XƏBƏRLƏR
Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun 2025-ci ilin ilk doqquz ayı üzrə maliyyə hesabatlarını, eləcə də fondun 2026-cı il üçün büdcə parametrlərini təhlil edib. Hesablama Palatası bildirir ki, 2025-ci ilin ilk doqquz ayı üçün daşınmaz əmlak alt portfeli üzrə faktiki gəlir mənfi 0,8 faiz təşkil edib. Yəni ziyan edilib.
Fondun vəsaitlərinin istifadəsi ilə bağlı bir sıra açıq qalan ciddi suallar var. Məsələn, Neft Fondunun üst-üstə 5 milyard dollardan çox vəsait yatırdığı STAR neft emalı zavodu və Cənub Qaz Dəhlizi layihələrindən 2025-ci ildə 396 milyon manatdan yuxarı dvidend gəliri daxil olmalıydı. Lakin hesabatda həmin vəsaitdən əsər-əlamət yoxdur. Üstəlik, 2026-cı ildə də bu istiqamətdən hər hansı vəsait gözlənilmir. Belə olan halda həmin 5 milyardın taleyi “qaranlıq” qalır...Nə baş verir?
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, istənilən dövlət qurumunun fəaliyyətində şəffaflıq və aşkarlıq təmin edilməlidir:
“Bizim ölkədə neft dövlətə məxsus enerji resursudur. Azərbaycan Respublikası Konstitusiyanın 2-ci maddəsində deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Deməli, dövlətə məxsus nə varsa, onlar eyni zamanda xalqa məxsusdur. Belə olduqda dövlətə məxsus resursların istifadəsi ilə bağlı bütün məlumatlar açıq olmalı və istənilən vətəndaşın bu məlumatlara əlçatanlığı təmin edilməlidir. Dövlət Neft fondunun rəsmi internet saytında fondun vəsaitlərinin daxil olması və istifadəsi barəsində demək olar ki, məlumatlar mövcuddur. Yaxşı olardı ki, bu sırada Fondun vəsaitlərinin istifadəsi sahəsində səmərəlilik göstəricilərinin təhlilinə dair obyektiv məlumatlar da öz əksini tapsın, yəni aidiyyatı qurumların rəsmi internet səhifələrində yalnız yaxşı nəticələr deyil, neqativ nəticələr də əks etdirilsin və onların baş vermə səbəbləri izah olunsun”.
Sabiq nazirin sözlərinə görə, hansısa məlumatların əks olunmaması prossesləri izləyən vətəndaşlarda və ya mətbuat orqanlarında suallar yaradır:
“Məsələn, Sizin verdiyiniz “Neft Fondunun üst-üstə 5 milyard dollardan çox vəsait yatırdığı STAR neft emalı zavodu və Cənub Qaz Dəhlizi layihələrindən 2025-ci ildə 396 milyon manatdan yuxarı dvidend gəliri daxil olmalıydı” sualında olduğu kimi... Gözlənilən vəsaitlər daxil olmayıbsa və ya növbəti ildə də onların daxil olması proqnozlaşdırılmırsa, deməli bunun bir izahı var. Bax, o izahatı mütləq müvafiq hesabata əlavə etmək lazımdır ki, kimlərsə bu barədə məlumatların olmaması səbəbindən müəyyən ehtimallarla çıxış etməsinlər. Məlumat boşluğu dezinformasiyanın yaranmasının birinci mənbəyidir. Dövlət qurumlarımız bunu unutmamalıdılar.
Bu sırada məni də bir maliyyəçi, iqtisadçı kimi düşündürən suallardan biri də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin göstərdiyi xidmətlərdən topladığı vəsaitlərin taleyi ilə bağlıdır. AYNA adlanan bu təşkilatın Bakı şəhərində parklanma nəticəsində əldə etdiyi vəsaitlərin həcmi və istifadəsi haqqında heç bir məlumat tapmaq mümkün deyildir. Lakin bu məlumatların AYNA-nın rəsmi internet səhifəsində olması gərəkdir. Çünki parklanma üçün pullar vətəndaşlardan yer haqqı kimi alınır. Unutmayaq ki, bu yer dolayısı ilə həm də vətəndaşa məxsusdur. Ona görə də vətəndaşın ödədiyi yer haqqının taleyi ilə maraqlanmaq hüququ var. Vətəndaş bilmək istəyir onun yer haqqı kimi ödədiyi pul bütövlükdə necə isrifadə olunur. Ona görə də dövlət qurumları bu məsələlərdə diqqətli və məsuliyyətli olmalıdılar”.
Etibar Seyidağa,
Musavat.com