işləri sahibkarlar görə bilməzlər. Bunu sahibkarlar arasında bölüşdürmək lazımdır. Fikrimcə, bu iş yaxşı təşkil olunsa, bir sıra ölkələrdə yaşayan və əslən azərbaycanlı olan sahibkarlar buna qoşulacaqlar. O qədər ölkə daxilində və xaricdə imkanlı iş adamımız var ki... Sadəcə, bu işin doğru-düzgün təşkil olunmasına ehtiyac var. Əvvəl-axır, biz buna getməliyik. Yoxsa, bütün bərpa və yenidənqurma işlərini dövlətin üstünə yükləmək doğru deyil”. Professor onu da qeyd etdi ki, sahibkarlar bu prosesdə yaxından iştirak etsələr, bərpa prosesi sürətlə gedəcək.