GÜNDƏM
Azərbaycanın Qazax istiqamətində hərbi-strateji mövqeləri gücləndi, perspektivdə anklavların, həmçinin SSRİ dövründə ermənilərə bağışlanmış ərazilərimizin azad ediləcəyi gözləntisi də var
Mayın 24-də Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olundu, Dövlət Sərhəd Xidməti isə əraziləri nəzarətə götürdü.
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan rəhbərlik edirlər. Şahin Mustafayevin xidməti bildirir ki, Qazax rayonu ərazisində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib, bununla 6,5 kvadrat kilometr ərazinin Azərbaycana qaytarılması mümkün olub. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin etdi.
Qeyd edək ki, Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Ermənistan ərazisinin bir hissəsi - hazırda Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın əlindədir.
Ermənistanda hakimiyyət 34 il əvvəl işğal olunan Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır. Bu barədə “Fakt” saytı yazıb. Sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komitəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb. Bildirilir ki, bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants (Tavuşun kəndi) sakinlərinə hüquqi qeydiyyat şəhadətnaməsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz”.
Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan “Tiqranaşen (Kərki) və Tavuşun kəndləri”nin (Qazaxın kəndləri: 4-ü qaytarılıb, 3 anklav qalır-red) Ermənistanın 29800 kvadratkilometr (daha sonra 29,743 olduğu qeyd edildi) ərazisinə daxil olmadığını bəyan edib, o zaman, eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Tiqranaşen (Kərki) sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib.
Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin", - sayt yazır.
Qeyd edək ki, işğaldan sonra Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov erməni tərəfdə olan hər bir qarış Azərbaycan torpağının geri qaytarılacağını bildirdi: “Ermənistan Sovetlər Birliyi dağıldığı ərəfədə və ondan sonra işğal etdikləri Azərbaycan torpaqlarını geri qaytaracaqlar. Bunun alternativi yoxdur. 44 günlük savaşdan və bir günlük antiterror əməliyyatından sonra ilk dəfə olaraq ermənilər digər torpaqlarımızın da sülh yolu ilə Azərbaycana qaytarılmasına başladılar. Növbəti addım Qazaxın eksklav olan üç kəndinin və Kərki kəndinin geri qaytarılması olacaq.
Bundan sonra isə ermənilər zaman-zaman sərhədlərimiz boyunca, hələ sovetlər dönəmində “səssiz” yağmaladıqları torpaqları geri qaytarmaq zorunda qalacaqlar. Sərhədlərdə aparılan delimitasiya işləri məhz bu məqsədə xidmət edəcəkdir. Sərhədlərin delimitasiya prosesi davam etdikcə, ermənilərin zaman-zaman bizdən nə qədər torpaq oğurladıqları tam üzə çıxacaq.
Bu gün ermənilər Qazaxın dörd kəndini tərk edərkən Ağdamı, Kəlbəcəri və Laçını tərk edərkən oynadıqları oyunları oynadılar. Bütün bunlar bir millətin iç üzünün göstəriciləridir".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”