Naxçıvan Muxtar Respublikasında (MR) son bir il ərzində rəsmi işsiz kimi qeydiyyatda olanların sayı təxminən 50 faiz yüksəlib.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda muxtar respublikada rəsmi işsiz statusunda qeydiyyata alınan şəxslərin sayı 14 min 504 nəfərə çatıb. Bir il öncə, 2024-cü ildə bu rəqəm 9 min 677 nəfər idi. Hazırda Naxçıvan MR-da məşğul əhalinin sayı 261 min nəfər olaraq açıqlanıb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə muxtar respublikada cəmi 190 nəfər işsiz kimi qeydiyyata düşmüşdü. Daha dörd il əvvəl isə rəsmi olaraq heç bir işsiz qeydiyyatda deyildi.
Məlumat üçün qeyd edək ki, 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov dörd il öncə, 2022-ci ilin dekabrında istefaya göndərilib. Məlum olur ki, Talıbovun dövründə Naxçıvanda rəsmi olaraq qeydə alınan ən aşağı işsizlik səviyyəsi 2022-ci ildə olub. Ondan sonra işsizlik sürətlə artaraq 14500-ə çatıb. Deyə bilmərik Talıbov işsizlərin sayının qeydə alınmasına imkan vermirdi, yoxsa həqiqətən işsiz az idi, amma bu günki rəsmi statistika bunu göstərir.
Görünən odur ki, Naxçıvanda işsizlik daha qabarıq formada özünü göstərir. İşsizliyin köklü səbəbi nədir və çıxış yolu nədədir? Necə etmək lazımdır ki, Naxçıvanda məşğulluğun səviyyəsi arzuolunan formada olsun?
Fikrət Yusifov: “Bu, o demək deyil ki, Talıbovun dövründə işsizlərin real sayı az olub”
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Naxçıvanda işsizliklə bağlı baki-xeber.com-a açıqlamasında bildirdi ki, orada işsizlik hər zaman olub: “Talıbovun dövründə də işsizlik olub, sadəcə olaraq işsizlərin qeydə alınması məsələsinə yanaşma fərqli olub. Yəni bu, o demək deyil ki, Talıbovun dövründə işsizlərin real sayı az olub. Hər adam gedib işsiz kimi qeydiyyata düşə bilmirdi. İkincisi, Talıbovun dövründə işsizlərin rəsmi sayının az olması statistikası heç nəyi dəyişmir. Talıbov Naxçıvan sakinlərinə öz mikro biznesi ilə məşğul olmağa imkan vermirdi. Öz evində, həyətində təndirdə çörək yapmağa qadağa qoymuşdu. Qapılarının ağzında kiçik market açmağa qadağa qoymuşdu. O, hətta bəzi meyvə ağacları ilə bağlı vergi təsis etmişdi. Yəni Talıbovun dövrü Naxçıvan əhalisi üçün biabırçı, aşağılayıcı bir dövr idi. İndi də təbii ki, Naxçıvanda işsizlər ordusu var və hesab edirəm ki, bunun həlli yolları haqqında fikirləşmək lazımdır. Hazırkı yeni rəhbərlik çalışır ki, Naxçıvanda çox iş görsün. Ancaq əsas odur ki, ortada konkret nəticə olsun. Bu gün Bakının bazarlarında Naxçıvan duzu yoxdur. Axı bunu təşkil etmək nədir ki? Onu çıxarıb qablaşdırıb nəinki Azərbaycanda, dünya ölkələrinə də ixrac etmək olar. Qarşıda Naxçıvanın böyük bir nəqliyyat habına çevrilməsi prosesi var. Yenidən Naxçıvanda çox şeyləri köklü şəkildə dəyişmək mümkündür. Naxçıvan Zəngəzur dəhlizinin boğazı olacaq. Naxçıvanda gələcəkdə azad iqtisadi zonaların yaradılması mütləqdir. Biz bu məsələlər fonunda Naxçıvanın görkəmini dəyişməliyik. Təbii ki, belə bir şəraitdə Naxçıvana kapital axınına yol açılmalıdır. Xarici, yerli kapitalın axınına yol açılmalıdır ki, Naxçıvanda biznes çiçəklənsin, iş adamları ürəklə getsinlər ora. Orada çoxsaylı işlər görsünlər. Təbii ki, nəticə etibarı ilə bütün bunlar iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin açılmasına təkan verəcək”.
Vidadi ORDAHALLI
