GÜNDƏM
Siyasət
“Meydanda tək qalan Tehrandan fərqli olaraq İsrail öz müttəfiqləri ilə birgə real hərəkət imkanlarına malikdir”
İranın İsrailə raket hücumu Yaxın Şərqdəki durumun partlayış həddində olduğuna şübhə saxlamadı. Vəziyyəti xüsusilə həssas edən isə iki ölkə arasında genişmiqyaslı hərbi toqquşmanın mümkünlüyüdür. Hərçənd nə İran, nə də seçki ilinə girmiş ABŞ və Bayden hökuməti bunda maraqlı görünmür. İsrail dövləti və baş nazir Benyamin Netanyahu haqda isə bunu söyləmək çətindir.
İranın İsrailə zərbəsini tərəflər üçün qələbəyə bərabər “heç-heçə” saymaq mümkünmü və onun davamı nə olacaq? Qarşıdurma bununla bitdi, yoxsa İsrailin cavabı mütləq olacaq? Böyük müharibə təhlükəsi sovuşdumu, yoxsa bu, yeni savaşa gətirəcək son “baş məşq” idi?
Bəs ekspertlər, hərbi analitiklər Tehranın öyündüyü silahların və İsrailin müdafiə sisteminin keyfiyyəti haqda nə düşünürlər? Kimin silahları daha effektli çıxdı, o sırada “Dəmir günbəz” sınaqdan uğurla çıxa bildimi?
İran İsrail ərazisində hərbi hədəfləri vurduğunu bildirir. Hansı hədəflərdən söhbət gedir? ABŞ prezidentinin “İranın İsrailə hücumu uğursuz oldu, yəhudi dövləti qələbə qazandı” sözləri nə dərəcədə gerçəyi ifadə edir? Belədirsə, bu, İsraili artıq birbaşa İrana hücuma sövq edə bilərmi?
İsrail mənbələrinin məlumatına görə, İsrail “yaxın 48 saat ərzində” İrana cavab verəcək. Tehranın nüvə obyektlərinin vurulacağı istisna edilmir. O halda bölgədə genişmiqyaslı müharibə alovlanmazmı?
Yaxın günlərdə İsrail hakimiyyəti İranın öz ərazisinə hücumuna hansı növ cavab veriləcəyini müəyyən edəcək.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü Peter Lerner deyib.
“İsrail hökuməti növbəti addımlar barədə yaxın günlərdə qərar verəcək. İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndələri artıq İsrail hökumətinə İranın hücumuna cavab vermək üçün bir neçə variant təqdim ediblər”, - sözçü bildirib.
İsrailə hücumdan sonra Hərbi Kabinetin naziri Benni Qantz ölkəsinin İrana qarşı regional koalisiya yaratmaq və respublikaya zərbə endirmək istədiyini açıqlayıb. O vurğulayıb ki, münaqişə hələ bitməyib.
“İsrail İrana uyğun zamanda və lazımi şəkildə cavab verəcək”, - Qantz qeyd edib.
İran və İsrail bir-birinə daha bir zərbə endirə bilər, lakin bu, çətin ki, genişmiqyaslı müharibəyə səbəb olsun.
Axar.az xəbər verir ki, bunu macarıstanlı hərbi ekspert Pyotr Dunai deyib. “Digər böyük oyunçular, o cümlədən Çin, Rusiya və Avropa Birliyi eskalasiyada maraqlı deyil. Hər kəs məhdud cavab zərbəsində maraqlıdır, bu qədər”, - o bildirib.
Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov İran mifinin İsrailə hücumla tamamilə dağıldığını düşünür: “İran yerləşdiyi bölgədə Türkiyənin və bütövlükdə Türk dünyasının qarşısında Qərbin istifadə etdiyi böyük bir alət rolunu oynayan dövlətdir. Baxın, 1970-ci illərin sonlarından - yəni İranda islam inqilabı baş verdikdən sonra bu günə qədər İran molla rejiminin başında dayanan liderlər və bu hakimiyyətin digər qulbeçələri Qərbi, ilk növbədə isə Amerika Birləşmiş Ştatlarını söyməklə İsraili yer üzündən silməklə hədələyirlər. Ötən 43 il ərzində bu hakimiyyətin Qərbə və İsrailə qarşı yaratdığı əsas problem Yaxın Şərqdə və ilk növbədə İsrail ətrafındakı ölkələrin ərazisində terrorçu təşkilatlar yaratmaqdan və dünya bazarlarında oğurluq yolla satdığı neftin pullarını İranın səfalət içərisində yaşayan insanlarının boğazından kəsib həmin terrorçu təşkilatları maliyyələşdirməkdən ibarət olub. Qərbə və İsrailə qarşı tutduğu bu yolla da İran dünyada terrorçu dövlət imici qazanıb. Baxın, son 10 ildə İran bu terrorçu təşkilatların maliyyələşməsinə 300 milyard dollardan çox vəsait xərcləyib.
Bu mollalar Amerika ilə necə düşməndilər ki, onların övladları Birləşmiş Ştatlarda xan kimi yaşayırlar və İran vətəndaşından oğurlanan pulların böyük bir qismi ABŞ-da onların bizneslərinə yatırdılır. Bu mövzuda deyiləcək faktlar çoxdur...
İndi gələk İranın son “hücumlarına”. Bəlkə də İran bu hücumu etməsəydi, hələ bir müddət İranın hərbi gücü barədə yaradılmış mif dünyanı dolaşmaqda davam edəcəkdi. İran bu hücumla o mifi öldürdü. Üst-üstə 185 pilotsuz uçuş aparatı, 110 “Yer-yer” raketi, 36 qanadlı raket atasan və onların heç biri hədəfə çatmaya... Dünyada hərbi hava qüvvələrinin mövcud olduğu tarixdə belə biabırçılıq yəqin ki, olmayıb. Ən maraqlısı isə bu “qələbəni” İran parlamentində deputatların rəqs etməklə qarşılaması və küçələrdə insanların böyük coşqu ilə qeyd etməsi oldu. Bu yerdə yadıma Şimali Koreyada bir internet TV-nin 2024 -cü ildə keçirilmiş futbol üzrə dünya çempionatında Şimali Koreya milli komandasının dünya çempionu olmasına dair çəkib nümayiş etdirdiyi videosüjet düşdü. Videosüjetdə Şimali Koreya milli komandası çempionatda bütün komandaları məğlub edir və finalda Braziliya yığma komandasına 8:1 hesabı ilə qalib gələrək, dünya çempionu olur... Sonradan bu süjeti hazırlayanlardan soruşurlar ki, nədən belə etdiniz? Onlarsa cavab verirlər ki, biz bu yolla böyük əksəriyyətinin dünya çempionatının oyunlarını izləmək imkanı olmayan futbol azarkeşlərimizi heç olmasa belə sevindirə bildik. İndi İran da öz azarkeşlərini İsrailə təmtəraqlı hücumla belə “sevindirdi”. İrana bu şou dünya gündəmini zəbt etmək üçün lazım idi. Ancaq bu addım hərbi əməliyyat kimi nə qədər uğursuz alındısa, şou kimi də bir o qədər uğursuz oldu..."
Cavanşir ABBASLI,
“Yeni Müsavat”