logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Sosial

Prezident elan etdi: kəndlərdən şəhərlərə axın dayana bilər

Prezident elan etdi: kəndlərdən şəhərlərə axın dayana bilər

27/05/2026

3 dəq. oxu

Prezident İlham Əliyev kənd təsərrüfatı ilə bağlı keçirdiyi sonuncu müşavirədə bir sıra aktual mövzulara toxunub. Dövlət başçısı bildirib ki, elə edilməlidir ki, kəndlərdən şəhərlərə deyil, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın.

Sitat: “Bunun üçün əlbəttə ki, kəndlə şəhər arasındakı fərqlər bütün istiqamətlər üzrə azaldılmalıdır. Bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasın, öz dədə-baba torpaqlarında çalışsınlar”.

Bəs buna necə nail olmaq olar? Hansı sahələrin inkişafına daha çox üstünlük verilməlidir?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov bildirib ki, bu istiqamətdə mümkün olan bütün addımlar atılmalıdır:

“Ancaq bir reallıq da var ki, nə qədər çalışılsa belə, şəhərlə kənd arasındakı fərqi tamamilə aradan qaldırmaq mümkün deyil. Şəhər şəhərdir, kənd isə kənd. Amma bu gün mövcud olan böyük fərq və uçurum insanların kənddən şəhərə axın etməsinə səbəb olur. Bu isə artıq bir reallıqdır. Əsas məqsəd həmin fərqləri minimuma endirmək olmalıdır. Bunun üçün ilk növbədə kəndlərdə iş yerləri yaradılmalıdır. Təsərrüfat qurmaq, mikro və ailə biznesi yaratmaq, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən hər bir bacarıqlı və təşəbbüskar insan üçün şərait formalaşdırılmalıdır. Maliyyəyə çıxış imkanları genişləndirilməli, insanlar əlçatan kreditlər vasitəsilə öz bizneslərini qura bilməlidirlər”.

Sabiq nazir qeyd edib ki, eyni zamanda kəndlərdə yaşayan gənclər üçün də normal sosial mühit yaradılmalıdır:

“Şəhərlərdə olan istirahət və əyləncə məkanlarının müəyyən formaları kəndlərdə də olmalıdır ki, gənclər özlərini sıxılmış və təcrid olunmuş hiss etməsinlər. Onlar “şəhərdə hər şey var, kənddə isə heç nə yoxdur” düşüncəsi ilə kəndi tərk etməməlidir”.

Fikrət Yusifov deyib ki, Prezidentin bu istiqamətdə səsləndirdiyi fikirlər tamamilə doğrudur:

“Kəndlə şəhər arasındakı fərqlərin azaldılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə kənddə insanların normal həyat şəraitinin formalaşması üçün iş imkanları və biznes mühiti yaradılmalıdır. Bundan sonra digər məsələlər də mərhələli şəkildə öz həllini tapacaq. Çünki kənddə həyat canlandıqca yeni xidmət sahələrinə, istirahət məkanlarına və sosial obyektlərə də ehtiyac yaranacaq. Avropanın inkişaf etmiş ölkələrinin kəndlərinə baxdıqda bunu aydın görmək mümkündür. Həmin kəndlərdə turizm imkanları yaradılıb, insanlar istirahət günlərində şəhərdən kəndlərə üz tuturlar. Ailə biznesləri formalaşır, kənd evləri turist qəbul edir, insanlar həm dincəlir, həm də kənd həyatını yaşayırlar. Bu isə kənd sakinlərinin gəlirlərinin artmasına və ailə büdcəsinin formalaşmasına ciddi töhfə verir. Ona görə də kənddə həyatın dirçəldilməsi üçün bütün imkanlardan istifadə olunmalıdır”.

F.Yusifov əlavə edib ki, bu istiqamətdə xüsusi dövlət proqramlarının həyata keçirilməsi vacibdir:

“Sevindirici haldır ki, kənd təsərrüfatı sahəsində keçirilən müşavirədə Prezident tərəfindən də bu istiqamətdə tapşırıqlar verildi və kənd təsərrüfatının inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanması gündəmə gətirildi. Arzu edərdik ki, dünyada gedən urbanizasiya prosesi Azərbaycanda müəyyən qədər səngisin. Bunun üçün isə konkret və praktik addımlar atılmalıdır”.

Zaira Akifqızı
Yazının mənbəyi