logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2024 “Ekonomiks” | Bütün hüquqlar qorunur

İqtisadiyyat

Qarabağ Zəfərinin iqtisadi təməlləri

Qarabağ Zəfərinin iqtisadi təməlləri

09/11/2023

7 dəq. oxu

Düşməni diz çökdürən “Dəmir yumruq” bu özül üzərində yüksəldi

Qarabağ Zəfərinin əsası 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə gəlməsi ilə qoyuldu. Dahi şəxsiy­yətin Bakıya dönüşü xalqın tələbi idi. Çünki ölkədə siyasi, sosial-iq­tisadi böhran yaşanırdı, eyni za­manda, erməni faşizmi torpaqları­mızı addım-addım işğal edirdi. 

Xalq isə bu problemləri aradan qaldı­racaq qüvvənin Heydər Əliyev olduğunu yaxşı bilirdi. Başqa sözlə, ölümlə olum arasında çarpışan bir ölkəni reanimasi­ya etmək, onu düşdüyü dərin böhrandan çıxarmaq gücü yalnız dahi lider Heydər Əliyevə məxsus idi. Ümummilli lider siya­si təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müha­ribəsi təhlükəsindən və ictimai-siyasi xa­osdan qurtardı, Azərbaycan dövlətçiliyini, iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. 

1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını gerçək­ləşdirən “Əsrin müqaviləsi”nin imzalan­ması isə xalqımızın öz maddi sərvətləri­nin, o cümlədən neftin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Hə­min vaxtdan başlayaraq aparılan ardıcıl və məqsədyönlü islahatlar nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslə­rinin qarşısının alınması iqtisadi tənəz­zülün tədricən aradan qaldırılması ilə nəticələndi. Bununla da Azərbaycanın iqtisadi inkişafının keyfiyyətcə yeni mər­hələsinin təməli qoyuldu.

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən ge­nişmiqyaslı iqtisadi islahatların ilkin nəti­cələri aparılan siyasətin düzgünlüyünün və bazar iqtisadiyyatı yolunda inamlı ad­dımların təsdiqinə çevrildi. 

Beləliklə, Ulu öndər hakimiyyətə qa­yıdaraq Azərbaycanın parçalanmasının qarşısını almaqla, siyasi hərc-mərcliyə son qoymaqla, daxili sabitliyi, əmin-amanlığı, təhlükəsizliyi gücləndirməklə ölkəni yeni dinamik inkişaf yoluna çıxar­dı. Müzəffər Silahlı Qüvvələrin yaradıl­masının əsasını yaratdı, Qarabağın xila­sı konsepsiyasını hazırladı.

Artıq 20 ildir ki, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli da­vamçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsin­də Azərbaycan bu gün dünyada qüdrətli dövlət kimi tanınır. Ötən müddətdə keçid iqtisadiyyatını arxada qoyan Azərbaycan­da həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisa­di inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, respublikamı­zın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlən­məsinə, inkişaf etmiş güclü dövlətlər sı­rasında yer almasına zəmin yaradıb.

Ölkənin iqtisadi inkişafının davam­lı olmasını özünün iqtisadi siyasətinin təməl prinsipi kimi dəyərləndirən Pre­zident İlham Əliyev güclü iqtisadiyyatın önəmini belə vurğulayıb: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisa­di cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb, qeyri-neft sekto­runda istehsal olunan ümumi daxili məh­sulun (ÜDM) nominal həcmi 16 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfəyə qədər, Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları isə 67 dəfədən çox ar­tıb. Əgər 2003-cü ildə dövlətimizin xarici borcunun ÜDM-də payı 21,6 faiz idisə, keçən il həmin rəqəm 9,5 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan dünyanın ən az borclanan ölkələri siyahısında ilk yer­lərdə qərarlaşıb. Bütün bunlar Azərbay­can Prezidentinin rəhbərliyi ilə sözüge­dən dövrdə əldə olunan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. 

Azərbaycan Qarabağın Zəfər sal­naməsini özünün güclü iqtisadi sistemini qurmaqla yaza bildi, 44 günlük mühari­bədə milli ideyası olan ərazilərinin bütöv­lüyü uğrunda “dəmir yumruğ”a çevrilərək işğalçıya qalib gəldi, haqq və ədaləti bər­pa etdi.

Məhz güclü iqtisadiyyat ölkəmizin di­namik inşafı üçün geniş maliyyə imkanla­rı yaratdı və respublikamızda dünyanın ən güclü ordularından birinin qurulması gerçəkləşdi. Prezident İlham Əliyev ulu öndərin iqtisadi siyasətini və onun tər­kib hissəsi olan neft-qaz strategiyasını uğurla davam etdirərək Azərbaycanı Av­ropanın enerji təminatçısına çevirdi. Bu uğurlar beynəlxalq siyasi müstəvidə res­publikamızı söz sahibinə çevirdi. 

Azərbaycan işğaldan azad etdiyi Qa­rabağı və Şərqi Zəngəzuru cəmi 3 il ər­zində möcüzələr diyarına çevirib. Cəmi 3 il əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan bu ərazilər indi meqalayihələrin gerçəkləşdirildiyi, nəhəng layihələrin reallaşdırıldığı unikal məkana çevrilib. 30 illik işğal dövründə mənfur düşmənin xaraba qoyduğu torpaqlarımıza yeni nəfəs verilib, vəhşicəsinə viran olu­nan təbiət yenidən canlandırılıb. 

Bu gün Qarabağ və Şərqi Zəngəzur­da müasir infrastruktur layihələri həyata keçirilir, dəmir və avtomobil yolları salınır, tunellər çəkilir, elektrik enerjisi, su təc­hizatı və digər mühüm layihələr gerçək­ləşdirilir, “ağıllı kənd və şəhərlər” salınır. Artıq bu ərazilərdə iki beynəlxalq hava limanı – Füzuli və Zəngilan aeroportları tikilərək istifadəyə verilib. Laçın Bey­nəlxalq Hava Limanının isə inşası həyata keçirilir. 

Tarixi yurdlarımızda həyata keçirilən bütün bu işlərə şəxsən nəzarət edən dövlət başçısı İlham Əliyev mütəmadi olaraq həmin bölgələrə səfərlər edərək yeni təməllər qoyur, açılışlar edir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor