Ermənistan parlamentinin sədri Alen Simonyan müavinləri ilə birgə üç günlük səfərlə Moskvaya gedib.
Moskva əleyhinə açıqlamaları ilə tanınan Simonyan səfərindən az əvvəl Rusiyanın Zəngəzur dəhlizi layihəsində iştirakını "absurd" adlandırmışdı. Odur ki, sual yaranır: İrəvanın ikibaşlı mövqeyi nədən qaynaqlanır?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov burada qeyri-adi heç nə görmür. O, səfərlə bağlı Musavat.com-a bunları deyib: "Ermənistan bu gün Rusiyadan asılılıqdan və ilk növbədə iqtisadi asılılıqdan qurtarmaq üçün nə qədər səylər göstərsə də, bu problemin həlli üçün ona müəyyən zaman lazımdır. O səbəbdən parlament spikerinin Moskvaya səfərində qeyri-adi heç nə yoxdur. Bu gün Ermənistan Zəngəzur dəhlizinin açılması, Azərbaycanla olan dəmir yol əlaqələrinin bərpası istiqamətində müəyyən işlər görməyə məhkumdur. Lakin Ermənistanın dəmir yollarının istismarı 30 il müddətinə Rusiya dəmir yolları idarəsinin törəmə şirkətinə icarəyə verilib. Deməli, İrəvan bu kimi məsələlərin həlli üçün Moskva ilə danışıqlar aparmağa məhkumdur".
Fikrət Yusifov hesab edir ki, Rusiyaya qarşı kəskin çıxışlar edən spikerin bu ölkəyə səfəri təəccüb doğurmamalıdır, çünki ən kəskin çıxışların müəllifi baş nazir Nikol Paşinyandır: "Ancaq buna baxmayaraq, Paşinyan. Rusiyaya dəvət aldığı bütün tədbirlərə qatılır".
Cavanşir ABBASLI,
Musavat.com
