logo
facebook logo instagram logo linkedin logo youtube logo
logo

Copyright © 2026 “Ekonomiks” | Bütün hüquqlar qorunur

Siyasət

ABŞ və Çin arasında hərbi toqquşma olacaq – müharibələrin yekun ssenarisi açıqlandı

ABŞ və Çin arasında hərbi toqquşma olacaq – müharibələrin yekun ssenarisi açıqlandı

23/03/2026

2 dəq. oxu

Son illər dünyada müharibə və qarşıdurmaların sayı artıb. Rusiya–Ukrayna müharibəsi hələ də davam edir, eyni zamanda Yaxın Şərqdə İran–ABŞ–İsrail qarşıdurması diqqət mərkəzindədir. Bu hadisələr bir çox ölkədə narahatlıq yaradır. Hətta bəzi ekspertlər daha böyük müharibələrin olacağını iddia edir.

Hazırkı vəziyyətdə bu qarşıdurmaların daha böyük müharibəyə çevrilmə ehtimalı varmı? Bu proseslər gələcəkdə dünyaya necə təsir edə bilər?

Sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bu gün dünya illərdir haqqında danışılan yenidən format olunma prosesini yaşayır:

“Nə yazıq ki, bu proses qanlı müharibələr yolu ilə keçilir. Dünyanın yenidən bölüşdürülməsi müharibələrsiz mümkün idimi? Əsla, yox! Böyük güclər tərəfindən dünya düzəninin köklü şəkildə dəyişməsi kimi bir hədəfin reallaşdırılmasının alternativ variantları mümkün deyil. Söhbət tarix boyu üzərində davalar getmiş iqtisadi və biznes maraqlarının yenidən bölüşdürülməsindən gedir. Ona görə də bu prosesin qanlı müharibələrdən keçməsi qaçılmazdır. Və bu gün biz bu müharibələrin şahidiyik. Dünən və bu gün baş vermiş, hazırda davam edən müharibələr dünyanın düzənini köklü şəkildə dəyişmək üçün yetərli olacaqmı? Bu heç inandırıcı görünmür”.

Sabiq nazirin sözlərinə görə, görünən budur ki, yaxın iki il ərzində mövcud müharibələrin miqyası genişlənərək indikindən qat-qat böyük olacaq:

“Beləliklə, sonda bu müharibələr dünyanın iki nəhəngi – ABŞ və Çin arasında hərbi toqquşma ilə yekunlaşacaq. İki nəhəng arasında başlanacaq hərbi toqquşma hər şeyi həll edəcək. Bir sözlə, bu toqquşma iki nəhəng arasında dünyanı tamamilə məhv edəcək nüvə müharibəsi astanasına gəlib çatdıqda, tərəflər masa arxasına oturub, dünyanın müxtəlif bölgələrindəki resurslara və kommunikasiyalara kimin hansı pay ölçüləri ilə nəzarət edəcəyi barədə razılığa gələcəklər.

Çin bu məsələdə ABŞ-la tam ortaq olub, resurs və kommunikasiyaların 50 faizinə sahiblənmək istəsə də, ABŞ buna imkan verməyəcək. Nəticədə Çin ona 25 faiz payın verilməsi təklifini qəbul etmək məcburiyyətində qalacaq. ABŞ-ın bu gün Venesuela, Panama, Qrenlandiya və İranda Çinə qarşı açdığı pərdəarxası müharibənin əsas hədəfi də budur”.

Fikrət Yusifovun fikrincə, iki nəhəng arasında hərbi qarşıdurma 2027-ci ilin sonları və ya 2028-ci ilin əvvəllərində baş verəcək:

“Ona qədər isə ABŞ–İsrail cütlüyünün İrana qarşı başlatdığı müharibənin miqyası genişlənəcək, bu müharibəyə daha çox dövlətlər qoşulacaq və bundan sonra ona üçüncü dünya müharibəsi statusu veriləcək!”

Zaira Akifqızı

Yazının mənbəyi