logo
logo

Copyright © 2023 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

Azərbaycan–Türkiyə münasibətləri yeni strateji mərhələyə daxil olub

Azərbaycan–Türkiyə münasibətləri yeni strateji mərhələyə daxil olub

24/02/2021

6 dəq. oxu

Türkiyə – Azərbaycan iqtisadi əlaqələrinin getdikcə genişlənməsi bir millət, iki dövlət olan qardaş ölkələr arasında inteqrasiya proseslərinin sürətlənməsinə təkan verir. Son 17 il ərzində bu əlaqələrin yüksələn xətlə inkişafında hər iki ölkənin dövlət başçılarının xidməti xüsusi qeyd olunmalıdır. Məhz hər iki ölkə başçısının qətiyyətli addımları bölgədə iri enerji layihələrini reallaşdırmağa imkan verib və bununla da Azərbaycan Türkiyə ilə birlikdə Avropanın enerji təchizatında söz sahibinə çevrilib. Hər iki ölkənin bölgədə transmilli layihələrin reallaşdırılmasına dair sərgilədiyi yeni təşəbbüslər isə tək Azərbaycan və Türkiyə üçün deyil, eyni zamanda, yeni təklif olunan 3+3 formatında əhatə ediləcək hər bir dövlət üçün böyük səmərə əldə etməyə imkan verəcəkdir. Dəmir yolunun istifadəyə verilməsi Türkiyə üçün türk dilli ölkələrlə ticarəti genişləndirməyə imkan yaradacaq. Son illər Türkiyə şirkətləri Türkmənistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrə böyük həcmdə investisiyalar yatırıblar və bu ölkələrdə dövlət sifarişi ilə layihələr icra edirlər. Xüsusi olaraq Orta Asiya ölkələrinə tikinti materiallarının ixracını genişləndirirlər. Ona görə də dəmir yolu xəttinin işə düşməsi Türkiyənin türkdilli ölkələrə məhsul ixracına müsbət təsir edəcək. Eyni zamanda, İğdır və Qars bölgəsinə investisiyaların cəlb edilməsinə müsbət təsir göstərəcək. Adətən ixrac yönümlü şirkətlər daha çox nəqliyyat dəhlizlərinə asan çıxış olan ərazilərə investisiya yatırırlar. İxrac yönümlü məhsullar isə əsasən daha yüksək dəyərli olur. Ona görə də Türkiyədə bu gün üçün əsas sənaye bölgələri sahil ərazilərində cəmləşib. Bu baxımdan dəmir yolu xəttinin işə düşməsi istehsalın Türkiyənin dərinliklərinə gəlməsinə müsbət təsir edəcək. Rusiya da bu layihədən gəlir əldə edənlər arasında olacaq. Belə ki, ilk dəfə olaraq Rusiya Ermənistan dəmir yollarının istismarından gəlir əldə edəcək. Eyni zamanda rəsmi Moskva-Ankara arasında siyasi dialoqun genişlənməsi iqtisadi əlaqələrin dərinləşməsinə müsbət təsir edəcək. Bu baxımdan Rusiya Türkiyə bazarına dəmir yolu vasitəsilə sürətli çıxış əldə etmiş olacaq. İran da dəmir yolunun açılmasından fayda götürəcək. İlk növbədə, İranın şimal bölgələrində ixrac yönümlü istehsal genişlənəcək. İran bu dəmir yolunun istifadəyə verilməsindən sonra təkcə Ermənistanla ticarət dövriyyəsini ən azı 50 faizə qədər artıra bilər. Türkiyə ilə də müsbət dinamika müşahidə ediləcək. İqtisadi əlaqələrimizin inkişafı üçün hər iki qardaş xalqın seçdiyi doğru yol ölkələrimizin həm iqtisadi, həm də siyasi qüdrətinin artmasına, bununla da Azərbaycanla Türkiyə qarşısında duran bütün vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradır. İqtisadi əlaqələrin bu şəkildə sürətli inkişafı yaxın gələcək üçün iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq kimi mühüm bir hədəfə yetişməyi şərtləndirir. Bu günə qədər Azərbaycan və Türkiyə 400-ə qədər layihələrin reallaşdırılmasına nail olub. Bu baxımdan Türkiyədə Azərbaycan kapitalı ilə 2 minə yaxın iş adamının fəaliyyət göstərməsi, erməni işğalından azad olmuş ərazilərimizdə reallaşdırılan və həyata keçiriləcək layihələrdə türk şirkətlərinin geniş şəkildə təmsil olunması heç də təsadüfi sayıla bilməz. Son bir ildə Azərbaycan üzərindən keçərək Orta Asiya və əks istiqamətdə hərəkət edən yük avtomobillərinin sayı 74 faizdən çox artıb. Azərbaycanı Türkiyə ilə birləşdirəcək yeni Mehri dəhlizinin istifadəyə verilməsi isə bu əlaqələrin daha geniş bir formada inkişafını sürətləndirəcək. Azərbaycanın bölgənin tranzit yükdaşımalar mərkəzinə çevrilməsində bu yolun əhəmiyyəti misilsiz olacaq. Bu gün Bakı-Tbilisi Qars dəmir yolu ilə daşınan yüklərin həcmi ötən bir illə müqaisədə iki dəfə artıb. Naxçıvan üzərindən Azərbaycanla Türkiyəni birləşdirən nəqliyyat infrastrukturu muxtar respublikada və eyni zamanda, Azərbaycanla İran sərhədlərində yeni ticarət mərkəzlərinin yaradılması, azad iqtisadi zonaların qurulması üçün münbit şərait yaradacaq. Hazırda Azərbaycan–Türkiyə arasında həyata keçirilən düzgün, məqsədyönlü siyasət nəticəsində strateji əlaqələr özünün yeni keyfiyyət mərhələsinə daxil olub. Bu, təkcə iki qardaş ölkənin deyil, həm də region dövlətlərinin sürətli tərəqqisini, sabitliyin möhkəmlənməsini şərtləndirir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə əhəmiyyətli təsir göstərir. Fevralın 18-də Baş nazir Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr də bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir. Azərbaycan Baş nazirinin Türkiyə səfəri iki ölkənin iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradan bir sıra əhəmiyyətli sənədlərin imzalanması ilə yadda qaldı. Bu müqavilələr indiyədək yaradılan potensialdan daha səmərəli istifadə etməklə yeni uğurlar əldə olunması şəraitini reallaşdırdı. Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir. Bu sahələrdən başqa Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri çərçivəsində pandemiya səbəbi ilə sürəti azalan qlobal iqtisadi böyümə qarşısında biznes nümayəndələrinə yeni alternativlərin təklif edilməsi məqsədilə dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə sazişlər imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkə şirkətlərinin əməkdaşlığının təşviqi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistik, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərindən səmərəli istifadə ölkələrimizin ticarət, investisiya kimi sahələri başda olmaqla çoxşaxəli əlaqələrimizə töhfə verəcək. Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor