XƏBƏRLƏR
İşğaldan azad olunmuş ərazilərimizin sürətlə dirçəldilməsi, həmçinin paytaxt Bakının yükünün yüngülləşdirilməsi üçün bir çox dövlət qurumunu (Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi...), məsələn, Xankəndiyə, Ağdama köçürmək olarmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyir ki, paytaxt Bakının yükünün azaldılması bu günün ən mühüm vəzifələrindən biridir. Onun sözlərinə görə, illər ərzində bölgələrdən paytaxta sürətli insan axını son nəticədə Bakıda ciddi problemlər yaradıb: “Ən pisi isə budur ki, həmin problemlər getdikcə dərinləşir, yerlərdən axın dayanmır, bu da Bakıda sıxlığı artırır, avtomobillərin hərəkətini çətinləşdirir və son nəticədə insanların normal həyatına ciddi təsir göstərir.
Baxın, 2025-ci ildə Azərbaycana 123,3 min ədəd avtomobil idxal edilib. Əgər nəzərə alsaq ki, Azərbaycanın avtomobil parkında orta hesabla 1,7 milyon avtomobil mövcuddur, o halda 2025-ci ildə idxal olunan 123,3 min avtomobil bu parkın 7,3 faizini təşkil edəcək. Yəni orta hesabla hər il ölkədə avtomobillərin sayı 7-8 faiz artır və bu avtomobillərin 80 faizə qədəri Abşeron yarımadasında, ilk növbədə isə Bakı şəhərində istifadə olunur. İndi gəlin görək biz Bakıda hər il yolları bu qədər genişləndirə bilirikmi? Təbii ki, yox!”
Fikrət Yusifovun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, hökumət paytaxt Bakının yükünü azaltmaq üçün kardinal addımlar atmalıdır: “Əks halda bir neçə ildən sonra Bakıda avtomobillərin hərəkəti sadəcə olaraq dayanacaq və paytaxt iflic hala düşəcək. Bəzi dövlət qurumlarının və ali məktəblərin paytaxtdan bölgələrə köçürülməsi problemin həllində bir addım kimi dəyərləndirilə bilər, lakin bu, məsələnin tam həlli demək olmayacaq. Biz yeni paytaxt haqqında düşünməliyik – bu variantın alternativi yoxdur. Hökm deyil ki, biz bu paytaxtı 3-5 ilə tikib yaradaq. Qoy yeni paytaxt müasir şəhərsalma tələblərinə uyğun bir planla 10-15 ilə salınsın. Bu halda dövlətin maliyyə yükü də böyük olmaz”.