logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2025 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Rusiya beynəlxalq sanksiyalardan Ermənistan vasitəsilə yayınır – “Ekonomiks” İctimai Birliyinin tədqiqatı

Rusiya beynəlxalq sanksiyalardan Ermənistan vasitəsilə yayınır – “Ekonomiks” İctimai Birliyinin tədqiqatı

03/10/2025

2 dəq. oxu

2025-ci il oktyabrın 3-də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair apardığı tədqiqatın yekun nəticələrini ictimaiyyətə açıqlayıb.
Təşkilatın sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov brifinqdə bildirib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əsas maliyyə mənbələrindən biri Ermənistan üzərindən həyata keçirilən idxal-ixrac əməliyyatlarıdır. Onun sözlərinə görə, Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə Ermənistanın xarici ticarət dövriyyəsində müşahidə edilən kəskin artımlar birbaşa əlaqəlidir.
Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların məlumatlarına əsasən, son beş ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına yüksəlib. Xüsusilə qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar üzrə idxal və ixrac əməliyyatlarında rekord göstəricilər qeydə alınıb:
Ermənistanın Rusiyadan idxalı 2021-ci ildə 1,8 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə bu rəqəm 9,2 milyard dollara çatıb, bunun da 75%-i qiymətli metalların payına düşüb.
Eyni zamanda, Ermənistandan bu məhsulların ixracı 2020-ci ildə 368,8 milyon ABŞ dollarından 2024-cü ildə 8,4 milyard ABŞ dollarına yüksələrək 23 dəfə artıb.
Fikrət Yusifov bu vəziyyəti “pərdələnmiş iqtisadi əməliyyatlar” adlandıraraq qeyd edib:
“2020-ci ildə ağır məğlubiyyət yaşamış, iqtisadiyyatı zəifləyən Ermənistanın əhalisi birdən-birə xaricdən bu qədər qiymətli daş və metal ala bilməz. Bu, Rusiya ilə Ermənistan arasında sövdələşmənin nəticəsidir və məqsəd Rusiyanın sanksiyalardan yayınmasına şərait yaratmaqdır.”
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli isə vurğulayıb ki, bu fəaliyyət beynəlxalq hüquqa ziddir və BMT Baş Assambleyasının qətnamələrinə görə, başqa dövlətin hüquqazidd əməlini dəstəkləyən ölkə də məsuliyyət daşıyır.
“Ekonomiks” İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov əlavə edib ki, bu qeyri-qanuni ticarət əlaqələri region üzrə iqtisadi məlumatları təhrif edir və ciddi yanlışlıqlara yol açır.
Brifinqdə həmçinin qeyd olunub ki, Ermənistan məsuliyyətli və prinsipial davranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz yaratmamalıdır. Çünki bu, Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasına şərait yaradır.
Xatırladaq ki, Azərbaycan QHT-ləri dəfələrlə beynəlxalq qurumlara müraciət edərək, Ermənistanın idxal-ixrac əməliyyatlarının araşdırılmasını və Rusiyanın sanksiyalardan yayınma sxemlərinin ifşa olunmasını tələb ediblər.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi hazırladığı hesabatı ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukrayna mövzusunu araşdıran aparıcı beyin mərkəzlərinə təqdim edəcək.